[b]“Real”ın yeni rekord, “Liverpul”un tilsimi qırmaq iddiası[/b]
25.05.2018 - 11:55
[b]“Real”ın yeni rekord, “Liverpul”un tilsimi qırmaq iddiası[/b]

Sabah Çempionlar Liqasında (ÇL) 2017/18 mövsümünün final oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, Kiyevdəki Olimpiya stadionunda baş tutacaq həlledici qarşılaşmada “Real”la “Liverpul” üz-üzə gələcək.

 

Bir tərəfdə iki ildi kuboku heç kimə verməyən “kral klubu”, digər tərəfdə isə 11 ildən sonra finalda oynamaq şansı qazanan “qırmızılar”...

 

Komandalar Kiyevdəki görüşə bilet əldə etmək üçün olduqca çətin yol keçiblər. “Tottenhem”, “Borussiya” (Dortmund) və APOEL-in yer aldığı qrupu ikinci sırada tamamlayan Zinəddin Zidanın yetirmələri pley-offlarda nəhəngləri bir-bir sıradan çıxarıb. PSJ-ni asanlıqla, “Yuventus”u dramatik sonluqla üstələyən madridlilər “Bavariya” səddini çətinliklə keçib.

 

“Liverpul” isə “Sevilya”, “Spartak” (Moskva) və “Maribor”la birlikdə qərarlaşdığı qrupdan məğlub olmadan yüksəlib. 1/8 finalda “Porto”ya rəhm etməyən Yurgen Kloppun kollektivi növbəti mərhələdə turnirin favoriti “Mançester Siti”yə hər iki qarşılaşmada qalib gəlməyi bacarıb. Komanda yarımfinalda “Roma”nı ümumi hesabda 7:6 üstələyərək adını finala yazdırıb.

 

Rəqibindən fərqli, “Real” Ukraynaya tam heyətlə yollanıb. Bütün futbolçuların yaxşı formada olması Zidanı çətin seçim qarşısında qoyub. “Liverpul”da isə zədəsini sağaldan Əmrə Can görüşün iştirak ərizəsinə salınıb. Əvəzində müdafiəçilər Joel Matip, Co Qomes və yarımmüdafiəçi Aleks Oksleyd-Çamberlayn zədə ucbatından meydana çıxa bilməyəcək.

 

Finalla bağlı proqnoz vermək çox çətindi. 12 dəfə turniri zirvədə tamamlayaraq mütləq rekordçu olan “kral klubu” ardıcıl 3-cü dəfə evə kubokla dönmək niyyətindədisə, ÇL-in beşqat qalibi “Liverpul” möhtəşəm hücum “trio”sunun sayəsində 13 illik həsrətə son qoymağı hədəfləyir.

 

UEFA Çempionlar Liqası

Final

 

26 may

22:45. “Real” (İspaniya) – “Liverpul” (İngiltərə)

Baş hakim: Milorad Maziç (Serbiya)

Kiyev, Olimpiya stadionu

0