[b]“O epizod qırılma anı oldu” – Zaur İsmayılov[/b]
19.07.2018 - 23:24
[b]“O epizod qırılma anı oldu” – Zaur İsmayılov[/b]

“Səfərdəki top fərqini aradan qaldırmaq çox çətin idi. “Baltsan”ın necə vaxt apardığını özünüz gördünüz. Evdə də belə oynamışdılar”. Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçi səlahiyyətlərini yerinə yetirən Zaur İsmayılov deyib.

 

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Baltsan”a səfərdə böyük hesabla yenilən (1:4) paytaxt təmsilçisi cavab görüşündə 2:1 hesablı qələbə qazansa da, mübarizəni dayandırıb.

 

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında İsmayılov bu sözləri deyib: “Müdafiədə oturan komandaya qarşı oynamaq çətindi. Şanslarımız çox oldu, amma alınmadı. Təəssüf ki, uduzduq. “Baltsan”ı təbrik edirəm”.

 

- Vaqif Cavadovla Fuad Bayramov niyə ehtiyatda qaldı? Həqiqətən də, problem var?

- Oyunun gedişində hücumameylli oyunçular buraxdıq. Açığı, fikirləşirdik. Amma belə qərar verdik.

 

- Məmməd Quliyevin kobud səhvi oyunun qırılma anı sayıla bilər?

- Məmməd girəndən sonra qol vurduq. Texniki səhv oldu. Daha öncə də belə səhv etdi. Bəli, o epizod qırılma anı oldu. 2-3 dəqiqəyə nəsə etmək olardı. Amma bu, futboldu.

 

- Baş hakimdən razı qaldınız? Oyun zamanı futbolçuları sakitləşdirirdiniz. Hakimlərə etiraz etmirdiniz…

- Dördüncü və yan xətt hakiminə etirazlar edirdim. Qapıçı ilk saniyədən vaxtı uzadırdı. Hakim etirazlar zamanı bizim lehimizə qərar vermirdi.

 

- Zaur Axundov matçdan sonra paltardəyişmə otağında futbolçulara nə dedi?

- Hamıya təşəkkür etdi. Gördü ki, şanslarımız oldu. Bildirdi ki, ilk oyunda səhvlərdən 4 qol buraxdıq.

 

- Vaqif Cavadovla Fuad Bayramov “Keşlə”də qalacaqlar?

- Bəli, onlar komandada qalacaqlar.

 

- “Keşlə”də qalacaqsınız?

- Fikirləşirdim ki, mərhələ keçsək, şans qazanaram. Təəssüf ki, qalib gəlmədik. Heç nə bilmirəm.

0