[b]“Üçüncü adamı yerindən tərpətmək düzgün olmaz” - “Neftçi”nin yeni prezidenti [/b]
21.02.2018 - 12:52
[b]“Üçüncü adamı yerindən tərpətmək düzgün olmaz” -  “Neftçi”nin yeni prezidenti [/b]

“Neftçi” ölkənin ən tanınmış, ən titullu klubudu. Burda işləmək hər kəs üçün şərəfdi”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yeni prezidenti Kamran Quliyev deyib.

 

“Sumqayıt”ı “ağ-qaralar”a dəyişən Quliyev bu gün brifinq keçirib və jurnalistlərin suallarını cavablandırıb.

 

- “Sumqayıt” sizin rəhbərliyiniz altında uğurlu nəticələr qazanıb. “Neftçi”yə keçidinizdə bunun nə dərəcədə rolu oldu?

- Məni tanıyırlar, həm “Sumqayıt”da, həm də əvvəlki iş yerlərində kollektiv işin, komanda ruhunun tərəfdarı olmuşam. Özümə tərəfdaş seçdiyim adamlar həmişə mənə, işlədiyim təşkilata dayaq olublar. Bu gündən başlayaraq bir yumruq kimi birləşib işləyəcəyik. “Neftçi”nin yeni idman direktoru Ceyhun Sultanovu da sizə təqdim edirəm. Bütün futbol məsələləri, əsas, əvəzedici komanda və akademiyaya nəzarət onda olacaq. Onun “Sumqayıt”da gördüyü iş göz qabağındadı.

 

- “Sumqayıt”dan başqa kiminsə “Neftçi”yə gəlişi gözlənilirmi?

- Hazırda bu barədə söhbət getmir. “Sumqayıt” bizim üçün əziz yerdi. İndi ordan üçüncü bir adamı yerindən tərpətmək düzgün olmaz. Ancaq istisna olunmur ki, gələcəkdə “Neftçi”yə xeyir verəcək insanlar, bura üçün fədakarlıq edəcək insanlar gələ bilər.

 

- Samir Abasovun təyinatı necə, real görünürmü?

- Xeyr, real görünmür. O, “Sumqayıt”ın ən sadiq funksioneridi. Bizim baş məşqçimiz var. Tərlan Əhmədov klubumuzun, millinin tarixinə düşmüş mütəxəssisdi. Burda çalışan insanları tanımaq üçün mənə vaxt lazımdı. “Neftçi”də işləmək üçün insanda 3 xasiyyət olmalıdı: dürüstlük, fədakarlıq və sadiqlik əsas amillərdi. Çox sadiq həmkarlarım var. Maliyyə-təsərrüfat məsələlərinə cavabdeh olan şəxs, həmçinin idman direktorumuz var. “Neftçi”yə layiq olan insanlar bu klubda işləyəcəklər.

 

- “Neftçi”də hansı problemlərdən başlayacaqsız?

- Uşaqlıqdan qanımda “ağ-qara” var. Özüm neftçi ailəsində böyümüşəm. Dərin problemləri hələ görmürəm. Məncə, problem birliyin olmamasıdı. Mən işlədiyim yerlərdə ən önəmli məsələ klubdaxili ab-hava olub. Klubun ətrafındakı qeyri-sağlam imicin üzərində işləməliyik.

 

- “Sumqayıt”dakı kimi, burda da yerli futbolçulara üstünlük veriləcək?

- Heyətlə bağlı məsələlərə nəinki “Sumqayıt”da, o cümlədən “Neftçi”də də qarışmıram. Baş məşqçinin tələbi ilə mövqe üzrə futbolçular axtarılır. Bu məsələ ilə idman direktoru və onun rəhbərlik etdiyi komanda məşğul olacaq. Baş məşqçinin razılığı ilə futbolçu gətirilə bilər. Dünyada ayrı bir model yoxdu. “Neftçi”nin yerli futbolçularla oynamaq üçün böyük potensialı var. Buna böyük önəm verəcəyik. “Neftçi” adına layiq, ən yüksək zirvələrdə olmalıdı. Bunun üçün vaxt lazımdı. Bir neçə güclü əcnəbi futbolçu gətirməliyik ki, rəqabət artsın, həmçinin yerlilər onlardan nəsə öyrənsinlər. Bu, bizim əsas strategiyamızdı.

 

- Cari mövsümdə klubun real hədəfi nədi?

- Bir həftə ərzində idman direktorumuz komandanın durumu ilə bağlı mənə hesabat təqdim edəcək. İlk baxışda nəsə görmək mümkündü. Amma bizə daha dəqiq məlumat lazımdı. Bundan sonra hədəfimizi müəyyənləşdirə bilərik. Çalışarıq ki, bu komanda ilə Avroliqaya düşək. Artıq “Neftçi”nin məsuliyyəti bizim çiynimizdədi.

 

- Mətbuatda PFL prezidenti Ramin Musayevlə aranızda söz-söhbət yarandı. Bu məsələyə aydınlıq gətirərdiniz...

