[b]Oxu, Ruslan, bəlkə “Neftçi” oyansın![/b]
20.07.2018 - 12:15
[b]Oxu, Ruslan, bəlkə “Neftçi” oyansın![/b]

Hər şeyin bir həddi var! Bu məktub məhz sənədi, Ruslan. Əvvəla ona görə ki, komandanızda bu məktubu oxuya biləcək yalnız sənsən. Nə qədər olmaya, start heyətində 7 legionerin olduğu bir komandadan danışırıq…


Bizi nə və ya kimlər bu günə saldı, Ruslan?! Aramızda 1 yaş fərq var. Mən uşaqlıqdan "Neftçi" fanatıyam. Mən elə bir məhəllədə böyümüşəm ki, orada ya "Neftçi" fanatı olursan, ya da ümumiyyətlə futbolla maraqlanmırsan. Şükür ki, mən birincilərdənəm. O vaxtlar "Neftçi" də birinci idi.


"Neftçi"ni vəsf etmək fikrindən uzağam - bu klubun tərifə ehtiyacı yoxdu! O bir əfsanədi! Axı biz futbolumuzun "flaqman"ından danışırıq. Məncə, siz əfsanənin bir parçası olduğunuzu unutmusunuz. Bəli, məhz siz və sən də o cümlədən! Artıq illərdi əfsanədən əsər-əlamət qalmayıb. Buna görə, sizə "təşəkkür" düşür!


Yəqin xəbərin var ki, siz (yalnız "Neftçi" yox) tarix yazdınız. Daha doğrusu, futbol tariximizi ləkələdiniz. Olmaz olsun belə tarix yazmaq! Etiraf edim ki, mən hansısa Bordinin, Dabonun, Mustivarın yox, məhz sənin "Neftçi"yə gəlişinə sevindim. Səndən gözləntilərimiz daha çox idi. Mən hər yerdə bu sözü demişəm: "Ruslan meydanda can qoyan oyunçudu!" Amma dünən 3 müxtəlif meydanda bizim futbolumuz can verirdi. "Allah şəfa versin!" demək istərdim, amma məncə futbolumuz xərçəng xəstəliyinə tutulub, özü də ən ağır mərhələsindədi.


"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyirdi ki, komandada legionerlərin sayı sıfıra enməlidi. Dediyi sözün izahını da vermişdi, yada salmağa ehtiyac duymuram. Amma dünənki oyuna 7 legioner və milliləşdirilmiş Məhəmməd Mirzəbəyovla çıxdınız. Nəticə budu ki, ya Çingiz bəyi eşidən yoxdu, ya da o da anladı ki, köhnə hamama yeni qayda gətirmək mənasızdı. Çingiz Abdullayev hər yerdə fəxrlə deyir ki, onun simvolik maaşı var -1 manat. Bu maaşı elə bizim futbolçulara da vermək lazımdı. Yəni, sərgilədikləri oyunun dəyəri ondan artıq deyil.


Yeri gəlmişkən, dünyaca məşhur yazıçı üçün bundan gözəl bir ssenari ola bilməz, amma o nədənsə bu bestselleri qələmə almır. Bəlkə nəyisə gözləyir... Bəlkə kulminasiya nöqtəsi (daha böyük rəzalət) hələ qabaqdadı. Uzaqgörən kişidi.


Yaxşı ki, Bəhram Bağırzadə vaxtında getdi. Bağırzadənin gəlişi də, gedişi də maraqlı alındı. Kimə nə deyir desin, amma bir şeyi dəqiq bilirəm ki, Bəhram "Neftçi"ni də, futbolu də dəli kimi sevir. Sadəcə, klub həddən artıq gülünc vəziyyətdədi və "Bakılı oğlan" bunu anladı. Bəhram güldürməyi bacaran adamdı, flaqmanımızın durumu isə tragikomedikdi.


Mən nə optimitsəm, nə də pessemist. Realistəm. Reallıq isə budu ki, biz dibdəyik və bu vəziyyətin yaxın illər ərzində dəyişəcəyi inandırıcı görünmür. Ruslan, inanıram ki, bu məktubu oxuyacaqsan və kapitanı olduğun klubun fanatından inciməzsən. Başqasına yazmıram, qardaş. Dost sözü acı olar. Başqası ya lağ-lağı edir, ya məktubun müəllifini döyür, ya da olar-olmaz söyüşlərlə reaksiya verir. Məncə elə bəlalarımız da bundan başlayır.


Hər şeyin bir həddi var... bizim səbrimizin də o cümlədən! Məktubumu oxu, Ruslan. Oxu ki, dahi Müşfiq demiş, bəlkə yarım  oyansın!

 

"Neftçi" fanatı İlkin ƏHMƏDOV

 

0