16 Mart 11:24 Rəngarəng heyət, gözlənilməz lider, lazımsız “Zirə”...
FUTBOL xəbərləri 16 Mart 11:24
2105 baxış

Rəngarəng heyət, gözlənilməz lider, lazımsız “Zirə”...

Azərbaycan millisinin dünən açıqlanan heyəti bir sıra məqamlarla diqqət çəkib. Apasport.az saytının məlumatına görə, yığmamızın yeni baş məşqçisi Qurban Qurbanovun klublar üzrə seçimindəki bəzi nüanslar isə ümumiyyətlə gözdən yayınmır.

 

Gözlənilməz lider. Son illər “Qarabağ”ın yığmadakı təmsilçi sayında rekordçu olması adi haldı. Lakin Ağdam klubunun baş məşqçisi olan Qurbanov bu göstəricidə yeni lider müəyyənləşdirib. Belə ki, 46 yaşlı mütəxəssis Premyer Liqada 5-ci olan “Neftçi”nin üzvlərinə daha çox yer verib. Son illərdə bəzən millinin məşqçilərinin diqqətindən tam kənarda da qalan “ağ-qaralar” indi 6 oyunçu ilə təmsil olunub. “Qarabağ”da isə bu rəqəm 5-ə bərabərdi. Düzdü, sonuncuların iki üzvü – Mahir Mədətovla Ramil Şeydayev U-21-ə kömək etmək üçün gənclərə qoşulub. Lakin “Neftçi”dən Anton Krivotsyuk da eyni marşrutla hərəkət edib. Bir sözlə, “Neftçi” uzun fasilədən sonra yığmadakı təmsilçi sayında liderliyi qaytarıb.

 

“Səbail”dən ilk. Qurbanov Premyer Liqanın debütantı “Səbail”i də diqqətdən kənarda saxlamayıb. Belə ki, Rahil Məmmədov paytaxt klubunu yığmada təmsil edəcək. Gənc müdafiəçi meydana çıxsa, klubunun tarixində millidə oynamış ilk futbolçu olacaq. Bunadək “Səbail”dən yığmaya çağırılan olsa da, meydana çıxmaq imkanı qazanmayıb.

 

“Zirə” ofsaydda. Qurbanov Premyer Liqa klublarının çoxundan oyunçu dəvət etməklə rəngarənglik yaradıb. Belə ki, elitanın 8 komandasından 7-si milliyə oyunçu verib. Yuxarıda qeyd etdiklərimizdən “Neftçi”nin 6, “Qarabağ”ın 5, “Səbail”in 1 futbolçu ilə təmsil olunduğu komandada “Sumqayıt”ın 4, “Qəbələ”nin 3, “Keşlə” və “Kəpəz”in hərəsinin 1 üzvü yer alacaq.

 

Üç ölkədən nümayəndə. Yığmada üç futbolçu xarici klublardan gəlib. Onlar müxtəlif ölkələrdən dəvət alıblar. Bu dəfə Almaniya, Ukrayna və Kipr klubları millimizə oyunçu verəcək. 7 yerli və 3 xarici kluba diqqət yetirən Qurbanov dəvət etdiyi ümumilikdə 24 oyunçunu 10 komandadan çağırıb.

 

Xəbər lenti