[b]“Qızıl oyun”un “Qızıl oğlan”ı yubileyin astanasında[/b]
21.02.2018 - 11:59
[b]“Qızıl oyun”un “Qızıl oğlan”ı yubileyin astanasında[/b]

Azərbaycan futbolunun “Qızıl oğlan”ı Zaur Tağızadə bu gün 39 yaşını qeyd edir. Apasport.az saytının məlumatına görə, yubileyin bir addımlığında olan futbol veteranı hazırda məşqçi kimi “Qarabağ”da fəaliyyət göstərsə də, yaddaşlarda futbolçu kimi qalıb.

 

Müstəqil Azərbaycan futbolunun yetişdirdiyi ən böyük istedadlardan biri olan Zaur 1979-cu il fevralın 21-də anadan olub. Azərbaycan çempionatında 15 yaşında peyda olan yarımmüdafiəçi Mingəçevir “Kür-Nur”unda oynadığı 1994/95 mövsümündə qol hesabını açmağa müvəffəq olub. Bundan sonra əsas yığma məşqçilərinin, həmçinin AFFA rəhbərliyinin də diqqətini cəlb edən Zaur tezliklə ulduza çevrilib.

 

1997-ci il iyunun 4-də 18 yaşındaykən millidə debüt edib. Estoniya ilə səfərdəki yoxlama matçında meydana çıxan futbolçunun ölkə xaricində legioner həyatı yaşamasına çalışan AFFA artıq U-18-in üzvü olan istedada yeni komanda da tapıb. Tağızadə öncə Estoniyanın “Lelle”, ardınca İslandiyanın “Akranes” klubunda forma geyinib. Hər iki ölkənin çempionatında nəinki debüt etməyə, hətta qol hesabını açmağa müvəffəq olan yarımmüdafiəçi əksər futbolçularımız kimi xaricdə uzun müddət duruş gətirməyib.

 

1998-ci ildə vətənə dönən Zaur uzun müddətə “Şəfa”ya bağlanıb. Təbii ki, qısa fasilələrlə bu komandadan ayrılması da qeyd olunmalıdı. Bir müddət Estoniya “Flora”sına da göndərilən sürətli cinah oyunçusunun legioner həyatı qurmaq üçün sonuncu cəhdi də boşa çıxıb.

 

Tağızadənin karyerasında ilk ən parlaq dövr 1999-cu il sayılır. AVRO-2000-in seçmə mərhələsində öncə Lixtenşteyn, sonra Portuqaliyaya qol vuran gənc “Qızıl oğlan” ləqəbinə də həmin vaxt layiq görülüb. Həmin Özbəkistanla yoxlama oyununda da fərqlənən futbolçu sonradan hərbi xidmət üçün yollandığı OİK-dən (indiki MOİK) də milliyə dəvət aldı. O, I liqadan əsas yığmamıza cəlb olunan ilk futbolçu kimi tarixə düşdü.  

 

OİK-də və “Şəfa”ya döndükdən sonra da millinin aparıcı futbolçusuna çevrilən gənc daim diqqət mərkəzində qalırdı. Həm klub, həm yığma səviyyəsində qolları sıralasa da, nə legioner həyatına can atır, nə də 1999-cu ildəki parlaq çıxışını təkrarlayırdı.

 

Düzdü, 2003/04 mövsümünə fantastik start verən “Şəfa”nın uğurlarında “Qızıl oğlan”ın payı əvəzsiz idi. Lakin müəyyən problemlər yaşayan həmin komanda tempi qoruya bilmədi. 2003-cü ilin son günlərində AFFA-da prezident dəyişikliyinin olması “Şəfa”nı sahibsiz qoydu. Bu da müqavilə ilə kluba və assosiasiyaya “zəncirlənən” istedadların yolunda “yaşıl işıq” yandırdı.

 

Zaur da ölkənin ən köklü klubu “Neftçi”yə üz tutdu. Bunadək yeganə uğuru ölkə kuboku (2000/01) olan futbolçu titul aclığını flaqmanda təmin etməkdə israrlı idi. Yarımmüdafiəçi seçimində yanılmamışdı. 2003/04 mövsümünün finişindəki mükəmməl çıxış “ağ-qaralar”a “Qızıl dubl” qazandırdı. Bu, Tağızadənin ilk çempionluğu idi.

 

2004/05 mövsümünü isə yarımmüdafiəçinin karyerasında ikinci parlaq dövr adlandırmaq olar. 8 komandanın mükafatlar uğrunda mübarizə apardığı və tarixə ən maraqlı çempionatlardan biri kimi düşən mövsümün qızıl medallarının taleyini böyük ölçüdə “Qızıl oğlan” həll etdi. Ən vacib oyunlarda, xüsusilə “Qızıl oyun”da qəhrəmana çevrilən istedad futbolçu kimi son çempionluğunu əldə etdi.

 

Məhz bundan sonra Rəşad Sadıqovla Tağızadəni “Neftçi”dən transferi üçün Azərbaycanda fantastik sayılan məbləğlər hallanmağa başladı. Lakin Zaur oyunçu karyerasını elə bu klubda başa vurdu. Amma sonadək uğursuzluqlardan, bəxtsizlikdən qurtula bilmədi.

 

Düzdü, təxminən yarım il sonra “Birlik kuboku”nin finalına yüksələn ilk Azərbaycan komandasının uğurunda pay sahibi olan yarımmüdafiəçi “gümüş”ə yiyələndi. Amma daim onu izləyən zədələr və digər problemlər növbəti il bu kubokun qazanıldığı heyətdə yer almasına imkan vermədi.

 

40 oyunda 6 qol vurduğu yığmada 2008-ci ilədək oynayan futbolçu “Neftçi”dən də tez getdi. 2010-cu ilin yayına qədər komandanın uğurları üçün çalışan Tağızadə böyük nailiyyət əldə edə bilmədi. 1999 və 2004-05-ci illərdəki parlaq dövrləri təkrarlaya bilməsə də Azərbaycan səviyyəsində ulduz kimi qaldı. Hətta “Neftçi”də islahatlar aparan Hans-Yurgen Gedenin qurbanları arasına düşməkdən də qurtulan Zaur 31 yaşında futbolçu karyerasını bitirməli oldu. Onun zədələrə meylliyini nəzərə alan klub rəhbərliyi 2010-cu ilin yayında əvəzedici komandada məşqçi kimi çalışmağı təklif etdi.

 

Burada cəmi 1 il işləyən gənc çalışdırıcı 2011-ci ilin yayında küskün şəkildə “Neftçi” ilə vidalaşıb və “Qarabağ”a üz tutub. Yeni klubunda sabiq komanda yoldaşı və məşqçisi Qurban Qurbanovun köməkçilərindən olan “Qızıl oğlan” futbolçu kimi qazanmadıqlarını yeni ampluada əldə etdi. 4 çempionluq, 3 kubok, Çempionlar Liqası və Avropa Liqası həyəcanı – bunlar onun futbolçu vaxtlarında həsəd apardığı nəticələrdi. Amma hələ 39 yaşı olan gənc məşqçinin daha böyük, daha çox uğurlar qazanması üçün kifayət qədər zamanı var.

 

 

0