[b]Səksəkədəki “Neftçi”: Şablon fikirlər, azarkeşlərə hörmətsizlik... [/b]
21.06.2018 - 11:36
[b]Səksəkədəki “Neftçi”: Şablon fikirlər, azarkeşlərə hörmətsizlik...
[/b]

Avropa Liqasının püşkatması “Sevilya”nın canına vəlvələ salıb. Turnirin qat-qat qalibi indi II mərhələdən mübarizəni dayandırmaqdan qorxur. Axı üstünə “Neftçi” gəlir.

Necə ki, eyni qorxu elə “Neftçi”ni bürüyüb. Amma Kamran Quliyevin qurduğu kollektivin gözünü “Sevilya” yox, “Uypeşt” qorxudub. Baş məşqçinin, futbolçuların klubun saytına açıqlamalarından belə qənaətə gəlmək olar ki, “Uypeşt” dönüb olub “Sevilya”.

İlk baxışdan Macarıstan futbolu bizim üçün təhlükəli səslənə bilər. Axı son Avropa çempionatının iştirakçısı olmuş ölkədən söhbət gedir. Amma bu ölkədə keçirilən çempionatın dərinliklərinə varanda vəziyyətin bizim üçün sevindirici olduğunu görərik.

Elə təkcə Macarıstanın klub reytinqinə görə 36-cı, Azərbaycanın isə 23-cü pillədə qərarlaşması hər şeyi gün üzünə çıxarır. “Açıq bazar”ın getdiyi çempionatın nümayəndələrinin avrokuboklardakı nəticələri “göz qamaşdırır”.

“Neftçi”nin rəqibi “Uypeşt” isə adına layiq şəkildə illərdi “uyuyur”. Son ölkə çempionluğunu ötən əsrdə (1997-98) qazanmış, XXI əsrin ilk 18 ilində isə 3 dəfə gümüş, 1 dəfə bürünc medala sevinmiş rəqibi qaldırıb dağın başına qoymağı xalqın komandası özünə yaraşdırmamalıdı.

Az qala yaddan çıxmışdı, “Uypeşt” titul da qazanmağı bacarıb. Son mövsüm Macarıstan kubokunun qalibi olub: yarımfinalda aşağı liqaya yuvarlanan, finalda isə ortabab (adlarını, bəlkə də, indiyə qədər eşitməmisiniz) komandanı bəxtə-taleyə məğlub etməklə. Həmin “Uypeşt” 9 ildən sonra avrokubokda iştirak imkanı qazanıb və bu 18 ildə II mərhələdən o tərəfi görə bilməyib.

Ümumiyyətlə, Macarıstanın son illər Avropa arenasındakı ən güclü komandaları “Ferensvaroş” (2004-05), “Debretsen” (2010-11) və “Videoton” (2012-13) hərəsi cəmi 1 dəfə Avroliqanın qrupunu görüb ki, bunun da üzərindən xeyli vaxt keçib. Azərbaycan klubları üçün isə artıq Avropa Liqasının qrupu uğur deyil. Avrokuboklarda yüksək “level”ə keçən komandalarımızın I mərhələdə mübarizəni dayandırması bir tərəfə, hətta rəqibdən çəkinməyə belə haqqı yoxdu.

Yəni “Neftçi”nin baş məşqçisi Roberto Bordinin “Uypeşt” kifayət qədər güclü kollektivdi”, kapitanı Ruslan Abışovun “Macarıstan futbolunun nə qədər güclü olduğuna bələdik. Belə güclü çempionatdan Avropa Liqasına vəsiqə qazanan komanda zəif ola bilməz” kimi gülünc fikirləri mümkün fiaskonu indidən sığortalamaq cəhdindən başqa heç nə deyil. Deyəsən, Macarıstan çempionatını İspaniya La Liqası ilə səhv salıblar. Rəhmətlik Böyükağa Hacıyev olsaydı, “Uypeşt” kimdi, “Sevilya” məndən qorxsun” deyərdi.

Açığı, bu fikirlərin Bordin və Abışov tərəfindən işlədildiyi də müəmmalıdı. Yəqin belə şablon cümlələri onların adından yazmaq, mətbuata “yenilik”lərlə gələn klubun mətbuat xidməti üçün çətin olmaz.

 “Neftçi” cəbhəsində işlədilən ehtiyatlı cümlələr də onları növbəti mərhələyə adlamaq məcburiyyətindən xilas etmir. Hər halda, 700 minlik baş məşqçini, yüksək ödənişli Dabonu gətirən klubun canına qorxu salması ilk növbədə onun azarkeşlərinə hörmətsizlikdi.

“Neftçi”nin “Uypeşt”dən qorxması, “Sevilya”nın “Neftçi”dən qorxması kimi bir şeydi. Qorxunu İspaniya səfərinə saxlayın, cənablar!

0