Rauf Mehdiyev “Bakı” və “Neftçi” ilə oyunları buraxacaq
01.04.2008 - 17:31
Rauf Mehdiyev “Bakı” və “Neftçi” ilə oyunları buraxacaq
Bakı. Mehman Süleymanov-APA-Sport. Azərbaycan Premyer Liqasının lideri olan “Olimpik” klubunun qapıçısı Rauf Mehdiyev “Bakı” və “Neftçi” ilə vacib görüşləri buraxacaq. “APA-Sport” agentliyinin məlumatına görə, cari çempionatda ən az qol buraxan (3 qol) 32 yaşlı qapıçı iki oyunluq cəzalandığı üçün növbəti iki turda komandasına kömək edə bilməyəcək. Bu, AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) bu gün keçirilən iclasında çıxarılan qərardan sonra bəlli olub. R.Mehdiyevin Premyer Liqanın son turunda “Standard”la “Şəfa” stadionunda keçirilən görüşdə rəqibi bilərəkdən vurması iki oyunluq cəzalanması ilə nəticələnib. “Olimpik”in yarımmüdafiəçisi Yaşar Abuzərov həmin matçda komanda yoldaşı kimi, birbaşa qırmızı yox, ikinci sarı vərəqəyə görə meydandan çıxarıldığı üçün bir oyunluq diskvalifikasiya olunub. Komandanın baş məşqçisi Əsgər Abdullayev “Bakı” ilə görüşdə daha iki futbolçusunun xidmətindən istifadə edə bilməyəcək. Bunlar hücumçular Junivan Suareslə Fərrux İsmayılovdur. “Olimpik”in bombardiri olan braziliyalı ilə son turda komandaya vurduğu yeganə qolla (1:0) qələbə qazandıran F.İsmayılov cari mövsümdə 4-cü sarı vərəqə aldığı üçün, cəzalı duruma düşüb.
Qeyd edək ki, bu iki hücumçu kimi Y.Abuzərovun da “Neftçi” ilə görüşdə cəzası başa çatacaq.


0