[b]“Qarabağ” Albaniyada qol buraxmasa...[/b]
23.07.2018 - 13:15
[b]“Qarabağ” Albaniyada qol buraxmasa...[/b]

“Qarabağ” tarixinin rekordunu təkrarlamaq imkanı qazanıb. Apasport.az saytının məlumatına görə, bunun üçün Ağdam təmsilçisi Çempionlar Liqasındakı növbəti qarşılaşmada qol buraxmamalıdı.

 

İki gündən sonra II təsnifat mərhələsinin ilk oyununa çıxacaq Qurban Qurbanovun yetirmələri “Kukesi” ilə səfər matçında qapısını toxunulmaz saxlamalıdı. Albaniyadakı görüş təmsilçimizin ardıcıl 3-cü “quru” oyunu bilər.

 

Bu isə klub tarixinin avrokuboklardakı ən yaxşı göstəricisidi. Qitə miqyaslı turnirlərdə 1996-cı ildə debüt edən “Qarabağ” dəfələrlə üç matçlıq “quru” seriyaya imza atsa da, bu rekordunu artıra bilməyib.

 

Yenidən “3”ə çatmaq şansı olan komandanın ilk belə uğuru 2009-cu ildə olub. 9 il öncə ağdamlılar “Rusenborq” (0:0, 1:0) və “Honka”yla (1:0) görüşlərdə qol buraxmayıb. 2011-ci ildə “Brügge” ilə (1:0) başlayan növbəti seriya 2 il sonra Makedoniya “Metallurq”u ilə matçlarda (1:0, 1:0) davam edib.

2014-15-ci illərdə daha iki üçoyunluq seriya yaşanıb. Öncə “İnter” (0:0) və “Rudar” (0:0, 1:0), ardınca isə “Seltik” (1:0) və “Yanq Boyz”la (1:0, 3:0) qarşılaşmalarda “Qarabağ” qapısını toxunulmaz saxlayıb. Ötən il isə əyalət klubu 5-ci dəfə “3”ə çatıb. Təmsilçimiz “Samtredia” (5:0, 1:0) və “Şerif”dən (0:0) qol buraxmayıb.

 

Qeyd edək ki, “Qarabağ” cari mövsümün I təsnifat mərhələsində Sloveniya “Olimpiya”sını mübarizədən kənarlaşdırıb – 1:0, 0:0.

0