22 Oktyabr 00:25 “Neftçi” uduzdu, debütantın liderliyi davam edir
FUTBOL xəbərləri 22 Oktyabr 00:25
757 baxış

“Neftçi” uduzdu, debütantın liderliyi davam edir

Bu gün futzal üzrə Yüksək Liqada III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ABU Arenada baş tutan turun ilk oyununda “Yasamal” qələbə qazanıb.

 

Kifayət qədər gərgin keçən oyunun son dəqiqəsində komandalar hərəyə bir qırmızı vərəqə almaqla yadda qalıb. Digər maraqlı məqam isə “Xəmsə”nin üç dəfə 10 metrlik zərbədən yararlana bilməməsidir.


Turun ikinci oyununda isə qollar fasilədən sonra vurulub. Birinci hissədə hər iki komandanın cəhdlərinə baxmayaraq, qolkiperlər hesabın açılmasına imkan verməyib. Amma fasilədən sonra debütant əbəs yerə turnir cədvəlinin zirvəsində qərarlaşmadığını göstərib. Hesabda geri düşən EKOL-un beşinci oyunçudan istifadə etməsindən də maksimum istifadə edən lider ardıcıl qollar vurub. Nəticədə debüt etdiyi Yüksək Liqada üçüncü qələbəsini qazanan “Marafon Futsal” liderliyini bir qədər də möhkəmləndirib.
 

Tura isə “Neftçi” İK – “FK.İD.Futsal” qarşılaşması ilə yekun vurulub. İlk iki oyunda yaxşı çıxış etməsinə baxmayaraq məğlub olan “FK.İD.Futsal” qarşılaşmaya sürətli başlayıb. Tezliklə təcrübəli Fərəczadə hesabı açmaqla sabiq komandasını cəzalandırıb. Debütant fasiləyə qədər daha 2 qol vurmağı bacarıb. Əvvəlcə Fərəczadə dubl etməklə komandasının üstünlüyünü 2 topa çatdırıb. Ardınca İsmayılov tabloda dəyişikliyə səbəb olub.
 

İkinci hissədə “Neftçi”nin oyunda dönüş edəcəyini gözləmək olardı. Ancaq əks-hücumlara üstünlük verən nominal qonaqlar İbrahimxəlilovla üstünlüyünü 4 topa çatdırıb. Millinin sabiq üzvü Fərəczadə rəqibin beşinci oyunçu ilə mübarizə aparmasından istifadə edərək, qarşılaşmanın sonuna qədər het-trikini rəsmiləşdirib. “Neftçi” sona 2 dəqiqə qalmış rəqib qapısına yol tapa bilib. Ardıcıl vurulan 2 qol təsəllidən başqa bir işə yaramayıb.

 

"Xəmsə" - "Yasamal" FK 4:5

Qollar: S. Əmirov, 5:43, 22:54, Y. Ağakərimzadə, 27:38, Ə. Həsənov, 40 (10 m.) – M. Cahandost, 1:53, 26:47, 39:23, O. Oraz, 15, R. Toloui, 28:32

 

EKOL – "Marafon Futsal" 0:4

Qollar: S. Çoodarzi, 29:48, S. Məmmədov, 36:44, R. Sultanov, 38:23 (p), M. Moravati, 38:49
 

"Neftçi" İK – "FK.İD.Futsal" 2:5

Qollar: M. Eybeli, 38:27, O. Baxşəli, 39:27 – R. Fərəczadə, 1:17, 5:49, 36:32, N. İsmayılov, 13:32, E. İbrahimxəlilov, 28:39

 

Xəbər lenti