[b]"Olimpiya" ilə oynamaq xoş idi" - Qurban Qurbanov[/b]
18.07.2018 - 23:25
[b]"Olimpiya" ilə oynamaq xoş idi" - Qurban Qurbanov[/b]

“Futbolçularımı təbrik edirəm. Belə isti havada bu cür mübarizə aparmaq alqışalayiqdi”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Çempionlar Liqasının I təsnifat mərhələsində “Olimpiya”nı qəbul edən Azərbaycan çempionu rəqiblə qolsuz bərabərə qalıb. Sloveniyadakı minimal hesablı qələbə sayəsində “Qarabağ” növbəti mərhələyə adlayıb.

 

Ağdam klubu II mərhələdə Albaniya “Kukesi”sinə rəqib olub. Oyunsonrası mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Futbol get-gedə taktiki mübarizəyə çevrilir, dəyişir. Çox yaxşı komandaya qarşı oynayırdıq. Oyunçularımız sona qədər əziyyət çəkdilər, düşündülər. Belə rəqiblə oynamaq xoş idi. Son vaxtlar bizi ən çox düşündürən rəqib idi. Şükür Allaha, sonda mərhələ keçən tərəf biz olduq. Azarkeşlərimizə təşəkkür edirəm. Xəbər çıxırdı ki, azarkeş az olacaq. Amma ilk oyuna görə çox yaxşı idi. Bundan sonra bizi daha çətin mübarizə gözləyir. Çempionlar Liqasına düşdükdən sonra rəqiblər bizə qarşı daha yaxşı hazırlaşır. Birlikdə daha yaxşı kollektiv olacağıq”.

 

- Dani Kintananın durumu nə yerdədi?

- Daninin zədəsi ola bilsin ki, ciddidi. Əzələ dartılmasıdı. Sabah müayinədən sonra bilinər.

 

- Növbəti mərhələdəki rəqib “Kukesi” olacaq. Bu barədə nə deyə bilərsiniz?

- Onların oyununa baxmamışam. Sabah baxacam. Belə komanalar xarakterə malik olurlar. Biz onların gücünü görmüşük. Həddən artıq diqqətli, məsuliyyətli yanaşmaq lazımdı.

 

- Rəqib komandanızı çox yordu. Bu yorğunluğun səbəbi hücumçu çatışmazlığı ola bilərmi?

- Bəli, çox yorulduq. Belə oyunlar futbolçuya böyük fayda verir. Onların gücü, ciddiliyi belə matçlarda daha yaxşı görünür. Bütün mövqelərdən, o cümlədən hücumdan razı qaldım. Hücum xətti bir oyunçudan ibarət olmur. Cinahdakılar da həm assisit, həm qol bacarığına malik olmalıdılar. Bəli, bəzi məqamlarda son nöqtəni qoya bilmədik. Amma komandadan razı qaldım. Hücumçu axtarışlarımız davam edir. Hər xətdə oyunçu sayının çox olmasını istərdim.

 

- “Kukesi” sizin üçün sirli komandadı. Rəqib barədə Rauf Əliyevdən məlumat toplamaq fikriniz varmı?

- Kimdənsə informsiya toplamaq lazım olsa, müraciət edə bilərik. Amma düşünürəm ki, məlumat toplaya biləcəyik. Hər hansı sualımız olsa, müraciət edəcəyik. Hər kiçik informasiyanın böyük önəmi var.

 

- Sanki oyun üslubunu bir qədər hücumameylli yöndə dəyişmisiniz...

- Rəqib elə idi ki, onlara qarşı pressinq futbolu tətbiq etmək lazım idi. İkinci hissədə oyun üslubunu bir qədər dəyişdik. Hər bir rəqibə qarşı fərqli oyun üslubunda çıxa bilərik. Futbol bunu tələb edir. Hər hansı komandaya qalib gəlmək üçün əvvəlcə onun qarşısını almaq lazımdı. Oyuna görə dəyişiklik var idi.

 

0