[b]Rəşad Sadıqov: Madriddəki oyuna getməyəcəm - MÜSAHİBƏ [/b]
18.10.2017 - 23:32
[b]Rəşad Sadıqov: Madriddəki oyuna getməyəcəm - MÜSAHİBƏ [/b]

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Atletiko” ilə oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Təəssüf hissi varmı ki, qalib də gəlmək olardı bu rəqibə?

- Var elə bir hiss. Çoxlu imkanlarımız oldu. Ancaq mən düşünürəm ki, “Qarabağ”ın Avrokuboklardakı ən yaxşı oyunlarından biri idi. Rəqibin də gücünü nəzərə alsaq, deyə bilərik ki, ən yaxşı oyunumuz idi. Çox çətin qrup düşmüşük, şükür olsun ki, məğlub olmadıq, 1 xal qazandıq. Xalsız bitirmək ehtimalı çox olan, çətin qrupa düşmüşük. Düşünürəm ki, azarkeşlər futboldan həzz alıdlar. Qoldan başqa hər şey oldu oyunda.

 

- “Qarabağ”ın bugünkü yaxşı oyununun səbəbi nədi?

- Çıxdıq, sadəcə məşqçinin tapşırıqlarını yerinə yetirdik. Əlimizdən gələni elədik ki, yaxşı nəticə olsun, hamı sevinsin.

 

- Demək olarmı ki, “Qarabağ” artıq Çempionlar Liqasının ritmini tutub?

- Qarşıda bizi iki çox çətin səfər gözləyir. “Roma” və “Çelsi”nin hər ikisinin qrupdan çıxmaq şansları var. Bu elə bir turnirdi ki, burda ritmi tutduq, bundan sonra yaxşı olacaq kimi fikirlərə yer yoxdu. Hər oyuna ayrıca, yaxşı hazırlaşmaq lazımdı. İlk dəqiqədən sona qədər yaxşı mübarizə aparmaq lazımdı.

 

- Hakimdə rəqibə qarşı simpatiya hiss etmirdiz?

- Mən hakimlər haqqında danışmağı sevmirəm, ancaq simpatiya açıq-aşkar görünürdü.

 

- Avroliqaya düşmək nə qədər realdı?

- Futboldu, mübarizə apararırıq. Bu gün qazansaydıq, şansımız daha çox olardı, ancaq səfərdə oynayacağıq. Çətin görsənir.

 

- U-19 komandasının oyunundan bura gəldin, Bakıda məsafə yaxındı, asan oldu. Madriddə necə olacaq?

- Madriddəki oyuna getməyəcəm. “Çelsi” ilə matçdan sonra Qurban müəllimlə bu barədə qərar vermişik.

 

- Əgər Bakıda hakim belə qərəzli idisə, Madriddə nə gözləyir bizi?

- Böyük komandalara qarşı oynayırsansa, belə şeylərə hazır olmalısan. Onlara həmişə simpatiya var. Düşünürəm ki, futbolun inkişafı üçün çox adam istəyir ki, “Atletiko” qabağa getsin. Hər şeyi hakimin üstünə atmaq olmaz, bizim də şanslarımız oldu ki, son vuruşda dəqiq ola bilmədik.

 

- Dinosuz çox çətin olacaq səfərdə?

- Dinonu itirdik, Bədavinin oynaması isə sual altındadı. Maksim də əvvəldə zədələndi, sonra elə davam elədi. Çətin olacaq.

0