12 Yanvar 00:01 “Onun “Qarabağ”a getməli olduğunu fikirləşirdim” – Ağasəlim Mircavadov
FUTBOL xəbərləri 12 Yanvar 00:01
2507 baxış

“Onun “Qarabağ”a getməli olduğunu fikirləşirdim” – Ağasəlim Mircavadov

Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

 

- Klublarımızın qış fasiləsindəki transfer fəaliyyətini kənardan izləyirsiz. Bu mənada diqqətinizi ən çox hansı komanda çəkir?

- Qışda yeni oyunçu gətirmək həmişə ağırdı. Çünki əksər futbolçuların öz klubları ilə müqavilələri olur. Diqqətimi daha çox “Kəpəz” çəkdi. Bu komanda təxminən 10 futbolçu göndərdi. Adətən belə olanda əlavə suallar yaranır. Lakin nəzərə almaq lazımdı ki, yeni məşqçi gəlib və o, işləmək istədiyi futbolçuları saxlayır, qalanlarını göndərir. Görünür, Yunis Hüseynov yeni oyunçular tapdığı üçün onlarla yolların ayrılmasına qərar verdi. Bəlkə də, komandadakı futbolçuların ümumi sayını azaltmaq istəyir. Heç kimin işinə qarışmaq istəmirəm.

 

- Çempionluğa bir nömrəli namizəd olan “Qarabağ” əsas “qol silahı” Dino Ndlovunu Çin klubuna satdı. Bu ayrılıq çempionatın ikinci yarısında Ağdam təmsilçisinə problem yarada bilərmi?

- Dinonun ayrılması “Qarabağ”ın çempionluq şansını azalda bilməz. Yenə qızıl medalları qazanmağa əsas namizəd onlardı, çünki üstünlükləri çoxdu. “Qarabağ” son illərdən fərqli, bu il bir titulu artıq əldən verib. Söhbət ölkə kubokundan gedir. Odu ki, çempionluğu də əldən buraxmaq istəməzlər.

 

- Ndlovunun yerinə yeni oyunçu transfer edilməlidi, yoxsa “Qarabağ” Ramil Şeydayev və Mahir Mədətov kimi hücumçularla da istəyinə çata bilər?

- “Qarabağ”ın o mövqedə oynaya biləcək futbolçuları var. İkincisi, Dino satılmasaydı, klub 1,5 milyon manat qazanmayacaqdı. Məhz onun Çin klubuna transferinin hesabına “Qarabağ”ın büdcəsi bir qədər zənginləşdi. Klubun öz imici var. Hansısa futbolçunu hazırlayır, sonra onu müəyyən məbləğ qarşılığında satır. Hesab edirəm ki, Ndlovunun satılması yerindən atılmış addımdı.

 

- “Qarabağ”ın çempionatdakı əsas rəqibi “Qəbələ” hələlik heyətini yalnız Təmkin Xəlilzadə ilə gücləndirib. Milliyə də çağırılan müdafiəçi “qırmızı-qaralar”a əlavə güc qata biləcəkmi?

- Təmkinin “Qəbələ”yə keçidi mənim üçün gözlənilməz oldu. Çünki onun “Qarabağ”a getməli olduğunu fikirləşirdim. Həm oyun üslubuna görə deyirəm, həm də bu iki klub arasında mehribanlıq var, “Zirə”nin məşqçiləri vaxtilə “Qarabağ”da çıxış ediblər. Yəqin razılaşa bilməyiblər və ya “Qarabağ” Təmkini istəməyib. “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk həmişə müsahibələrində ona yerli oyunçular lazım olduğunu deyirdi. Fikrimcə, Təmkin komandaya güc qatacaq. Ötən il milliyə də dəvət almağa başladı, pis təsir bağışlamır. Özündən də çox şey asılıdı. Təmkinin potensialı var, amma daim hazır olmalıdı.  

 

- Yuri Maksimovu baş məşqçi postuna gətirən “Keşlə”dən qış fasiləsindən sonra nə gözləyirsiz?

- Ötən ilin sonunda bu klubla bağlı pis xəbərlər yayıldı. Nizami Hacıyev və Mirhüseyn Seyidovu tanıyıram. Hələ də onların elə hərəkət etməsinə inanmıram. Mənə başqa məsələ maraqlıdı. Azarkeşlər sual verirlər ki, “Keşlə” imkanının yaxşı olmadığını deyir, amma xarici məşqçi gətirir. Əcnəbi çalışdırıcı buraya 3-4 minə görə gəlməz axı. Həmin məbləğə heç kimə lazım olmayanlar gəlir. Deməli, maliyyə var ki, xarici mütəxəssislə anlaşıblar.

 

- Avrokuboklara vəsiqələr uğrunda mübarizədə hansı komandaları şanslı sayırsız?

- Turnir cədvəli vəziyyəti göstərir. Hazırda 4-cü pillədə qərarlaşan “Sumqayıt”ın da avrokuboka çıxmağa şansı var. Amma bu komandada stabil oyun olmalıdı. Bir matçı yaxşı, digərini zəif keçirirlər. Bu, vacib məqamdı. “Sumqayıt” kubokda “Qarabağ” kimi rəqibi mübarizədən kənarlaşdırıb, yarımfinala adladı və bu mərhələdə “Keşlə” ilə qarşılaşacaq. Deməli, finala çıxmaq üçün yaxşı şans əldə ediblər. Qış toplanışında necə hazırlaşmaqdan da çox şey asılıdı.

 

- Rəşad Sadıqovun baş məşqçi təyin olunduğu 21 yaşadək futbolçulardan ibarət millimiz hazırda Antalyada toplanışdadı. Sabiq yetirmənizin U-21-i inkişaf etdirəcəyinə inanırsızmı? Bir də Sadıqov oyunçu karyerasını hələ bitirməyib. Paralel olaraq, “Qarabağ”ın futbolçusu və yığmanın məşqçisi kimi fəaliyyət göstərmək çətin olmayacaq?

- Özü bilən məsləhətdi. Amma eyni anda hər iki işi görmək çox çətindi. Futbolçuya gündəlik məşq lazımdı. Bunu edəndə də məşqçi kimi hansısa periodu buraxırsan. Mart ayında U-21-in oyunları olacaq. Özü qərar verməlidi.

 

- Əsas millinin baş məşqçisi Qurban Qurbanov ilk heyətini hələ də açıqlamayıb. Necə düşünürsüz, siyahıda yeni adlar görəcəyikmi?

- Nə yenilik ola bilər? Nə varsa, odu da. Əsas psixologiya məsələsi və futbolçunun özünü klubunda necə göstərməsidi. Bilirəm ki, Qurban Qurbanov bunlara fikir verəcək. 

Xəbər lenti