[b]Tərlan Əhmədov: Allahın bacısı oğlu deyiləm ki…[/b]
17.02.2018 - 21:20
[b]Tərlan Əhmədov: Allahın bacısı oğlu deyiləm ki…[/b]

“Açığı, oyuna pis başlamamışdıq. Ancaq istər-istəməz 2 səhv matçın taleyini həll etdi. Mənə dedilər ki, orada penalti yox idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə “Sumqayıt”la qarşılaşan “ağ-qaralar” 0:2 hesabı ilə məğlub olub.

 

Matçdan sonra açıqlama verən mütəxəssis sualları da cavablandırıb: “Mübarizə davam edir. İlk hissədə ürəkaçan çıxış etmədik. İkinci yarı daha yaxşı alındı. Məğlubiyyətin səbəbkarı mənəm. Həyat davam edir. Qarşıda çətin oyunlar var, amma “Neftçi” öz sözünü deyəcək. Arxayınam ki, oyundan-oyuna artıracağıq. Mən bura gələrkən bir xalımız var idi. Bacardığımız qədər irəli gedəcəyik. Hədəfimiz Avropa Liqasına düşməkdi”.

 

- Ötən həftə Lukas Qomesin oyunundan razı qaldığınızı bildirdiniz. Ancaq bu gün ehtiyatda qaldı...

- Ötən həftə Mirabdulla Abbasov oyuna daxil oldu və qol vurdu. Onun haqqı idi ki, əsas heyətdə meydana çıxsın. Hər halda Mirabdulla potensiyallı futbolçudu. Sadəcə yenə deyirəm, onun gücü imkan vermir ki, 90 dəqiqə oynasın.

 

- Ramin Musayev bu gün mətbuata açıqlamasında bildirdi ki, Tərlan Əhmədovu cəzalandıracam. Bu məsələyə münasibətiniz necədi?

- Ramin Musayev haqda çox söz-söhbətlər var. Mənim işim meydançadadı. Oyunla bağlı sualınız varsa, verin. Matça 2 gün qalandan mətbuatı oxumadım. Çünki başım işimə qarışıb.

 

- Qarşılaşmaya bir gün qalmış böyük dəyişikliklər baş verdi. “Sumqayıt”ın prezidenti Kamran Quliyev “Neftçi”yə təyin olundu...

- Bu dəyişiklikləri sponsorlar bilər. Bu işə biz qarışa bilmərik. Məsləhət biliblərsə, demək razılaşmalıyıq. Rəqibin sürprizini isə görmədim.

 

- “Neftçi”də hər zaman məşqçilərə təzyiq olub…

- Sentyabrdan bu yana heç bir təzyiq görməmişəm. Kənarda nələr baş verir, xəbərim yoxdu. Heç bu barədə nəsə bilmək də istəmirəm. Mənə lazımdı ki, “Neftçi” yaxşı oynasın. Əstəğfrullah, Allahın bacısı oğlu deyiləm ki, möcüzələr yaradım. İnşallah, yavaş-yavaş daha yaxşı olacaq.

 

- “Neftçi”nin yeni prezidenti bu gün mətbuata açıqlama verərkən bildirib ki, komandanın müdafiə xəttində müəyyən problemlər var. Bu barədə nə deyə bilərsiniz?

- Dünən görüşdük. Ancaq dediyim kimi, oyundan iki gün əvvəl nə mətbuatı oxuyuram, nə də başqaları ilə söhbət edirəm. Sırf nədən söhbət getdiyini bilmirəm.

 

- Komandada psixoloji durum nə yerdədi?

- Normaldı. Məğlubiyyətin mənfi təsiri çox olmamalıdı.

 

- Rəşad Sadiqov azarkeşləri söydü və siz futbolçunuzun tərəfini tutdunuz...

- Hər birimiz azərbaycanlıyıq. Bir-birimizə hörmətlə yanaşmalıyıq. Heç kim bir-birinin nəslinə, kökünə toxunmamalıdı. Sadəcə pis söz deyən adama dedim ki, ağsaqqal adamsan! Düzdü, Rəşad hər nə olsa, cavab qaytarmamalı idi. Ancaq o kişiyə də yaraşmaz ki, belə söyüş söysün. Biz dillənməyək, polis də kənardan baxsın. Olmaz axı...

0