14 Mart 21:04 Pedro Enrike: Bu hadisə dönüşümə təsir etməyəcək - MÜSAHİBƏ
FUTBOL xəbərləri 14 Mart 21:04
2574 baxış

Pedro Enrike: Bu hadisə dönüşümə təsir etməyəcək - MÜSAHİBƏ

"Qarabağ"ın braziliyalı futbolçusu Pedro Enrike "Neftçi" ilə oyundan (0:0) sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Komandanız sanki ağır görünürdü. Bu, hava şəraiti ilə bağlı idi?

- Tamaşa olmadı, baxımlı oyun olmadı. Azarkeşlərimizdən üzr istəyirəm. Hər dəfə baxımlı oyun göstərmək olmur. Öz adıma deyirəm ki, bir qədər ağırlıq hiss edirdim. Amma 1 xalı da qənimət saymaq olar.

 

- Bəlkə ikinci yerdə qərarlaşan "Qəbələ" ilə aranızdakı böyük fərq sizdə arxayınlıq yaradır?

- Bununla əlaqələndirməzdim. "Qəbələ"nin xallar itirdiyi son turlarda bizim qalib gəldiyimiz oyunlar oldu. Əsas rəqibimizin bu turdakı xal itkisinin komanda yoldaşlarımda arxayınlaşma yaratdığını düşünmürəm. Sadəcə, bu gün belə alındı. Əlverişsiz hava şəraiti də sözünü dedi. Bir də "Neftçi" bizə çətinlik yaratdı.

 

- Müqavilə ilə məxsus olduğunuz PAOK-un başı dərddədi. Klubun prezidenti İvan Savvidis AEK-lə çempionat matçında hakimin qərarına etiraz etmək üçün meydana silahla girib. Hadisələri izləyirsizmi və baş verənlər sizin "Qarabağ"da qalmağınıza səbəb ola bilərmi?

- PAOK-un əksər oyunlarını izləyirəm. Orda çoxlu dostlarım oynayır. Kluba xüsusi sevgim var. PAOK-un prezidenti haqda onu deyə bilərəm ki, çox gözəl insandı. Məni "Renn"dən transfer edəndə böyük güc sərf etdi. Təbii ki, onun etdiyi hərəkət doğru deyil. Buna görə üzr istəyib. Ətrafında həmişə cangüdənləri olur. Düşünmürəm ki, o, silahla meydana çıxaraq, kimsə hədə-qorxu gəlmək istəyib. Yunanıstan futbolunda paytaxt Afinanın təsir gücü böyükdü. PAOK-un son vaxtlar qazandığı uğurlar qısqanclıq yaradır, buna görə də, belə hadisələr baş verir. O klub haqda xoş fikirdəyəm. Belə hadisələr dönüşümə təsir etməyəcək.

 

- PAOK-un prezidenti həmişə silahla gəzir?

- Mən heç vaxt görməmişəm, heç zaman göstərməyib. Onun kiməsə hədə-qorxu gəlmək fikri olmayıb. Cangüdənlə gəzən insanın silaha ehtiyacı olarmı?

 

- Son hadisədən sonra PAOK III liqaya göndərilə bilər...

- Düşünmürəm ki, FİFA kluba belə böyük cəza versin. PAOK, Yunanıstan azarkeşləri buna layiq deyillər. Həmin prezident PAOK və şəhər üçün çox iş görüb.

Xəbər lenti