19 Aprel 12:45 Saxlanılan “Neftçi” azarkeşləri sərbəst buraxıldı
FUTBOL xəbərləri 19 Aprel 12:45
2734 baxış

Saxlanılan “Neftçi” azarkeşləri sərbəst buraxıldı

Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində dünən keçirilən “Neftçi” – “Qəbələ” oyunundan sonra insident baş verib. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin azarkeşləri ilə polislər arasında qarşıdurma yaşanıb.

 

Paytaxt təmsilçisinin məğlubiyyətini həzm edə bilməyən “Forza Neftçi” fan-klubunun üzvləri meydana petarda atıblar və təhlükəsizlik xidmətinin əməkdaşlarının buna cavabı sərt olub.

 

Tərəflər arasında yaşanmış insident nəticəsində iki azarkeş bölməyə aparılıb. Lakin “Forza Neftçi” fan-klubunun rəhbəri Sübhan Əliyev əməkdaşımızla söhbətində onların sərbəst buraxıldığını bildirib: “Petardanı saxlamışdıq ki, qələbə qazananda yandırarıq. Amma komanda uduzduğu üçün uşaqlar əsəbləşmişdilər. Polislər də bundan sonra üstümüzə gəldilər. 2 nəfəri maşına mindirib apardılar. Elə məni də aparmaq istəyirdilər, uşaqlar imkan vermədi. “Neftçi” klubundan da bölməyə zəng vurmuşdular. Gecə saat 2-də həmin uşaqları sərbəst buraxdılar”.

 

Əliyev baş verənlərə görə, “Qəbələ”nin müdafiəçisi Təmkin Xəlilzadəni də günahlandırıb: “Komanda uduzduğu üçün azarkeşlərin gözündə alov var idi. Heç kim məğlubiyyəti həzm edə bilmirdi. Uşaqlar ağlayır, ayaq üstə dura bilmirdilər. Polislər də o anda üstümüzə çox gəldi. Bir az anlaşılmazlıq yarandı. Baş verənlərdə Təmkin Xəlilzadənin də rolu oldu. Tez-tez yerə yıxılıb vaxt aparırdı. Qalmaqalın başlamasına səbəb elə bu oldu”.

 

Qeyd edək ki, “Qəbələ”yə səfərdə qalib gələn (2:1) “Neftçi” öz meydanında 1:3 hesabı ilə məğlub olduğundan, finala adlaya bilməyib.

Xəbər lenti