22 May 11:15 “Sanki biz başqa turnirik, Premyer Liqa başqa” - MÜSAHİBƏ
FUTBOL xəbərləri 22 May 11:15
2272 baxış

“Sanki biz başqa turnirik, Premyer Liqa başqa” - MÜSAHİBƏ

Topaz Premyer Liqasının son turunda “Qəbələ” üzərində qələbə qazanan (1:0) “Qarabağ” ardıcıl 5-ci dəfə Azərbaycan çempionluğunu bayram edib. Apasport.az saytının məlumatına görə, matçdan sonra jurnalistlərin suallarını cavablandıran Ağdam klubunun yarımmüdafiəçisi Qara Qarayev hisslərini bölüşüb.

 

- Ardıcıl 5-ci çempionluğu qazandınız. Hansı hissləri keçirirsiniz?

- Sevincliyik. Hər bir titul bizim üçün önəmlidi. Düşünürəm ki, bu, 2017-18 mövsümünün yox, 5 il davam edən ağır yükün, məsuliyyətin çempionluğudu. Artıq 5 ildi ki, bu yükü daşıya bilirik. Bu səbəbdən bütün komandamı – oyunçularımızı, məşqçilərimizi təbrik edirəm. Uzun marafonda çox şey itirmişik. İstər zədələr, istər şəxsi həyatdakı problemlər. Bütün bunlara baxmayaraq, arzuladığımız nəticəni eldə edə bilmişik. Danışılacaq çox şey var. Bizim işimiz davam edir. Çempion olduq, bitdi, artıq yeni hədəflər başlayır. Yenidən Azərbaycan futboluna, milli komandaya fayda verməliyik. Bunun üçün də çalışmaq lazımdı. Xüsusən də, bizə avrokuboklarda dəstək olan azarkeşləri təbrik edirəm. “Azərsun Arena”nın tribunalarında bu gün boş yerlər görmək bizim üçün ağrılıdı. Ancaq qarşıdan böyük turnir gəlir. Yəqin həmin oyunlarda tribunaları doldurarlar. Media nümayəndələrinə də xüsusi təşəkkürümü bildirirəm ki, mövsümün əvvəlindən gərgin qrafikdə işlədilər, futbolda olan yaxşı və pis tərəfləri ədalətli şəkildə işıqlandırdılar.

 

- Əvvəlki illərlə müqayisədə budəfəki çempionluq daha rahat olmadı?

- Sona 4 tur qalmış 17 xallıq fərqin olmasını nəzərə alsaq, bu fikirlə razılaşıram. Bu məsələdən nə qədər qaçsaq da, etiraf edək ki, vəziyyət belədi. Amma komandalarda, xüsusən də, bizə qarşı aqressivlik, diqqət var idi. Sanki biz başqa turnirik, Azərbaycan Premyer Liqası başqa. Heç kim bizə uduzmaq istəmirdi. Bu baxımdan oyunlarımız çətin keçdi. Amma ümumi götürdükdə, səviyyə ötən illərlə müqayisədə bir az aşağı idi.

 

- Qarşıda sizi Çempionlar Liqasında mübarizə gözləyir. Komanda yeni formatlı turnirə nə qədər hazırdı?

- Baş məşqçimizin də dediyi kimi, inkişaf etmək istəyiriksə, hər mövqeyə oyunçular lazımdı. Hətta hər mövqeyə bir yox, bir neçə keyfiyyətli futbolçu lazımdı. Bu il komandadan gedənlərin sayı çox olacaq. Müqavilə müddəti bitənlər, xaricdə oynamaq istəyənlər var. Buna baxmayaraq, baş məşqçimiz, rəhbərlik yəqin ki, bu haqda düşünür. Uğur qazanmaq üçün mütləq yaxşı oyunçular transfer etmək lazımdı.

 

- Tezliklə yığma komanda toplaşacaq və ardıcıl 3 yoldaşlıq görüşü keçirəcək. Bu qarşılaşmalar sizə nə verəcək?

- Düzdü, yoldaşlıq görüşləridi. Amma milli komandanın oyun üslubunu artıq ortaya qoymaq vaxtıdı. Millətlər Liqası matçlarından öncə bizim üçün yaxşı təcrübə olacaq. Ümid edirəm ki, yığmamızın adına layiq şəkildə mübarizə apararıq. Əksəriyyət hesab edir ki, Millətlər Liqası asan keçəcək. Amma mən belə düşünmürəm. Çox ağır olacaq. Yığma ilə də nailiyyət qazanmaq üçün əlimizdən gələni edəcəyik.

Xəbər lenti