[b]"Neftçi"nin legioneri baş məşqçini təkzib edir - MÜSAHİBƏ[/b]
15.10.2017 - 22:15
[b]"Neftçi"nin legioneri baş məşqçini təkzib edir - MÜSAHİBƏ[/b]

Premyer Liqanın VIII turunda "Səbail"i 4:0 hesabı ilə məğlub edən "Neftçi" klubunun çilili hücumçusu İqnasio Herrera qarşılaşmadan sonra jurnalistlərə müsahibəsində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- 30 yaşınızı qeyd etdiyiniz görüşdə hesabı açdınız. Bu münasibətlə və oyunla bağlı fikrinizi bilmək istərdik...

- Əvvəlcə "Qarabağ"ın futbolçusu Donal Gerryeyə ailəsində baş vermiş itkiyə görə səbr diləyir, möhkəm olmasını arzulayıram. Hər bir futbolçunun başına gələcək hadisədi. Acısı bizim acımızdı. Onunla bir yerdəyik, lazım olan köməkliyi etməyə hazırıq. Oyuna gəlincə, ciddi hazırlaşmışdıq. Çempionatdakı fasilə müddətində rəqibimizi yaxşı təhlil etdik. Bu matçda qələbə bizə hava-su kimi lazım idi. Komanda şəklində yaxşı mübarizə apardıq. Həm müdafiədə, həm də hücumda inamlı oynadıq və bu qələbə qarşıdakı turlarda bizə stimul verəcək. İndi bu qarşılaşmanı unutmalı, “Kəpəz”lə çətin sınağa hazırlaşmalıyıq.

 

- Baş məşqçiniz Tərlan Əhmədov bildirib ki, komandada qruplaşma var idi, onu aradan qaldırdım. Doğurdanmı, vəziyyət bu cür idi?

- Şəxsi fikrimi bildirəcəm. Komandaya gəldiyim gündən bu günə kimi heç bir qruplaşmada iştirak etməmişəm, bundan sonra da belə fikrim, niyyətim yoxdu. Ümumiyyətlə, komandada hansısa qruplaşmanın şahidi olmamışam. Sadəcə, dil amili hansısa məqamda rol oynaya bilər. Yəni, mən ispanca danışıram və oturub-duranda da çalışıram dilimi anlayan insanlarla oturum . Amma qruplaşma heç vaxt olmayıb.

 

- Əvəzlənən vaxt sanki bir qədər məyus oldunuz. Doğum günündə sona qədər oynayıb, dubl etmək istəyirdiniz?

- Rəqibin zəif nöqtəsini tapmışdıq və istəyirdim dubl edim. Əvəzlənən vaxt da hirsli olduğumu gizlətməyə, bunun kənardan müşahidə edilməməyinə çalışdım. Bu özümdən asılı deyil. Hər bir futbolçu istərdi ki, sona qədər oynasın.

 

- Oyundan əvvəl “Neftçi” ilə müqavilənizin müddətini artırdınız. Şərtlər sizi qane edir?

- Peşəkar futbolçuyam. Müqaviləmi artırsalar da, artırmasalar da məşqlərimi əvvəlki tək edirəm. Bu cür amillər məşq etməyimə oyunuma təsir etmir. İlk gündən dəstəyini, köməyini əsirgəməyən hər kəsə təşəkkür edirəm.

 

- Karyeranızda əvvəllər də ad gününüzdə meydana çıxdığınız və qol vurduğunu oyun olub?

- Bir dəfə olub, Çilidə çıxış edən zaman, amma oyunu tam dəqiqliyi ilə deyə bilməyəcəm.

 

0