[b]Şou, yoxsa mükafatlandırma mərasimi?[/b]
22.05.2018 - 15:54
[b]Şou, yoxsa mükafatlandırma mərasimi?[/b]

Peşəkar Futbol Liqası (PFL) dünən növbəti şousunu elədi. Öyrəşmişik bu qurumun oyunlarına. Ölkə kubokunun finalında gah göydən paraşütlə nəsə atırlar, gah maraqlı ssenariləri olur, gah tanınmış müğənnilər gəlir, bunlar hamısı xub, amma bu dəfə alayı şou idi.

 

Nəinki Azərbaycanda, bütün dünyada analoqu olmayan bir hadisə idi. PFL 8 komandalı ölkə çempionatının ilk 3 yeri tutan komandalarını bir stadiona doldurub medal paylayırdı.

 

Məşhur filmdə deyir e, "hamısını doldurub bir damın altına, "qalxoz" eliyif". Və yaxud da, "sizi bura yığmaqda məqsədim budur ki...

 

Mən ölüm, zor hərəkət deyil?

 

Elə bilirsiz bunu hər ölkə bacarır?  

 

Azərbaycan futboluna yad bir adam bu yazdığım sətirləri oxusa, fikirləşər ki, görəsən, üç komandanın, həm də ayrı-ayrı vaxtlarda Avropa və Çempionlar Liqasının qrup mərhələsində oynamış, guya ölkənin "qaymaq" komandalarının azarkeşləri bir stadiona necə yerləşdi?

 

Gülməlidi. 3 komanda stadiona cəmi 3 min adam yığa bilmişdi.

Hə,  gülməli və ağlamalıdı.

 

Həmişə demişəm, Azərbaycanda nə "Qarabağ", nə "Neftçi", nə də "Qəbələ" azarkeşləri yoxdu. Varsa da uzağı 1000 nəfərdi.

 

Çempionlar Liqası (ÇL) qrup oyunlarında Olimpiya Stadionunu dolduran on minlər sizi aldatmasın. Onlar ora “Qarabağ”a azarkeşlik eləməyə yox, ÇL oyununa baxmağa gəlmişdilər. Sizi əmin edirəm, sabah "Səbail" həmin mərhələdə oynasın, arena yenə dolu olacaq. Amma daxili çempionatda həmişəki kimi stadionda "qu desən qulaq tutulacaq".

 

Yaxşı bəs bunun səbəbi nədi? Günahkar kimdi?

 

AFFA-dı, PFL-di: Ona görə ki, rəqabətsiz çempionat, maraqsız oyunlar, bölgələrdə məhv olmuş futbol məhz onların əl işləridi.

 

Klublardı: Ona görə ki, azarkeşlərinə hörmət etmirlər. 2 tək, bir cüt adam var, onu da küsdürürlər.

 

Götürək elə turun son oyununu. Olmazdı ki, bu matç Qəbələdə keçiriləydi, yerli azarkeşlər də (üçdü, beşdi, hər nədi, hər halda onların haqqıdı) öz komandalarını medal alanda alqışlayardılar?

 

Və ya "Qarabağ" - axırıncı dəfə nə vaxt bu komanda mükafatını əsl azarkeşlərinə - ağdamlılara təqdim edib?

 

Bunlar səbəblərdən sadəcə ən xırda olanlarıdı. Əslində isə bir vaqon səbəb sadalamaq olar.

 

Bir sözlə, üç böyük klubun (bunlardan biri ölkənin ən köklü komandası, biri yeganə bölgə təmsilçisi, biri də son mövsüm ÇL qrup mərhələsinin iştirakçısıdı) medal mərasiminə, üst-üstə 3 min adam yığa bilmə(mə)si fiaskodu, biabırçılıqdı.

 

Zaur

0