Sabah Azərbaycan kubokunun yarımfinal mərhələsinə start veriləcək
08.04.2008 - 11:33
Sabah Azərbaycan kubokunun yarımfinal mərhələsinə start veriləcək
Bakı. Mehman Süleymanov - APA-Sport. Sabah Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. Eyni gündə keçiriləcək ilk oyunlar yalnız başlanma saatına görə fərqlənir. “APA-Sport” agentliyinin məlumatına görə, iştirakçılar arasında yalnız “Qəbələ” bu mərhələdə ilk dəfə çıxış edəcək. Digər üç komanda isə ölkə kubokunun finalına qədər irəliləyib ki, “Neftçi” kuboku ən çox qazananlardan (4 dəfə) biri, “Xəzər-Lənkəran” isə turnirin son qalibidir. “Qəbələ” kimi, kuboku qazanmayan “İnter” üç il öncə finala çıxdığı vaxtda “Neftçi” ilə qarşılaşıb. ¼ final mərhələsində keçirilən hər iki matç qolsuz heç-heçə (0:0) ilə başa çatdığı üçün, qalib oyun sonrası penalti zərbələri ilə müəyyənləşib. Həmin vaxt kubokda mübarizəni dayandıran flaqman son üç ildə yarımfinala çıxır. İlk dəfə kubokda üz-üzə gələn “Qəbələ” ilə “Xəzər-Lənkəran” Azərbaycan Premyer Liqasının son turunda görüşüblər. Qəbələdə keçirilən həmin oyun 1:1 hesabı ilə nəticələnib. “Neftçi” ilə “İnter”in isə ikinci dövrə çərçivəsində martın 15-də Respublika stadionunda keçirilən görüş əcnəbi hakimlərin idarəçiliyi ilə yadda qalıb. Almaniyalı Mark Simonnun idarə etdiyi həmin matç flaqmanın 2:0 hesablı qələbəsi ilə nəticələnib. “İnter”in sükanı arxasında olan həmyerlisi Valentin Xodukini məğlub edən “Neftçi”nin ukraynalı baş məşqçisi Anatoli Demyanenko kuboku da nəzərə alsaq, artıq 8 oyundur ardıcıl qələbə qazanır. Yarımfinal iştirakçıları arasında yalnız “Neftçi”nin çempionluq şansı yüksək olaraq qalır. “İnter”, “Xəzər-Lənkəran” və “Qəbələ”nin Premyer Liqada tutduğu yerlə ən yaxşı halda, İntertotoya vəsiqə qazana bildiyini nəzərə alsaq, bu komandaların UEFA kubokuna yolu ölkə kubokundan keçir.

9 aprel

16:00. “Qəbələ” – “Xəzər-Lənkəran”.

Qəbələ. Şəhər stadionu.

18:00. “Neftçi” – “İnter”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Yarımfinal mərhələsinin cavab görüşləri aprelin 23-də keçiriləcək.
0