[b]“Qarabağ”a uğur gətirən tarix[/b]
16.07.2018 - 17:22
[b]“Qarabağ”a uğur gətirən tarix[/b]

Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” I təsnifat mərhələsinin cavab oyununu özü üçün uğurlu tarixdə keçirəcək. Apasport.az saytının məlumatına görə, iyulun 18-də Sloveniyanın “Olimpiya” klubunu sınağa çəkəcək Ağdam təmsilçisi tarixində ikinci dəfə bu gündə meydana çıxacaq.

 

2013-cü il iyulun 18-də Qurban Qurbanovun yetirmələri Polşa “Pyast”ını qəbul edib. Həmin vaxt meydan sahibi olan təmsilçimiz Avropa Liqasının matçında 2:1 hesabı ilə qalib gəlib.

 

Ümumilikdə isə Azərbaycan klubları bu tarixdə keçirdiyi 5 qarşılaşmada iki qələbə qazanıb və 3 dəfə uduzub. “Qarabağ” kimi “Bakı”da iyulun 18-də meydanı qalib tərk edib. 2006-cı ildə Çempionlar Liqasında “Sioni”ni 1:0 hesabı ilə yenən “zolaqlılar” Gürcüstanda buraxdığı 2 cavabsız qola görə mübarizəni dayandırıb.

 

2001-ci ildə qitənin ən nüfuzlu turnirində “Şəmkir” də ev matçını bu tarixdə keçirib. Qərblilər zəif “Barri Taun”a uduzub – 0:1.

 

2013-cü ildə “Qarabağ”la eyni gündə, lakin səfərdə meydana çıxan iki komandanın taleyi isə eyni olub. “Xəzər Lənkəran” İsraildə Təl-Əviv “Makkabi”sinə, “İnter” (indiki “Keşlə”) Norveçdə “Tromse”yə uduzub. Hər iki matçda meydan sahibləri 2:0 hesabına sevinib.

0