16 Mart 17:44 “O, futbolumuzun ədviyyatı, istiotu, duzu idi”
FUTBOL xəbərləri 16 Mart 17:44
6174 baxış

“O, futbolumuzun ədviyyatı, istiotu, duzu idi”

Bu gün vəfat edən “Neftçi”nin keçmiş baş məşqçisi Böyükağa Hacıyev sonuncu mənzilə yola salınıb. Apasport.az saytının məlumatına görə, mərhumun dəfn mərasimində idman ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

 

Belə ki, Hacıyevlə vidalaşmaq üçün Keşlə qəbiristanlığına Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, Azərbaycan Futzal Federasiyasının və “Keşlə” klubunun prezidenti Zaur Axundov, “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov, “ağ-qaralar”ın sabiq vitse-prezidenti Tahir Süleymanov, “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov, futbolçusu Rəşad Sadiqov, “Sumqayıt”ın müdafiəçisi Rail Məlikov, “Bakı” klubunun sabiq rəsmisi Yaşar Seyidov, Məşqçilər Komitəsinin üzvləri - Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Şakir Qəribov, futbol veteranları – Oqtay Abdullayev, Nadir Qasımov, Babək Alxasov, Bəxtiyar Musayev, Cahangir Həsənzadə, AFFA, PFL, Azərbaycan Cüdo Federasiyası və “Neftçi” klubunun nümayəndələri, eləcə də media mənsubları yollanıblar.

 

İdman ictimaiyyətinin nümayəndələri mərhumla bağlı fikirlərini səsləndirib, Böyükağa Hacıyevlə bağlı xatirələri danışıblar. Mərhumu kiçik övladı Rüstəm Hacıyev də yad edib.

 

 

“Bunu öz insaniyyətlərinə buraxıram”

 

Rüstəm Hacıyev (Böyükağa Hacıyevin oğlu): “Ən pis günümüzdü. AFFA rəhbərliyinə minnətdarlığımızı bildiririk. Hər zaman yanımızda oldular. Başda Rövnəq Abdullayev və Sadıq Sadıqov olmaqla, bizə dəstək verən hamıya təşəkkür edirik. Bu gün də bütün xərcləri onlar qarşıladılar. Burda görmək istədiyim, amma görmədiyim adamlar da oldu. Amma nə deyə bilərəm? Bunu onların öz insaniyyətlərinə buraxıram”.

 

“Allah ona bir az da ömür versəydi...”

 

Sadıq Sadıqov (Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti): “Böyük itkidi. Onun ürəyi futbolla döyünürdü, son günə qədər futbolla yaşadı. Siz də bilirsiz ki, təxminən 1 ay öncə xəstəxanaya yerləşdirilmişdi, əziyyət çəkirdi. Qismət Allahdandı. Onunla bağlı keçmiş günlər yadıma düşür. Azərbaycanda futbol tarixi yazan məşqçilərdən, böyük mütəxəssis idi. Həm çılğınlığı, həm özünü istətməyi, həm də məşqçilik fəaliyyəti ilə fərqlənirdi. Jurnalistlərlə də yaxın ünsiyyətdə idi. Mətbuat konfranslarında dediyi sözlər yaddaşda qalırdı, heç vaxt şablon danışmırdı. “Böyüy”ün futbolu da şablon olmayıb, özünəməxsus baxışı var idi. Allah rəhmət eləsin. Danışmaq çox çətindi. “Neftçi”nin vaxtilə qazandığı uğurlarda böyük əziyyəti olub. Üstümüzdə haqqı var. Həmişə onunla söhbət edəndə deyirdim ki, Böyükağa, haqqını halal elə. Nəinki mənim, Azərbaycan futbolunun üstündə haqqı var. Avropa Liqasının qrupuna komanda çıxarmış ilk məşqçimizdi. Allah yerini cənnət etsin. Ölümü bir az qəfildən oldu, gözləmirdik. Allah bu gün buraya gələnlərin ölənlərinə də rəhmət eləsin. Bir Böyükağa sevən kimi, hamısına “çox sağ ol” deyirəm. Bu gün dəfn edilməsəydi, bundan da çox adam gələrdi. Azərbaycanda Böyükağasevərlər çoxdu. Ölüm icazəsiz gəlir. Ailəsi ilə əlaqəmiz var. Ölüm xəbərini saat 12-də oğlum zəng edib dedi. Futbolda onun əməyini hər kəs bilir. Amma həm də gözəl, dəyərli insan idi. İkinci Böyükağanın gələcəyini gözləmirəm. Allah bizləri elə yaradıb ki, heç kimi əvəz edən bir insan yoxdu. İnanmıram ki, onun kimi tarix yazan, Azərbaycan futbolunda öz dəsti-xətti olan məşqçi bir daha gəlsin. Həmişə deyirdi ki, mən hələ ən yüksək nəticəmi qazanmamışam. Qismət olmadı. Amma Allah ona bir az da ömür versə və şans yaratsaydı, nə desəydin, edərdi. Öz istəyinə həmişə nail olmaq istəyən adamlardan idi. Belə insan isə həyatda tək-tük olur”.

