Roman Pokora: “Mən Qax stadionunu öz meydanımız saymıram”
11.04.2008 - 10:53
Roman Pokora: “Mən Qax stadionunu öz meydanımız saymıram”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Nə olsun ki, son iki oyunda uduzmuşuq. Elə “Bakı” da 4 görüşdür xal qazana bilmir”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokora deyib. 60 yaşlı ukraynalı mütəxəssis son iki turdakı məğlubiyyətlərdən sonra heyət və taktikada dəyişiklik edib-etməyəcəyini hələ bilmir: “Oyuna qədər hələ vaxtımız var. Ola bilər ki, nəyisə dəyişək. İki matçda 7 qol buraxmağımıza gəlincə, yalnız son oyunda özümüz vurmadan çox qol buraxmışıq. Həm də müdafiədə problemlərimiz var. Aleksandr Malıginin zədəli olması arxa xəttə təsir göstərib”. Azərbaycan Premyer Liqasının 21-ci turunda “Bakı” ilə qarşılaşacaq “Simurq”un çalışdırıcısı bu görüşdə qələbə qazanmaq haqda düşünür. R.Pokoranı daha çox oyunun harada keçirilməsi narahat edir: “Rəqib güclü komandadır. Belə komanda ilə müqayisə düzgün deyil. Qələbə qazanmaq iddiasındayıq. Heç kim bizim neytral meydanda oynadığımızdan danışmır. Amma faktiki olaraq biz rəqiblərimizi neytral meydanda qəbul edirik. Şəxsən mən Qax stadionunu öz meydanımız saymıram”.
0