[b]“Sevilya” “Neftçi”ni gözləyir” – Dario Frederiko[/b]
13.07.2018 - 00:30
[b]“Sevilya” “Neftçi”ni gözləyir” – Dario Frederiko[/b]

“İlk dəqiqələrdən oyuna yaxşı kökləndik. Qapımızda erkən qol buraxmağımıza baxmayaraq, toplarlanıb vacib qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yarımmüdafiəçisi Dario Frederiko deyib.

 

Braziliyalı hücumameylli oyunçu Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Uypeşt”lə keçirilən (3:1) matçdan sonra brifinq keçirib və jurnalistlərin suallarını cavablandırıb.

 

- Erkən qol buraxdıqdan sonra toplarlanmağı və 3 qol vurmağı nəyə borclusunuz?

- Gözlənilmədən qol buraxdıq. Ani səhvdən rəqib yararlandı. Buna baxmayaraq, baş məşqçinin tapşırıqlarından düzgün faydalanaraq, rəqibin boşluqlarından istifadə etdik.

 

- Bəzi epizodlarda anlaşmazlıq hiss olunurdu. Komanda hələ tam hazır deyil?

- Komandanın tam formalaşması üçün vaxt lazımdı. Baş məşqçimiz hələ ki, təməli qoyur. Yeni gələnlər də bu sistemə artıq öyrəşməlidilər.

 

- 3:1 hesablı qələbə növbəti mərhələyə adlamaq baxımından sizə nə qədər kömək olacaq?

- 3:1 hesabı yaxşı nəticədi. Ancaq bu o demək deyil ki, artıq növbəti mərhələdəyik. Cavab görüşünə ciddi hazırlaşıb, səfərə yaxşı nəticə üçün getməliyik.

 

- “Uypeşt” Macarıstanda sizə təhlükə yarada biləcək komandadı?

- Əlbəttə. “Uypeşt” evdə oynayacaq. Doğma azarkeşlər önündə çıxış etmək əlavə motivasiya deməkdi. Çünki onların 12-ci oyunçuları olacaq. “Uypeşt” hər bir rəqibə təhlükə yaratmağı bacaracaq komandadı. Bu üzdən səfərdə baş məşqçinin tapşırıqlarına düzgün əməl etməyə çalışacağıq.

 

- “Sevilya” “Neftçi”ni gözləyir, yoxsa “Uypeşt”i?

- İlk oyunun nəticəsinə görə, demək olar ki, “Neftçi”ni gözləyir.

 

- Növbəti rəqibin “Sevilya” olması sizə əlavə motivasiya verirmi?

- Əlbəttə ki, hər bir futbolçu “Sevilya” kimi kluba qarşı oynamaq istəyər. Hələ bilmək olmaz ki, “Sevilya” ilə biz qarşılaşacağıq. Növbəti oyunu düşünməliyik. Ordan sərfəli nəticə ilə döndükdən sonra “Sevilya” barədə fikirləşmək olar.

0