[b]“Nəticəyə oynamağı da bacarmalısan” - Vaqner [/b]
19.07.2018 - 01:01
[b]“Nəticəyə oynamağı da bacarmalısan” - Vaqner

[/b]

“Oyundan öncə baş məşqçimiz matçın çətin olacağını bildirmişdi. Biz də bunun şahidi olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın qapıçısı Vaqner deyib.

 

Çempionlar Liqasının I təsnifat mərhələsinin “Olimpiya” ilə Bakıdakı oyundan (0:0) sonra qolkiper jurnalistlərin suallarını cavablandırıb: “Əlbəttə ki, hər qarşılaşmaya qələbə üçün çıxırıq. Bəzən növbəti mərhələyə yüksəlmək üçün nəticəyə oynamağı da bacarmalısan. Çətin matç olsa da, sonda istəyimizə çatdıq”.

 

- Meydanda rahat olmağınız adaptasiyanı asanlıqla keçməyinizlə bağlıdı?

- Uyğunlaşma prosesini tam arxada qoyduğumu deməzdim. Rahat oynamağım isə təcrübə ilə bağlıdı. Braziliyada istirahətdə idim. Cəmi 4 məşqdən sonra ilk matça çıxdım. Bundan sonra daha bir həftə komandayla hazırlıq keçmişəm. Psixoloji cəhətdən həmişə özümü hazırlıqlı saymışam.

 

- “Olimpiya” ilə qarşılaşmalarda ciddi işiniz olmadı. Bu matçlar sizin nəyə qadir olduğunuzu tam göstərmədi...

- Sizinlə razıyam. Bu tip oyunlarda qapıya zərbələr az gəlir. Amma belə qarşılaşmalar da çətindi. Çünki bəzən oyundan qopmalar, yayınmalar olur və gözlənilməz zərbə ilə rastlaşırsan. Bu səbəbdən 90 dəqiqə diqqətini itirməməməlisən. Zərbələr daha çox olduqda qapıçıya nisbətən asan olur.

 

- Adaptasiya ilə bağlı çətinlik çəkmədiz. Bunda “Boavişta”dakı komanda yoldaşın Kamran Ağayevin rolu oldumu? Onu Portuqaliyadan xatırlayırsızmı?

- Kiçik ölkələrin çempionatlarını izləməyi xoşlayiram. Kamran da, Emin Mahmudov da “Boavişta”da olanda onlarla Azərbaycan futbolu barədə söhbət etmişik. Ötən il “Qarabağ”ı Çempionlar Liqasında izləyirdim. Bu komandanın sistemini bəyənirəm. Bu üzdən adaptasiya ilə bağlı çətinlik görmürəm.

 

- “Qarabağ” İslandiya yığmasının qapıçısı Hannes Haldarssonu da heyətinə qatıb. Əsas heyətə düşməklə bağlı çətinliklə üzləşməyəcəksiz?

- Bu məni narahat etmir. Sonradan gəlsəm də Belçika çempionatında İsrail yığmasının, Portuqaliyada Azərbaycan millisinin qapıçısını əsas heyətdən sıxışdıra bildim.

 

- Yeri gəlmişkən, Kamranın “Boavişta”dan ayrılmağı nə ilə bağlı idi?

- Mənə aid olmayan məsələləri bilmirəm. Komandaya gəldiyimdən bir müddət sonra Ağayev klubdan ayrıldı.

0