[b]Ruslan Abışov: Bir ara inciklik var idi – MÜSAHİBƏ[/b]
15.12.2017 - 00:00
[b]Ruslan Abışov: Bir ara inciklik var idi – MÜSAHİBƏ[/b]

“Zirə” ilə ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda qələbə qazanmaqla ilk matçdakı yenilginin əvəzini çıxan və yarımfinala yüksələn “Neftçi”nin kapitanı Ruslan Abışıov apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Gərgin keçən oyunla bağlı nə deyə bilərsiniz?

- İlk oyunda sona yaxın buraxdığımız qolla məğlub olmuşduq. Bunun revanşını almalı idik. “Zirə” bizim üçün münasib rəqib deyil. Meydana çıxarkən məqsədimiz birinci hissədə bir qol vurmaq idi. Elə alındı ki, birini yox, ikisini vurduq. Fasilədən sonra yenə qol vurmaq və daha rahat oynamaq istəyirdik. Çünki 2:0 hesabı bir qədər riskli idi. Çünki hər dəqiqə nəticə dəyişə bilərdi. İstəyimizə çatdıq. İndi yaxşı istirahət edib, toplanışa hazırlaşmalıyıq. Fasilədən sonra daha yaxşı oynamalı və qələbələr qazanmalıyıq.

 

- Hər iki komanda aqressiv idi. Səbəbini izah edə bilərsinizmi?

- Neçə oyun idi “Zirə”ni məğlub edə bilmirdik. Üzərimizdə təzyiq var idi. Azarkeşlərimiz bizdən bu qələbəni gözləyirdi. Belə bir qələbə sayəsində onlar bizdən razı qaldılar. Çalışacağıq həm kubok həm də çempionat oyununda onları sevindirək.

 

- Sanki qələbəni finalda qalib gələn komanda kimi qeyd etdiniz...

- “Zirə” üzərində qələbənin xüsusi əhəmiyyəti var idi. Tilsimi sındırdıq. Azarkeşlərimiz də sağ olsunlar, möhtəşəm idilər, bizi dəstəklədilər sona qədər.

 

- Xeyli vaxtdı onlarla belə mehriban deyildiniz. Deyəsən, “buzlar” əriməyə başlayıb?

- Azarkeşlərimiz hər zaman yanımızda olublar. Düzdü, bir ara inciklik var idi, amma artıq hər şey arxada qalıb. Vacib olan onları qələbə ilə sevindirmək idi. Ümid edirəm, bu qələbənin ardı gələcək və onları sevindirməkdə, etimadını doğrultmaqda davam edəcəyik.

 

- Dəfələrlə oyunsonrası təşkil edilən mix-zonaya dəvət edilsəniz də, gəlməmişdiniz. Bunun səbəbi nədi?

- Yəqin hansısa oyundan sonra nəticə yaxşı olmayıb. Futbolçuyuq, nəticə yaxşı olmayanda biz də problem yaşayırıq. Üzürlü sayın.

 

- Duriç dedi ki, bu gün meydanda ən yaxşı oyunçu Fariz Yusifov idi. Razılaşırsınızmı rəqib futbolçunun narazılığı ilə?

- O, məğlub komandanın üzvüdü. Onun belə fikir səsləndirməsi normaldı. 2:0 hesabı ilə qələbə qazanmışıq və oyun başa çatıb. Duriç yəqin “Qəbələ” ilə oyunda “Neftçi”yə azarkeşlik edəcək.

0