[b]“Necə yəni transferə qarışmıram, kuklasan?” – Kamal Quliyev[/b]
20.07.2018 - 12:14
[b]“Necə yəni transferə qarışmıram, kuklasan?” – Kamal Quliyev[/b]

“Neftçi”nin bu vəziyyətdən çıxış yolu odu ki, nə qədər gec deyil, özlərinə başqa məşqçi axtarsınlar, yeni transferlər etsinlər”. Bu sözləri apasport.az saytına açıqlamasında veteran futbolçu Kamal Quliyev deyib.

 

Paytaxt klubunun Avropa Liqasının I təsnifat mərhələsində “Uypeşt”ə səfərdə 0:4 hesablı məğlubiyyətini dəyərləndirən komandanın sabiq üzvü bunu biabırçılıq adlandırıb. O, bütün günahın baş məşqçi Roberto Bordində olduğunu bildirib: “Neftçi”nin dünənki çıxışı biabırçılıqdı. “Neftçi”də işləyən Mirbağır İsayevi, Mahmud Qurbanovu, hətta akademiyadan hansısa məşqçini Bordinin yerinə gətirsəydilər, bu mərhələni adlayardı. Buna tam əminəm. Rəqib zəif komanda deyildi. Hələ ilk oyunda 3:1 hesablı qələbədən sonra demişdim ki, şanslar yarı-yarıyadı. Sadəcə, 2 top öndə çıxdığın matçda necə 0:4 hesabı ilə məğlub ola bilərsən, bunu başa düşə bilmirəm”.

 

“Neftçi”nin həm futbolçusu, həm də məşqçisi olmuş 42 yaşlı mütəxəssis klubdan uzaqlaşdırılmasına baxmayaraq, yenilgiyə məyus olduğunu söyləyib: “Baş məşqçiyə deyən lazımdı ki, taktiki gedişin, heyətdəki dəyişikliklərin özünə qalsın. Belə vaxtda eksperiment apararlar? Gülünc vəziyyətdi. Vallah, bunu acığımdan yox, “yandığımdan” deyirəm. Məni ordan çıxarmaları və digər məsələlər boş şeydi. Əbədi heç nə yoxdu. Onlar da nə vaxtsa gedəcəklər, elə bilməsinlər ki, ömürlük ordadılar. Necə ki, “Sumqayıt” – “Neftçi” oyunundan əvvəl dünya futbol tarixində görünməyən dəyişiklik etdilər, burdan gedişləri də olacaq. O klubda 8 illik zəhmətim var, buna görə kənardan baxıb, “yanıram”. Onlar üçün isə “Neftçi” sadəcə, iş yeridi. Bu klubun ağrısını, acısını, sevincini mən yaşamışam. Bu haqsızlıqlara baxıb “odlanıram”. O qədər haqsızlıq edib, günaha batıblar ki, Allah da bunu başlarına gətirir”.

 

Rəhbərliyin transfer siyasətinə toxunan Quliyev çıxış yolunu da göstərib: “150-200 minlik oyunçular Avropa Liqasının I təsnifat mərhələsini adlaya bilmirlərsə, gec olmamış məşqçi qarışıq müqavilələrini qoysunlar qoltuqlarına, yola salsınlar. Bu məşqçinin 300 min bir tərəfə, heç 30 min qiyməti yoxdu. Çünki o, öz bacarığını göstərdi. 3:1 hesablı qələbə o deməkdi ki, lotereya qazanmışdı. Rəhbərlik öz savadına uyğun məşqçi gətirib. Baş məşqçi deyirsə ki, mən transfer işinə qarışmıram, bu onun zəifliyidi. Futbolçunu rəhbərlik yox, məşqçi oynadır. Məşqçi rəhbərliyə deməlidi ki, bu futbolçunu istəyirəm, get, gətir. Necə yəni transferə qarışmıram, kuklasan? Elədisə orda niyə dayanmısan, deməli, idarə olunursan. Özünə hörmət edən məşqçi bu sözü deməz”.

0