[b]“Uypeşt” – “Neftçi” - TƏHLİL[/b]
21.07.2018 - 19:19
[b]“Uypeşt” – “Neftçi” - TƏHLİL[/b]

Bakıda oynanılan və “Neftçi”nin “Uypeşt” üzərində 3:1 hesablı qələbəsi ilə yekunlaşan görüşdən sonra mənim də aralarında olduğum əksəriyyət komandanın ikinci təsnifat mərhələsinə adlamaq şanslarını yüksək qiymətləndirirdi. “Ağ-qaralar”ın Bakıda dişsiz görünən rəqibə qarşı Macarıstanda iki topluq üstünlüyü əldən verməsinin bir-iki potensial səbəbi ola bilərdi: önəmli itkilər, düzgün olmayan plan/yanlış realizasiya...

 

İndi isə keçək oyun sonrasına. Təxminləri və ehtimalları bir kənara qoyaq, meydanda nə baş verdi ki, “Sevilya” önünə çıxacaq komanda “Neftçi” yox, “Uypeşt” oldu – bu barədə.

 

İlk matçda əldə olunan üstünlüyü qorumağa çalışan “Neftçi” hücuma çıxarkən Anton Krivotsyuk və Məhəmməd Mirzəbəyovun irəli çıxacağı, top rəqibdə olanda isə onların müdafiəni beşləyəcəyi bir plan üzərində qərar qılmışdı. Plan hesabı qorumaqla yanaşı, ələ düşən əks-hücumları mümkün qədər dəyərləndirməkdən ibarət idi. Ancaq kağız üzərində görünənlər nə dərəcə reallaşdı? – keçək məsələnin əsas qisminə.

 

“Uypeşt”in heyətində ilk matçla müqayisədə iki dəyişiklik var idi. Neboyşa Vinyeviç iki Benjamin – Çeke və Balaşı əvəzedicilər skamyasında oturtmuş, əvəzində ilk oyunda Bakıya gəlmələri mümkün olmayan Obinna Nvobodo və Diallo Alassaneyə əsas heyətdə yer vermişdi. Komanda “Neftçi”nin müdafiə beşlisinə (5-3-2) qarşı hücum planında adətən 4-2-3-1 düzülüşündən istifadə edirdi.

 

“Neftçi” topu arxada qəbul etdiyi üçün macarların topla çıxarkən ilk zonanı keçməsi problemsiz ötüşürdü. Cinah müdafiəçiləri Paulyeviç və Burekoviçin önündə boş dəhliz olurdu deyə, cinahlara daşınan top birinci zonanın aşılması anlamına gəlirdi. Ara-sıra Rəhman Hacıyev buna mane olmaq üçün irəlidə Paulyeviçin üzərinə gedirdi. Ancaq bunun qarşılığında arxasında 40-50 m.lik rəqibin işləməsi üçün zona buraxırdı. Anton Krivotsyukla arasındakı məsafə olduqca böyük idi və bu, rəqibin işinə yarayırdı.

 

Qanadlardakı sərbəstlik səbəbindən “Uypeşt”in əsas hərəkət zonaları məhz o nöqtələrə hesablanmışdı. Xüsusilə də, “Neftçi”nin sağ cinahını qeyd edərdim. Kağız üzərində “Neftçi”nin tərəfində görünən yarımmüdafiə üstünlüyü isə realizasiyada sıfıra bərabər idi. Çünki rəqibin cinah müdafiəçilərinin önə çıxması üçün boş sahə var idi. Nəticədə ikinci zonada yaradılan üçbucaqlarla (sağda Paulyeviç-Sankoviç-Nvobodo, solda Burekoviç-Diallo-Nad) komanda topu üçüncü zonaya – hücuma daşıyırdı. Mərkəzdə isə Donat Şoter Boyan Sankoviç və Diallo Alassaneyə bu mənada yardım edirdi. Ümumiyyətlə, mənə görə matçın ən yaxşısı olan Şoter dayanmadan işləyir, lazım olan nöqtələrdə say çoxluğunu təmin edirdi.

