[b]“Onları zəncirləyəcəm” – Roberto Bordin[/b]
12.07.2018 - 23:39
[b]“Onları zəncirləyəcəm” – Roberto Bordin[/b]

“Nəticədən çox razıyıq. Oyunçularım qoldan sonra özlərinə gələ bildilər. Düşünürəm ki, çox epizodlarımız oldu və daha çox qol vura bilərdik. Namiqə görə üzgünəm, dizindən zədələnib. Hələ ki, durumunu dəqiq bilmirik". Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib.

 

Avropa Liqasının I təsnifat mərhələsində “Uypeşt”i qəbul edən paytaxt klubu meydanı 3:1 hesabı qələbə ilə tərk edib. İtaliyalı mütəxəssis qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

- Bu qələbə növbəti mərhələyə neçə faiz əminlik verir?

- Futbolda heç vaxt 100% zəmanət olmur. Sabahdan növbəti oyun üçün hazırlaşacağıq.

 

- İlk dəqiqələrdə komandada nə baş verdi?

- İlk 10 dəqiqədə də bizim şanslarımız var idi. Onlar ilk cəhddən qol vurdular. Bu da futbolda olur. Əsas 90 dəqiqədi.

 

- Hesab 1:1 olanda Karikarini meydana daxil etmək istəyirdiniz, Dabonun qolundan sonra fikrinizi dəyşib meydana müdafiəçi buraxdınız. Bu plan nə ilə bağlı idi?

- Bu, normaldı. Hesab bərabər olanda rəqibin müdafiə xəttini yarmaq üçün hücumçu ilə oynamaq istədim. Qol vurduqdan sonra müdafiəçini meydana daxil etdim, düşünürəm ki, normaldı. Bu qərarı daha çox qol vurmaq üçün qəbul etdim.

 

- Müdafiə probeminizin olduğunu düşünürsünüzmü? Əgər varsa, bu problem nə vaxt həll olunacaq?

- Birinci qolda səhvimiz var idi. Ancaq oyun ərzində rəqib şans qazana bilmədi. Bu da o deməkdi ki, bütün komanda müdafiəçilərlə birlikdə yaxşı müdafiə olundu. Əgər rəqibin 7-8 qol şansı olsaydı, sizinlə razılaşardım. Bu gün gördük ki, hələ ki, bu mövqedə ciddi problemimiz yoxdu. Müdafiəçilərin oyunundan çox razıyam.

 

- Komandanın fiziki göstəricisindən razı qaldınızmı?

- Çox razı qaldım. Çünki 10 dəqiqə Namiqsiz oynadıq. Bu zamanda komanda ikiqat gücünü ortaya qoydu.

 

- Hazırkı "Neftçi" sizin görmək istədiyiniz komandanın neçə faizidi?

- Fikrimcə, yaxşı başladıq. Oyunçuların xarakterindən razı qaldım. Uduzduğumuz oyunda qalib gəldik. Vaxtımız var, inkişaf edəcəyik. Hələ ki komandadan razıyam.

 

- Komandanın avrokuboklarda hədəfi nədi?

- Birinci oyunda məndən yaxşı nəticə istəyiblər. "Sevilya" barədə danışmamışıq, hələ hədəflər müəyyən olunmayıb.

 

- Komandada olan boşluqları doldurmaq üçün transfer edəcəksiniz?

- Biz qalib gəlmişik. Uduzmamışıq ki, səhvlərdən danışaq. Çatışmayan cəhətlərdənsə, qalib gəldiyimiz oyun haqda danışmalıyıq.

 

- Cavab matçından nə gözləyirsiz?

- Çox çətin olacağını gözləyirik. İlk oyundakı qələbəyə görə üstünlüyümüz var, bundan faydalanmağa çalışacağıq.

 

- Rəhman Hacıyevin əvəzetməsi nə ilə bağlı idi?

- Sistemi dəyişmək üçün bu addıma əl atdım. Həmçinin Rəhman bu gün bizə müdafiədə, yarımmüdafiədə, həm də hücumda çox kömək etdi. Çox işlədi. Digər səbəb də bu idi.

 

- Qapıçı və müdafiəçi arasındakı peşəkarlığa yaraşmayan və sərbəst zərbə ilə nəticələnən epizod barədə nə deyə bilərsiz?

- Onları zəncirləyəcəm (gülür). Qələbə qazanmışıq. Ona görə müdafiədən bu qədər danışmağa ehtiyac yoxdu. Mən o epizoda anlaşılmazlıq deyərdim. Qeyri-peşəkarlıqdan söhbət gedə bilməz.

0