- Ramin Musayev çox hörmət etdiyim insandı. “Sumqayıt” klubunun rəhbəri olanda onun qəbulunda olmuşam. Oyunlarımıza baxmağa gəlib, bizə dərin məsləhətlərini verib. Sadəcə, Ramin müəllimin bizim baş məşqçiyə aid olan sözlərinə klub kimi biganə qala bilməzdik. Fürsətdən istifadə edib demək istəyirəm ki, bizim belə bir siyasətimiz olacaq. Kluba kənardan heç bir müdaxilə ola bilməz. Amma kimsə tövsiyə, məsləhət vermək istəsə, biz ona qulaq asmağa hazırıq. Ramin müəllim əvvəlki "Neftçi" üçün çox darıxır. Hamiya güclü “Neftçi” lazımdı. Məncə, elə buna görə də belə açıqlama verib.

 

- Klubda maliyyə məsələsi ilə bağlı audit yoxlaması aparacaqsız?

- Klubun uğurlu işi üçün ən vacib məsələlərdən biri maliyyə stabilliyidi. O stabillik burda var. Vitse-prezident Elnur Eyvazov ilk gündən lazımi məlumatı mənə verib. Heç bir problem yoxdu. Maaşlar vaxtında verilir. Klubda oyunçuları motivasiya edən mükafat problemi yoxdur. Klubun layihələri var. Yaxın vaxtlarda bazanın tikintisinə start veriləcək. Yeni meydançalar istifadəyə veriləcək. Klubumuzun infrastrukturu ən yüksək səviyyədə olmalıdı.

 

- Cari mövsümdə avrokuboklara vəsiqə qazanılmasa, baş məşqçi postunda islahat gözlənilirmi?

- Bir həftə vaxt istəyirəm. Komandanı tanımaq lazımdı. Təbii ki, ardıcıl ikinci il avrokuboka düşməmək bizim üçün uğursuzluq olar. Komandada dəyişiklik etmək üçün burdayıq. "Neftçi" Azərbaycanı avrokuboklarda təmsil etməlidi. Avroliqaya düşmək lazımdı. “Sumqayıt” – “Neftçi” matçında göründü ki, komandada ciddi problemlər var. Amma birdəfəlik heç nə həll olunmur. Bizim əlimizdə sehrli çubuq yoxdu ki, birdən-birə dəyişiklik edək. Uğur qazanmaq üçün bizə hər cür şərait yaradılıb. Bizə vaxt lazımdı. Bilirik ki, “Neftçi” çox vaxt verilmir. Azarkeşlər bizdən uğur gözləyirlər və bunu da haqq edirlər. Azarkeşləri tribunaya gətirən əsas amil komandanın oyunudu. Onların bizdən küsməyə haqları var. "Neftçi" xalqın komandasıdı.

 

- “Sumqayıt” azarkeşləri klubdan ayrıldığınıza görə sizdən inciyiblər...

- "Sumqayıt" azarkeşlərinə artıq məktub hazırlamışam. Mənim üçün bu qərarı vermək çox çətin oldu. “Sumqayıt” həmişə ürəyimdə qalacaq. Bu klub mənim ilkim olub. “Sumqayıt” mənim üçün böyük məktəb idi. Amma "Neftçi"yə azarkeşlik edən insanların sayı qat-qat çoxdu. Elə incə məsələlər var ki, sözlə ifadə olunmur. Sumqayıt futbolu üçün əlimdən gələni etdim. Klubu ən yaxşı anında tərk etdim, pis vaxtda qoyub-getmədim.

 

- “Sumqayıt” futbolçulara böyük maaş vermirdi. “Neftçi”də də məvacib məsələsinə önəm verəcəksiz?

- Bizim idman direktorumuz həm daxili, həm də xarici bazarda futbolçuların qiymətini yaxşı bilir. İnanmıram ki, transfer məsələsində bizi kimsə aldada bilsin. Baş məşqçinin razılığı olmadan komandaya heç bir yeni oyunçu dəvət edilə bilməz. Maaş söhbətinə gəlincə, anlayıram ki, “Neftçi”yə gələn futbolçunun məsuliyyəti və ondan tələb olunan nəticə başqadı. Dünya praktikasında da belədi. “Levante”nin futbolçusu “Real” və ya “Barselona”ya keçəndə maaşı artır. Bu, qəbulolunandı. Lakin bazar qiymətləri çərçivəsində hərəkət etmək lazımdı. 5 manata layiq futbolçu "Neftçi"də 10 manat almayacaq. Hazırda problemimiz tək şişirdilmiş maaşlar deyil. Bəli, belələri var. Eləsi var ki, maaşı reallıqdan çox uzaqdı. Bu məsələlərə yayda baxılacaq. İndi isə heç nə edə bilməz. Çünki futbolçuların müqavilələri var. Həmin müqavilələrin üzərində “Neftçi”nin möhürü var və biz buna hörmətlə yanaşmalıyıq.

0