 

Yuxarıda “Neftçi”nin sağ cinahından bəhs etmişdim. Rəqibin hücum planında diqqətimi çəkən bir digər məsələ bura ilə bağlı idi. “Uypeşt”in irəli xətt oyunçuları bir-birinə yaxın oynamağa çalışırdılar. Deməli, Novotnı “Neftçi”nin iki mərkəz müdafiəçisi arasına – Abışov və Braliç - sızır, Nvobodo və Nad cinahdan içə doğru yaxınlaşaraq daha iki müdafiəçini – Petrovla Mirzəbəyov zərərsizləşdirirdilər. Belə olan halda, “Uypeşt”in sol cinah müdafiəçisi Burekoviçin önündə “işləməli” olduğu boş zona açılırdı. “Neftçi”nin sağına hesablanmış bir digər plan isə “ağ-qaralar”ı sola toplayıb, sağa doğru oynamaq idi. Oyundan sonra rəqibin baş məşqçisi Neboyşa Vinyeviçin də dediyi kimi, matçı qanadların üzərinə yıxmaqla, istədiklərini alırdılar.

 

Bəs “Neftçi” toplu halda nə edirdi? Komanda istər qollardan öncə, istər sonra topla çıxmaqda da çətinlik çəkirdi. Bunu qeyd etmə səbəbim, ola bilər ki, birinci halda komandanın topu istəməməsi, bilərəkdən uzun oynaması ehtimalıdı. Emin Mahmudovun da əsas heyətdə olmaması işləri daha da mümkünsüzə çevirirdi. Qeyd olunmalı əsas məqamlardan biri isə keçid fazası idi. Onsuz da, Mirzəbəyov geri dönüşlərdə problem yaşayırdı. Bir tərəfdən də, ani qazanılan kimi itirilən toplar zamanı zona boyu irəliləməyə çalışan Məhəmməd komandanı çətinə salırdı. Braliç isə ya sığortaya gecikir, ya da uğursuz həmlələrlə yadda qalırdı.

 

Topsuz formada “Uypeşt” Nvobodo və Nadın geriyə çəkilib, ortanı dördlədiyi 4-4-2/4-4-1-1-ə keçirdi. Əslində, toplu formada 3-5-2-nin qeyd etdiyim düzülüşə qarşı xüsusilə də mərkəzdə böyük üstünlüyü var. Qeyd etdiyim kimi, Nvobodo və Nad arxaya gələrək, o üstünlüyü sıfıra endirir. Nisbətən sərbəst qalan – Anton (sonradan Tural Axundov) və Mirzəbəyov isə onsuz da, cinah-beki funksiyasını daşıya bilmirdilər. Ancaq onların önə normal formada çıxa bildikləri azsaylı hallarda isə rəqib arxada dişsiz qalan və topla təminatı sıfıra bərabər olan Dado və Darionu 2v2-nin öhdəsinə buraxaraq, öndə Məhəmməd və Antonu qarşılayırdı. Beləliklə, “Neftçi” meydanın istənilən zonasında neytrallaşdırılmışdı.

 

Belə də, yada dəyişikliklər və düzülüş həmlələri yada düşür. Ruslan-Tural, Anton-Karikari, Rəhman-Mirabdulla dəyişikliklərinə gedən və iş işdən keçdikdən sonra 4-3-3, 4-2-4-ə keçid edən Roberto Bordin bu mənada da sinifdə qaldı. Burda bir detalı qeyd etmək yerinə düşər. Hücumçu sayının artırılması ilə hücum keyfiyyətinin artırılması mövzusu artıq anlamını itirib. Üçüncü zonanı topla təmin edə bilmədikdən sonra 3, 4 və s. ön sahə oyunçusunu oyuna nə qədər istəyirsən cəlb et, bir anlam ifadə etmir. Bunun ən yaxşı nümunələrindən biri son dünya çempionatında Almaniya və Yoahim Lövün dəyişiklikləridi. Orda da bənzər situasiyanın şahidi olmuşduq.

 

Nəticə

“Neftçi” ilk matçda əldə etdiyi 2 topluq üstünlüyü qorumağa çalışmaq üçün müdafiə/əks-hücum planını seçsə də, sonda hadisələr plana uyğun cərəyan etmədi. Komanda taktiki baxımdan meydanın istənilən nöqtəsində, oyunun istənilən fazasında rəqibinə uduzdu. Həmçinin, fərdi səhvlər qaydasında getməyən vəziyyəti komanda adına daha da çətinləşdirirdi. Baş məşqçi Roberto Bordin isə baş verənlərə reaksiya verə bilmədi. Nəticə etibarı ilə “Uypeşt” 4:0 hesablı qələbəni və növbəti mərhələyə vəsiqəni tamamilə haqq etdi.

 

Rüfət MƏCİD

0