 

“Dedi ki, arının yuvasına çöp uzatdılar”

 

Rəşad Sadiqov (“Neftçi”nin təcrübəli futbolçusu): “Azərbaycan futbolu üçün ağır itkidi. İlk dəfə Azərbaycan klubunu Avroliqanın qrupuna çıxarıb. Açıqlamaları ilə daim gündəmə gəlirdi, rəng qatırdı. Rəqib məşqçilərə söz atmaları yadımdadı. Özünün fəlsəfəsi var idi. Kimsə ona söz deyəndə daha yaxşı cavab verirdi. Futbolçularla danışıq qabiliyyəti, motivasiya verməyi həddindən artıq yaxşı idi. Deyərdim ki, Azərbaycana gəlmiş-keçmiş ən yaxşı məşqçilərdəndi. Açığı, xəstəxanada olanda yanına getməmişdim. Arada toylarda görüşürdük. Doğrudan da, Azərbaycan futboluna çox xeyir verdi. Yadımda ən çox bir sözü qalıb. “Sumqayıt”a uduzandan sonra demişdi ki, arının yuvasına çöp uzatdılar. Sonra öz meydanımızda onları 8:1 hesabı ilə üstələdik. Matçdan sonra qayıtdı ki, gördüz, mən bildirmişdim axı arının yuvasına çöp uzatmayın”.

 

“Özümə borc bildim, gəldim”

 

Rail Məlikov (“Sumqayıt”ın təcrübəli müdafiəçisi): “Mən iki klubda – “Bakı” və “Neftçi”də Böyükağa müəllimin rəhbərliyi altında oynamışam. Hər ikisində çempionluğu dadmışam. Bu gün üzücü xəbəri aldıq və özümüzə borc bildik ki, gəlib, dəfn mərasimində iştirak edək. Digər futbolçuların gəlməməsi haqda bir söz deyə bilmərəm. Ola bilsin ki, xəbərləri yoxdu. Hərə özünə görə cavabdehdi. Mən borc bildim, gəldim. Çünki rəhbərliyi altında oynamışam, yaxşı nailiyyətlər qazanmışam”.

 

“Soruşdu ki, aprelin 20-si həftənin hansı gününə düşür?”

 

Ağasəlim Mircavadov (Məşqçilər Komitəsinin üzvü): “Biz həmişə rəhmətə gedəndən sonra adamı yada salırıq. Amma sağlığında bir iş görmürük. Qəribə haldı. Böyükağa müəllim son 3 il yarım vaxt ərzində bizimlə çalışdı. Bu yaxınlarda yanında olmuşdum. Onda rəhmətlik “Modern Hospital”da yatırdı. Yenə bizimlə zarafat elədi. Xəstəxanada darıxırdı, evə getmək istəyirdi. Özünə fikir vermədi. O, hər il həkimə getməli idi. Çünki illər öncə əməliyyat olunmuşdu. Bu il 60 yaşı tamam olmalı idi. Bizimlə oturub söhbət edəndə soruşdu ki, aprelin 20-si həftənin hansı gününə düşür? Bildik ki, həmin tarixdə yubileyi olmalıdı. Allah o dünyasını versin”.

