[b]“Son 25 dəqiqə bizim üçün kabus oldu” – kim nə dedi?[/b]
16.02.2017 - 10:29
[b]“Son 25 dəqiqə bizim üçün kabus oldu” – kim nə dedi?[/b]

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki görüş keçirilib. Apasport.az saytının məlumatına görə, həm “Bavariya” – “Arsenal”, həm də “Real” – “Napoli” matçında ev sahibləri qələbəyə imza atıblar.

 

“Real” “Napoli”ni 3:1 hesabı ilə üstələdiyi halda, “Bavariya” “topçular”ı daha böyük hesabla məğlub edib – 5:1.

 

Hər iki oyundan sonra komandaların baş məşqçilərinin səsləndirdiyi fikirləri sizə təqdim edirik.

 

Karlo Ançelotti (“Bavariya”nın baş məşqçisi): “Əla oyun keçirdik. Matça uğurlu start verdik. Amma “Arsenal” hesabı bərabərləşdirə bildi. İlk hissədə problemlə üzləşdik. İkinci hissədə isə oyuna daha yaxşı kökləndik və lazım olan balansı tapa bildik. Bu vaxta qədər xeyli sayda uğurlu matçlar keçirmişik. Bu mənada, “Arsenal”la qarşılaşmanın bizim ən yaxşı oyunumuz olub-olmadığını deyə bilmərəm. Fasilədən sonra fiziki cəhətdən “artırdıq”. Düşünürəm ki, məhz bunun hesabına böyük fərqlə qalib gəldik. Arsen Venger təcrübəli mütəxəssisdi, amma bu, futboldu. O, üzləşdikləri vəziyyətdən çıxış yolu tapmağa qadirdi. Bu, final matçı deyildi. Hələ bizi cavab oyunu gözləyir. Münhendə qeydə alınan nəticə bizə çox vacib idi, amma gələcəklə bağlı hər hansı səhv buraxmaq istəmirik. Üstünlüyümüz olsa da, problemlə üzləşməmək üçün Londonda da yaxşı oyun keçirməli, eyni konsentrasiyanı saxlamalıyıq. “Arsenal” həmişə təhlükəlidi, xüsusən də, əks-hücumlarda”.

 

Arsen Venger (“Arsenal”ın çalışdırıcısı): “Qəribə oyun alındı. İlk hissəni yaxşı keçirdik və fasilə öncəsi iki qol imkanımız oldu. Amma ikinci hissənin əvvəlində - 53 və 56-cı dəqiqələrdə iki qol buraxdıq. Əsas problem də buraxdığımız məhz 3-cü qoldan sonra başladı. Biz psixoloji cəhətdən sınmış vəziyyətdə idik və konsentrasiyanı itirdik. Son 25 dəqiqə bizim üçün kabus oldu. Görünən o idi ki, “Bavariya”ya cavab verəcək gücdə deyildik”. 

 

Zinəddin Zidan (“Real”ın baş məşqçisi): “Matç bizim üçün yaxşı başlamadı. Amma buraxdığımız qol oyun fəlsəfəmizə təsir etmədi. Təbii ki, qapımızdan qol buraxmadan qalib gəlmək istəyirdik. Amma hesabda geri düşdükdən sonra 3 qol vurmaq da yaxşı göstəricidi. Benzema oyunun həlledici məqamlarında xarakter nümayiş etdirdi. Kərim bu gün daha çox qol vura bilərdi. Onu qol epizodlarını xərclədiyinə görə tənqid edirlər. Amma Benzema rəqibin qapısı qarşısında həmişə gərginlik yaradır və komandaya böyük fayda verir. Arxayınlaşmaq olmaz. Şanslar əvvəlki kimi bərabərdi. Qarşıda cavab matçı var və bizim üçün ağır oyun olacaq”.

 

Mauritsio Sarri (“Napoli”nin çalışdırıcısı): “Əvvəlki oyunlarımızla müqayisədə ən böyük fərq o idi ki, hücuma keçdiyimiz anlarda çoxlu top itkilərinə yol verirdik. Bu isə bizə çətinlik yaradırdı, müdafiəçilərin işini artırırdı. Dünyanın ən güclü komandası ilə qarşılaşdıq. Fikrimcə, “Real” son 3 ay ərzində ən yaxşı oyununu keçirdi. Bunu onların bu müddətdəki bütün oyunlarını izlədiyim üçün deyirəm. Biz isə zəif təsir bağışladıq. Təəssüf ki, topla hərəkət edərkən çoxlu səhvlər buraxdıq. Halbuki heç vaxt bu qədər səhvə yol verməmişdik. Cavab matçında 2:0 hesabı ilə qalib gəlməyə çalışacağıq. Öz oyunumuzu göstərə bilsək, rəqiblə başabaş mübarizə aparmaq olar”.  

 

Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşləri isə martın 7-də keçiriləcək.

 

0