27 Dekabr 13:48 Sədr Əliyar Ağayevdən razı deyil: Kollina deyib ki...
FUTBOL xəbərləri 27 Dekabr 13:48
4106 baxış

Sədr Əliyar Ağayevdən razı deyil: Kollina deyib ki...

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun apasport.az saytına müsahibəsi

 

- Başa çatmaqda olan 2017-ci ili hakimlərimiz üçün necə dəyərləndirərdiniz?

- Hesab edirəm ki, il hakimlərimiz üçün yaxşı keçdi. Əliyar Ağayevin Avropa Liqasının qrup mərhələsində oyunlar idarə etməsi ən böyük uğurlarımızdan biridi. Çempionat matçlarında da idarəçilik ümumilikdə yaxşı oldu. Dünən Rusiya mətbuatında oxudum ki, onların çempionatında hər tur 2-2,5 kobud səhv qeydə alınır. Düzdü, bizdə də 2-3 oyun olub ki, nəticəyə təsir edən səhvə yol verilib. Amma bu, çox kiçik faizdi. Buna görə də, ili normal keçirdiyimizi düşünürəm.

 

- Ümidlərinizi doğrultmayan hakimlər oldumu?

- Məni daha çox yaxşı mənada təəccübləndirən hakimlər oldu. Bunlar Ömər Paşayev, Rauf Cabbarov və İnqilab Məmmədovdu. Adlarını çəkdiyim referilər çox “artırıblar”, stabil idarəçilik edirlər. Amma digərlərində inkişaf görmədim, necə idilərsə, o cür də qalıblar. Ümid edirəm ki, təlim-məşq toplanışından sonra daha yaxşı səviyyəyə qalxacaqlar.

 

- Mövsümün ikinci yarısında Premyer Liqada yeni hakim görə bilərikmi?

- Desəm ki, görəcəyik, yalan olar. Ancaq bir neçə perspektivli gənc hakimi özümüzlə toplanışa aparacağıq. Onlara böyük ümidlərimiz var. Ola bilsin ki, həmin uşaqları gələn mövsümün əvvəlində Premyer Liqada görə bildik. Niyə bu mövsümü demirəm? Çünki ikinci yarıdan medallar uğrunda mübarizə kəskinləşir. Bu səbəbdən risk etməyə çəkinirik. Həmin hakimlərə Antalyada çox oyun verəcəyik ki, orda səhv etsinlər, burda yox.

 

- Ən çox tənqid olunduğunuz məqam hakim qıtlığı ilə bağlıdı...

- Sözünüzü də kəsirəm. Belə bir şey yoxdu, qıtlıqdan söhbət gedə bilməz. Qıtlıq olsaydı, eyni adamlar hər turda oyun idarə edərdilər. Bizdə isə elə olur ki, hansısa hakim 2-3 tur təyinat almır. Bir turda cəmi 4 görüş olur və 10 baş hakimimiz var. Onlar istər-istəməz ən azı bir tur buraxmalı olurlar. Qıtlığı bəzən uşaqların oyunlarına hakimlər göndərməyimizlə əlaqələndirirlər. Bu, şəxsən mənim təşəbbüsüm olub. Sovet dövründə güclülər dəstəsinin hər bir hakimi il ərzində uşaq çempionatının minimum 15 oyununu idarə etməli idi. Mən də bunu tətbiq etmişəm. Məsələn, FİFA hakimlərindən biri uşaqların oyununu idarə edəndən sonra ondan soruşdum ki, atmosfer necə idi? Bildirdi ki, valideynlər yaxınlaşıb minnətdarlıq edirlər, deyirlər ki, nə yaxşı siz gəlmisiniz. FİFA referisinin getməsi yeniyetmə uşaqlar üçün bayramdı. Gedib evdə fərəhlə deyirlər ki, bu gün oyunumuzu Əliyar Ağayev idarə etdi. Digər tərəfdən uşaqların oyununda sonuncu ümid foluna görə qırmızı vermək məcburi deyil. Və ya autu səhv atanda topu rəqibə verməyə də bilərsən. Autu səhv atdı, epizodun birində yaxınlaş, bunu izah elə. Uşağa qırmızı vərəqə verməyə ehtiyac yoxdu. Belə baxanda elə böyük oyun deyil ki, FİFA hakimlərini ora göndəririk. Sadəcə bu, pedaqoji yanaşmadı.

 

- FİFA hakimlərindən söz düşmüşkən, Əliyar Ağayevin builki idarəçiliyi ilə bağlı həm sizin fikriniz, həm də UEFA-dan gələn rəy nədi?

- Bu sualın ikitərəfli cavabı var. Əliyarın beynəlxalq aləmdəki idarəçiliyinə söz ola bilməz. Qiymətləri yüksəkdi və UEFA da onun haqda yaxşı fikirdədi. Amma Əliyarın daxili oyunlardakı idarəçiliyindən şəxsən mən razı qalmadım.

 

- Tez-tez səfər etdiyini nəzərə alsaq, bunu yorğunluqla əlaqələndirmək olarmı?

- Yorğunluq deməzdim, onun fiziki hazırlığına söz ola bilməz. Sadəcə, Əliyar avrokubokdakı idarəçiliyi burda da tətbiq etmək istəyir. Açıq deyim, çempionat baxımından hələ buna hazır deyilik. İstər Əliyar, istər Rəhim, istərsə də Ömər avrokuboklarla daxili çempionatda fərqli idarəçilik edirlər. Bizim komandalar mübarizəni qəbul edə bilmirlər, toxunan kimi, cərimə zərbəsi tələb edirlər. Bu 3 FİFA referimiz istəyir ki, çox fit çalmasın, mübarizə getsin ki, temp aşağı düşməsin. Amma başa düşmürlər, deyirlər ki, oyunu saxla. Heç nədən qalmaqallar, mübahisələr yaranır. Bizim mentalitetimiz hələ o səviyyəyə çatmağımıza imkan vermir.

 

- Əliyar Ağayevin yayda I kateqoriyaya keçmək ehtimalı varmı?

- Şans var. Əminliklə nəsə söyləmək istəmirəm, sonra deyəcəklər ki, Xaqani Məmmədov hamını aldatdı. Kuratorumuzla bu barədə danışmışam. Deyir ki, Əliyarın heç bir problemi yoxdu, inkişafdadı. Sadəcə, Pyerluici Kollina deyib ki, ona bir il də baxaq. Bilmirəm bu, yaşının azlığı, yoxsa tam əmin olmamaları ilə bağlıdı. Bu il də bütün qiymətləri yüksək olub. Orda isə qiymətlər əsas götürülür.

 

Ruslan SADIQOV

Xəbər lenti