[b]SOCAR-ın hesab istəyəcəyi gün və ya kimlərə qaldı "Neftçi"?[/b]
22.07.2018 - 18:08
[b]SOCAR-ın hesab istəyəcəyi gün və ya kimlərə qaldı "Neftçi"?[/b]

“Respublika əhalisi arasında, xüsusilə də, gənclərdə güclü narazılıq baş qaldırıb ki, bu, arzuolunmaz nəticələrə gətirib çıxara bilər... Etiraz əlaməti olaraq, Neft Daşlarında bəzi fəhlələr işə çıxmaqdan boyun qaçırıblar”... Bu ifadələr Heydər Əliyevin az qala yarım əsr öncə "Neftçi"ni futbol üzrə SSRİ çempionatının güclülər dəstəsindən uzaqlaşdırmaq istəyən sovet hökumətinin rəhbərliyinə müraciətindən kiçik bir hissədi.

 

Futbolumuzun "flaqman"ını hər zaman diqqətdə saxlayan Ulu Öndər o zaman "Neftçi"ni I dəstəyə göndərilib, bəlkə də, dağılmaqdan xilas etdi. O, hər zaman "xalq komandası"na qarşı diqqətli idi və "Neftçi"yə qarşı hər hansı haqsızlığa anında müdaxilə edərdi.

 

Ümumiyyətlə, "Neftçi" hər zaman - istər sovet, istər müstəqillik dövründə diqqət mərkəzində olub. Təsadüfi deyil ki, ötən əsrin sonlarında "xalq komandası"nı dağılmaqdan və müflis olmaqdan qorumaq üçün ölkə tarixinin ən dəyərli şəxsiyyətlərindən olan Aqil Paşayev şəxsən klubu himayəsinə götürmüşdü.

 

Təəssüf ki, Aqil Paşayev kimi xarizmatik prezidentləri olmuş və bu günlərə qədər ümumxalq sevgisini qorumuş komanda son dövrlər bir qrup şəxsin qazanc mənbəyinə çevrilib. Klubun hazırkı prezidenti Kamran Quliyevin hansı xidmətlərinə görə bu vəzifəyə təyin olduğu hamı üçün qaranlıq məqamdı. Quliyev əyalət klubu ilə heç bir yaddaqalan uğura imza atmasa da, "Sumqayıt"ın prezidenti olduğu dövrdə klub üçün heç bir yaddaqalan iş görməsə də, bir gün ərzində "Sumqayıt"dan istefa verib "Neftçi"nin prezidenti oldu.

 

Həm keçmiş, həm də indiki klubunun azarkeşlərinin rəğbətini qazana bilməyən Quliyevin ilk çıxışları, vədləri çox şirin idi. Amma vaxt gəldi, vədə yetişdi transferlərə…

 

Ölkənin, bəlkə də, ən yaxşı legioneri İqnasio Erreradan rahatlıqla imtina edən Quliyevin vədlərinə inanan azarkeşlər "Naço" ləqəbli çililidən qat-qat güclü futbolçuların transfer olunacağını gözləyirdi. Əvəzində Azərbaycanın demək olar bütün klublarına 50-60 minə təklif olunan xorvat Braliçlə illik 120 min dollarlıq müqavilə bağlandığı, onunla yanaşı, keyfiyyəti "Neftçi" səviyyəsindən çox aşağı olan Paratski və Dario kimi legionerlər, Rəşad Eyubov, Tural Axundov kimi yerli oyunçular, ən nəhayət, "transferlərə mən qarışmıram" kimi absurd və biabırçı açıqlama verən baş məşqçi Roberto Bordin komandanı Avropada zirvələrə daşımaq üçün həddindən artıq şişirdilmiş rəqəmlər ödənərək "Neftçi"yə gətirildi. Sonluq məlumdu - Budapeşt faciəsi.

 

Əslində, Kamran Quliyev gələnə kimi "Neftçi"də kifayət qədər bacarıqlı və təmiz kadr var idi. Məsələn, Elnur Eyvazov. SOCAR-ın ayırdığı maliyyəyə nəzarət üçün təyin etdiyi gənc vitse-prezident Quliyevdən daha bacarıqlı və daha təmiz kadrdı. Klubdakı rəhbərlik dəyişikliyi də onun təşəbbüsü ilə olub - qış transferlərindəki yeyintilərə görə. Eyvazov klub prezidentliyini Quliyevdən min dəfə çox haqq edirdi. Çünki klubu batmağa qoymayan birinci adam idi. Amma Kamran bəyin daha yaxşı danışıq qabiliyyəti SOCAR rəhbərliyini də aldatdı. Onlar da Quliyevin nağıllarına inandığından, Eyvazovun xidmətlərini ciddiyə almadılar.

 

Budur, gəldiyi gündən "Neftçi"yə layiq olmadığını hər addımında sübut edən Quliyevin xidmətləri avrokuboklardakı ilk rəqiblə qarşılaşmadaca ortaya çıxdı. Quliyev yəqin ki, bir dindar olaraq çox razıdı. Deyilənlərə görə, ayda 20 min manat maaş alır və tez-tez "Allah bərəkət versin" deyir. Üstəlik, Braliç, Paratski, Dario, Rəşad, Tural və s. və i.

 

Bu, işin görünən tərəfidi. Görünməyən tərəflər isə bundan qat-qat çoxdu. SOCAR-ın Quliyevin şirin dilinə aldanıb artırdığı büdcənin hara xərclənməsinin hesabını soruşacağı gün uzaqda deyil. Həmin gün həm də Kamran Quliyevin "Neftçi"nin tarixində ən qısamüddətli prezident kimi tarixə düşməsini rəsmiləşdirəcək gün olacaq…

 

İxtiyar ƏSGƏROV

0