 

“Həmin günlər yadıma düşdü”

 

Vaqif Sadıqov (Məşqçilər Komitəsinin üzvü): “Onunla bir-birimizi futbolçu vaxtımızdan tanıyırıq. Çox əziz insanı itirdik. Həmişə deyirdi ki, 60 illik yubileyimi keçirəcəm. Amma qismət olmadı, xəstəlik ona imkan vermədi. Sonuncu dəfə reanimasiyaya köçürülənə qədər söhbət etmişdik. Bundan sonra isə həkimlər onu görməyə icazə vermədilər. “Modern Hospital”da yatanda onunla zarafatlaşırdım. Bir dəfə soruşdu ki, “Neftçi” nə vaxt oynayır? Mən də dedim ki, sabah oynayır, stadion da yaxındadı, gələcəm dalınca. Çalışırdıq ki, çox fikirləşməsin. Amma qəflətən infarkt keçirməsi vəziyyətini ağırlaşdırdı. Həkimdən gündəlik məlumat alırdıq. AFFA rəhbərliyi ilk gündən son mənzilə yola salana qədər onun yanında oldu. Böyükağa müəllim buna layiq insan idi. Vida mərasimi zamanı Naxçıvanda, İranda birgə keçirdiyimiz, millidə işlədiyimiz günlər yadıma düşdü. Yeri cənnət olsun. O, hər birimizin yaddaşında qalacaq. Məşqçi və insan kimi dahi olduğunu sübut etdi”.

 

“Azərbaycan futboluna bundan da çox xeyir verə bilərdi”

 

Oqtay Abdullayev (“Turan Tovuz” klubunun Müşahidə Şurasının sədri): “Heyf, dünyasını dəyişdi. Allah ona rəhmət etsin. Dahi, futbolda iz qoyan insan idi. Onunla bir yerdə futbol oynamışdıq. Sonra Böyükağa Naxçıvanın komandasının, mən isə “Neftçi”nin baş məşqçisi olmuşdum. Son vaxtlar tez-tez bazaya gəlirdi. “Neftçi”də tarix yazdı. Azərbaycan futboluna bundan da çox fayda verə bilərdi. Axırıncı dəfə xəstəxanaya düşməmişdən öncə görüşmüşdük. Baxdım ki, vəziyyəti ağırdı, danışmağı, görməyi pisləşib. Dedim ki, özünə fikir ver, nə lazımdısa, biz də kömək edək. Çox yaxşı insan idi. Hamıya kömək edirdi, dəstək olurdu”.

 

“Ürəkli məşqçi idi, heç kəsə bənzəmirdi”

 

Babəl Alxasov (U-21 yığmamızın sabiq məşqçisi): “Onunla qısa müddətdə “Standart” komandasında işləyib, köməkçisi olmuşam. Azərbaycan futbolu savadlı məşqçini və maraqlı insanı itirdi. Onun titullarını sadalamaq istəmirəm. Böyükağa müəllim dadlı söhbətləri ilə daim yaddaşımızda qalacaq. Heç kəsə bənzəmirdi. Maraqlı əhvalatları var idi. Azərbaycan futbolunun ədviyyatı, istiotu, duzu idi. Sonuncu dəfə xəstəxanaya düşməmişdən qabaq danışmışdıq. Futbol təhlillərində heç kəsə bənzəmirdi. Ürəkli məşqçi idi. Əfsuslar olsun ki, az yaşadı”.

 

“Görüş yerimiz qəbiristanlıq oldu”

 

Nadir Qasımov (futbol veteranı): “Məşqçi kimi özünü təsdiqləməyi bacardı. Hansı komandaya dəvət alıbsa, orda dönüş yaradıb. Yaxın münasibətdə olmuşuq. Mən Böyükağanı Naxçıvanda oynayandan tanıyıram, onda o, uşaq idi. Açığı, xəstəxanada olduğunu gec bildim. Dünən veteranlarla görüşəndə dedik ki, sabah görüşüb, yanına gedək. Amma görüş yerimiz qəbiristanlıq oldu. Sonuncu danışığımız 2-3 ay qabaq olmuşdu. Məndən 8 yaş kiçik idi. Allah rəhmət eləsin”.

 

“Tez-tez söz atması məni istəməsindən idi”

 

Yaşar Seyidov (“Bakı”nın sabiq rəsmisi): “Böyükağa müəllim Azərbaycan futbolunda sözünü demiş məşqçi idi. “Neftçi”ni ölkə futbolu tarixində ilk dəfə Avroliqanın qrupuna çıxartdı. Əfsuslar olsun ki, aramızdan tez getdi. İndi istəməsin, mənə tez-tez söz atması məni istəməsindən idi. Mən onu məşqçi kimi həmişə qəbul etmişəm. Çünki “Bakı”nın çempionluq yaşamasında da xidmətləri olub. Bir-birimizi görəndə öpüşüb, qucaqlaşırdıq, heç nəyə fikir vermirdik”.

 

Tengiz MƏMMƏDOV

Xəbər lenti