[b]“Neftçi” rəhbərliyi 7 ayın təzminatını vermək istəmir” – Kampaz FİFA-ya üz tutur[/b]
25.06.2018 - 14:24
[b]“Neftçi” rəhbərliyi 7 ayın təzminatını vermək istəmir” – Kampaz FİFA-ya üz tutur[/b]

“Neftçi”də əsas komandadan uzaqlaşdırılan kolumbiyalı yarımmüdafiəçi Mayk Kampazın apasport.az saytına müsahibəsi

 

- Rəhbərlik əsas komandadan uzaqlaşdırılacağınızla bağlı sizi öncədən xəbərdar etmişdimi?

- Hər kəsin bildiyi kimi, baş məşqçinin istəyi ilə komandaya gətirilmişdim. Mən istirahətdə olanda, baş məşqçi menecerimlə əlaqə saxlayıb, vəziyyətimlə maraqlanmışdı. Agentim mənə dedi ki, yeni mövsümün hazırlığı üçün baş məşqçinin planlarına daxiləm və komandaya qoşulacam. Ancaq bura gəldikdən sonra sürprizlə qarşılaşdıq. Gördük ki, rəhbərlik müqaviləmizi pozmaq niyyətindədi.

 

- Müqavilənin ləğvi müqabilində sizə təzminat haqqı təklif edilməyib?

- Onlar əvvəlcə vəkilləri vasitəsilə müqaviləni təzminatsız pozmaq istəyirdilər. Ardından mənə iki dəfə müxtəlif şərtlər təklif etdilər. Ancaq buna qane ola bilməzdim. Çünki çox az pul verməyi fikirləşirdilər. Mən də bunu qəbul etmədim.

 

- Yeni baş məşqçi Roberto Bordinlə görüşmüsünüzmü?

- Bəli, iki dəfə görüşümüz oldu. İkinci görüşdə hətta menecerim də iştirak etmişdi. Lakin rəhbərlikdən bildirdilər ki, onların şərtlərini qəbul etməsək, məni əvəzedici heyətə göndərəcəklər. Lukas Qomezlə mənə dedilər ki, baş məşqçinin planlarına daxil deyilsiniz.

 

- Düşünmürsünüz ki, yanvara qədər əvəzedici heyətdə qalıb məşqlə kifayətlənsəniz, gələcək karyeranız məhv olar?

- Problemin həllini arzulayıram. Çünki məni uzun müddət əvəzedici heyətdə saxlaya bilməzlər. Üstəlik, həm mənim, həm də Lukas Qomezin maaşını verməyiblər. Bir neçə gün əvvəl Qomez məni ailəsi ilə qaldığı evə dəvət etdi. Onlarla qalmağa başladım. Çünki klub tərəfindən ayrılmış evdən çıxmalı oldum. Həmçinin istifadə etmək üçün mənə verdikləri avtomobili də əlimdən aldılar. Müqavilənin şərtlərinə əməl etmədilər.

 

- Neçə aydı maaş almırsınız?

- İstirahətə getdiyimiz vaxtdan bəri pul almıram. Yəni may və iyun aylarının pulunu hələ verməyiblər. Burda yalnız fevral, mart və aprelin maaşını almışam. Belədə təbii ki, insan çətin durumla üzləşir.

 

- Rəhbərliyin şərtləri nələrdi?

- Müqavilənin qarşılıqlı razılıqla ləğvini təklif etdilər. Klubla sözləşməm yanvara qədərdi. Rəhbərlik isə qalan 7 ayın təzminatını vermək istəmir. Cəmi 2 aylıq maaşı verib müqavilənin ləğvinə çalışdılar. Bu, ədalətsizlikdi. Təbii ki, mən də razılaşmadım.

 

- Düşdüyünüz durumla bağlı şikayət etmək fikriniz varmı?

- Vəkilim baş verənlərin hamısından xəbərdardı. Sevilmədiyim yerdə qalmaq istəmirəm. Amma ədalətli şərtlər müqabilində dediklərini edərəm. Əgər ortaq məxrəcə gələ bilməsək, yəqin ki, vəkilimlə menecerim birlikdə FİFA-ya şikayət məktubu hazırlayacaqlar. Onlar bütün prosesləri diqqətlə izləyirlər.

 

- Maaşınız nə qədərdi?

- Bu, məxfidi. Ancaq ümid edirəm ki, sadə bir məsələ mürəkkəb forma almadan tezliklə həllini tapar. “Neftçi” kimi böyük klubun sadə bir məsələ üçün bu vəziyyətə düşəcəyini ağlıma gətirməzdim.

0