[b]“Qəbələ” - “Qarabağ” matçına doğru: 3 qol vurulsa...[/b]
16.02.2017 - 13:17
[b]“Qəbələ” - “Qarabağ” matçına doğru: 3 qol vurulsa...[/b]

Azərbaycan Premyer Liqasının XIX turunda qarşılaşacaq “Qəbələ” və “Qarabağ” arasında əvvəlki oyunlarda 87 qol vurulub. Apasport.az saytının məlumatına görə, fevralın 19-da keçiriləcək görüşdə vurulacaq 3-cü top duellərdə yubiley 90-cı qol olacaq.

 

Ölkənin iki ən güclü klubunun qarşılaşmalarında Ağdam klubu daha çox – 50 top vursa da, 37 qola sevinən Qəbələ təmsilçisinin heyətində fərqlənənlər say üstünlüyü təşkil edir. Prinsipial matçlarda ümumilikdə 45 futbolçu qol vurub. Onlardan biri hər iki komandada, biri isə hər iki qapıya yol tapıb.

 

Bu duellərdə 5 dəfə fərqlənən Kənan Kərimov həm “Qarabağ”, həm “Qəbələ”yə qol vuran yeganə oyunçudu. O, üç dəfə “qırmızı-qaralar”ı, iki dəfə “göy-qaralar”ı məyus edib.

 

“Qəbələ”nin kapitanı Rəşad Sadiqov da Kərimova qoşula bilər. 8 il əvvəl Ağdam klubunun heyətində indiki komandasının qapısından qol keçirən yarımmüdafiəçi indi əks düşərgədə qələbəyə iddialıdı. O, qol vursa, hər iki komandada fərqlənən 2-ci oyunçu olacaq.

 

“Qarabağ”da oynadığı vaxt rəqib qapısına yol tapan Namiq Ələsgərov həm də yeganə avtoqolun müəllifi kimi “Qəbələ” tərəfdarlarını sevindirib.

 

Ağdamlıların 50 qoluna cəmi 22 futbolçu imza atıb. Onların qapısına vurulan 37 qoldan birini – avtoqolu saymasaq, 36 topa 25 oyunçu imza atıb.

 

Azərbaycan futbolunun indiki liderlərinin görüşlərinin mütləq bombardiri isə Reynaldodu. “Qarabağ”ın sabiq ulduzu rəqib qapısından 8 top keçirib. Braziliyalını Kənan kimi 5 qol vuran daha iki “sambaçı” da izləyir. Dodo “Qəbələ”, Riçard Almeyda “Qarabağ”da rəqibinə qənim kəsilib. Bu “dördlük”dən yalnız sonuncu indi də komandasında oynadığından hesabını artırmaq imkanına malikdi.

 

Sabiq “Qəbələ”li Viktor Mendi ilə gününü Ağdam klubunun əvəzedici heyətində keçirən Vüqar Nadirov 4, onun sabiq komanda yoldaşları Rauf Əliyevlə Aslan Kərimov hərəyə 3 qola sevinib.

 

12 futbolçunun hesabında 2 top var. Onlardan bəziləri həftəsonu da meydana çıxmaq imkanına malikdi. “Qarabağ”da Dani Kintana, Əfran İsmayılov və Muarem Muarem, “Qəbələ”də isə Sergey Zenyovla mövsümün ən məhsuldar oyunçusu olan Filip Ozobiç də 2 dəfə fərqlənənlərdəndi.

 

Duellərdə het-trik qeydə alınmasa da, 6 dəfə dubl yaşanıb. Reynaldo hamıdan çox – 2 dəfə bunu bacarıbsa, onun komanda yoldaşlarından Dani Kintana, Nikoloz Gelaşvili və Riçard Almeyda, həmçinin rəqib komandada İqor Melnik bir oyunda 2 dəfə qola sevinib.

 

0