[b]"Qol vuracağıma söz verməmişəm" - Lukas Qomes[/b]
24.02.2018 - 22:09
[b]"Qol vuracağıma söz verməmişəm" - Lukas Qomes[/b]

"Neftçi"nin hücumçusu Lukas Qomes Azərbaycan Premyer Liqasının XVII turunda "Zirə" ilə keçirilən (1:1) oyundan sonra jurnalistlərə müsahibə verib. Argentinalı forvard qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Qələbə hesabını qoruya bilməməyinizin səbəbi nə idi?

- Əvvəldən sona qədər gözəl oyun nümayiş etdirdik. İlk qoldan sonra ikinci topu da rəqib qapısından keçirmək istəyirdik. Ancaq üstün olduğumuz vaxtda qapımıza yol tapdılar. Deyə bilərəm ki, bu, "Zirə"nin 90 dəqiqə ərzində yeganə təhlükəli hücumu idi. Bu da qolla nəticələndi. Halbuki üstünlük bizdə idi.

 

- Yəni bu gün 2 xal itirdiyinizi düşünürsünüz?

- Əlbəttə. Hər matça qalibiyyət üçün çıxırıq. Bu gün də evdə oynadığımız üçün azarkeşlərimizə qələbə hədiyyə etmək istəyirdik. Amma yekunda 2 xal itirdik.

 

- Oyun ərzində heç nə ilə yadda qalmadınız. Kollektivə uyğunlaşmaqda çətinlik çəkirsiniz, yoxsa formada deyilsiniz?

- Bu gün tək hücumçu kimi çıxış edirdim. Qol vurmaq, fərqlənmək istəyirdim. Amma rəqib müdafiədə yaxşı qapanmışdı. Mənə də "qara iş" görmək qalırdı. Hərəkətlərimlə komanda yoldaşlarıma boş zonalar açırdım. Hələ 3 oyun geridə qalıb. Bununla kifayətlənmirəm, üzərimdə işləyirəm. Növbəti matçlarda daha çox xeyir verməyə çalışacam.

 

- Belə bir fikir yaranıb ki, "Neftçi"yə futbolçular diskinə baxaraq götürülürlər. Siz də bu yolla komandaya keçmisiniz?

- Məni belə suallar maraqlandırmır. Hərənin öz fikri var. Hamının düşüncəsinə hörmətlə yanaşıram. Klub rəhbərliyi menecerimlə əlaqə saxlayıb, məni transfer etmək istədiyini bildirib. Mən də bu təklifi qəbul edib gəlmişəm.

 

- Mövsümün sonuna az vaxt qalıb. Neçə qol vura bilərsiniz?

- İndiyə qədər hansı komandada oynamışamsa, qol vuracağıma söz verməmişəm. Həmişə komanda üçün sona qədər "döyüşməyə" söz vermişəm. Fikrim klubuma xeyir verməkdi.

0