[b]Sabiq “Xəzər Lənkəran”lı “Beşiktaş”dan möcüzə gözləyir[/b]
21.02.2018 - 15:47
[b]Sabiq “Xəzər Lənkəran”lı “Beşiktaş”dan möcüzə gözləyir[/b]

“Beşiktaş”ın əfsanəvi futbolçusu Oktay Dərəlioğlu sevimli komandasının Çempionlar Liqasının 1/8 final mərhələsində “Bavariya” ilə keçirdiyi səfər matçını dəyərləndirib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 43 yaşlı mütəxəssis komandalar arasında ciddi səviyyə fərqinin olduğunu düşünmür.

 

O, 1993-1999-cu illərdə formasını geyindiyi “qara qartal”ın böyük hesabla uduzmasını Domaqoy Vidanın 16-cı dəqiqədə qırmızı vərəqə alması ilə əlaqələndirib: “Dünənki oyun bəxtsiz şəkildə başladı. Belə önəmli bir matçda, güclü rəqibə qarşı 16-cı dəqiqədən etibarən azlıqda qalmaq “qara qartal”a mənfi təsir etdi. Atibanın yanlış ötürməsindən sonra Vida mövqe səhvi edərək, karyerasına yaraşmayan qırmızı vərəqə aldı. Bununla da “Beşiktaş”ın vəziyyəti çətinə düşdü. Meydandakı futbolçuların sayı bərabər olanda komandalar arasında çox ciddi səviyyə fərqi yox idi”.

 

Maraqlıdı ki, Dərəlioğlu hələ də “Beşiktaş”ın mərhələ adlayacağına inanır: “Vaqner Lav birinci hissədə real qol şansını dəyərləndirə bilsəydi, “Beşiktaş”ın mübarizə əzmi artardı. Şenol Günəş ikinci hissədəki əvəzləmələrlə komandanı eyni tempdə saxlamağa çalışdı. Ancaq Lavın əvəzlənməsindən sonra “Bavariya” “Beşiktaş”ın cərimə meydançasında daha çox təzyiq etdi və hesab arasındakı fərq artdı. Ancaq Dolmabaxçadakı atmosferi nəzərə alsaq, “ağ-qaralar” üçün hələ heç nə bitməyib. Ümid edirəm ki, futbol möcüzəsi baş verər və “Beşiktaş” “Vodafone Park”da “Bavariya”nı böyük hesabla məğlub edərək, adını futbol tarixinə qızıl hərflərlə yazdırar”.

 

Qeyd edək ki, Oktay Dərəlioğlu 2004-05 mövsümündə ölkəmizdə “Xəzər Lənkəran”ın formasını geyinib.

0