[b]“Qızıl komanda”, kapitanın təqdimatı, Bordinin qadağası və dillərdə gəzən “Sevilya”...[/b]
19.07.2018 - 14:50
[b]“Qızıl komanda”, kapitanın təqdimatı, Bordinin qadağası və dillərdə gəzən “Sevilya”...[/b]

Ferenç Puşkaş, Şandor Koçiş, Nandor Hideqkuti, Zoltan Çibor, Yojef Bojik, Yojef Zakariaş, Dyula Qroşiç...

– Macarıstan mənim üçün bu adlarla xarakterizə olunurdu. Macarlarla məni bağlayan, diqqətimə səbəb olan başqa bir şey yox idi. Budapeştə yola düşəndə ağlımda var-gəl edən mövzulardan biri də “qızıl komanda” kimi generasiyanı dünya futboluna ərməğan edən ölkənin bu mənada indilərdə düşdüyü vəziyyət idi.

 

Məndən fərqli, “Neftçi” heyəti və media nümayəndələrini daşıyan təyyarədə nəinki “qızıl komanda”, Macarıstan və “Uypeşt” də yada düşmürdü. Sanki istiqamət fərqli, mövzu geri plan idi. “Sevilya” adı isə dillərdə dolaşırdı. Deməyim odu ki, komanda ətrafında özgüvən pik həddə idi. Təyyarə “Neftçi” atributları ilə bəzədilmiş, ekipajın da onlardan geri qalan bir tərəfi yox: şərflər, forma istəkləri və s.

 

Təsadüfi deyil ki, kapitanın “Qələbə ilə geri dönək” sözləri ilə uçuşumuz başlayır. Oyun öncəsi futbolçuların fikirləri ilə tanış olmaq istəsək də, istəyimiz elə istək olaraq qalır. Aydın olur ki, baş məşqçi Roberto Bordin futbolçuların həlledici görüş öncəsi mətbuata danışmasını istəmir. Hər halda, gedişata uyğunlaşmaqdan başqa çarəmiz yoxdu...


Uçuş müddəti 3 saat 15 dəqiqə planlaşdırılsa da, gecikmə qaçılmaz olur. Hər şey qaydasında getsə də, sonluq – eniş ürəkləri ağıza gətirir. Nəhayət, turbilentdən sonra hər şey qaydasına düşür. Kapitan sonluğu da fərqli təqdimatla edir: “Bizim bir sevgimiz var – “Neftçi”.

 

Eniş zamanı baş verənlərin ardından bu sözlər ekstra rahatlaşdırıcı təsir bağışlayır. Şablon pasport yoxlama prosesinin ardından gücləndirilmiş təhlükəsizlik tədbirləri diqqət çəkir. Səbəb isə bir həftə öncə Bakıda baş tutan oyunda azarkeşlər arasında baş verən hadisələrin davamını gətirməmək idi. Növbəti istiqamət isə bəllidi - media nümayəndələrinin qalacağı “Danubius Arena” oteli. Budapeşt ilk başda bizdə sosialist blokunun qalıqlarından ibarət şəhər təəssüratı yaradırdı. Ancaq sonradan, görüb-gördükcə fikir yürütməyə tələsdiyimizi anladıq. Şəhərin astanasında stadionlar bir-birini əvəzləyirdi.

 

Mənim isə yadıma yenidən “qızıl komanda” düşür – səbəbsiz yerə deyil. Axı qarşımıza çıxan ilk stadion (MTK-ya məxsus) “saxta 9” anlayışını dünya futbolunda məşhurlaşdıran Nandor Hideqkutinin, otelimizin düz yaxınlığında yerləşən, 2017-ci ildə sökülərək, yenidən inşasına başlanan və açılışı 2019-cu ilə planlaşdırılan milli arena isə əfsanəvi Ferenç Puşkaşın adını daşıyırdı...

 

Budapeşt hava baxımından tam da ürəyimizcə olan şeyləri təklif edirdi. Bakının qızmar havalarından qaçan bizlər üçün 21 dərəcə və ardınca gələn yağışdan daha gözəl xəbər ola bilməzdi. Otelə gəlib yerləşdikdən sonrakı aşağı-yuxarı ilk işimiz “Neftçi”nin baş məşqçisi Roberto Bordinin mətbuat konfransına yollanmaq olur. Stadiona yaxınlaşdıqca “Uypeşt”in ev oyunlarını keçirdiyi arenanın həmin “qızıl komanda”nın yan parçalarından olan, dünyada bir klubun heyətində liqalar çərçivəsində ən çox fərqlənən futbolçu (IFFHS-in statistikasına görə) hesab olunan Ferenç Susanın adını daşıdığını öyrənirəm...

 

Mətbuat konfransı bitdikdən sonra tək istəyimiz əlimizə keçən, gecə yarısına qədər olan qısa müddəti şəhərlə tanışlığa həsr etmək idi. Ancaq bu barədə bizə yardımçı ola biləcək birilərini tapmaq müşkül məsələyə çevrilmişdi. Yerli əhali ya yaşadıqları şəhərə tamamilə nabələd idi, ya da kömək etməkdən yayınırdı. Yardımımıza isə bizdən biri - Macarıstanda yaşayan həmyerlimiz Rəşadət Axundov çatır. Onun köməkliyi ilə özümüzü mərkəzə  çatdırır, Budapeştlə bağlı ilkin təəssüratlarımızı fərqli istiqamətə yönləndirən görüntülərə şahid oluruq...

 

Rüfət MƏCİDZADƏ

Ardı var

0