[b]Vay, vay, “ Neftçi” vay! [/b]
21.07.2018 - 15:39
[b]Vay, vay, “ Neftçi” vay!
[/b]

Deyirlər Azərbaycan futbolunun şah əsəri "Böyük oyun"larda "Xəzər Lənkəran" hesabda önə çıxdığı zaman cənublu azarkeşlərin ən çox səsləndirdiyi şüar bu olub. Bilmirəm, uzaq Macarıstanda hər dəfə "Neftçi"nin qapısına qol vurulanda yerli azarkeşlər hansı şüar səsləndirirdilər amma "ağ-qaralar" üçün əsl səslənməli olan məhz "Vay, vay, "Neftçi" vay" idi.

 

İlk oyunda qazandığı nisbətən uğurlu nəticə sonrası ölkənin ən yaşlı klubu rəqib önündə rəsmən "döyüldü". Bakıda matç sonrası hündür tribunaya hoppanan, ailəsi ilə qələbəni qeyd edən və deyilənlərə görə, italiyalı baş məşqçi Roberto Bordin əslində, o an turu uduzmuşdu. 81 illik tarixi olan klubun baş məşqçisi, Avropa Liqasının qrupunda oynayan komandanın "sükanı arxası"nda olan çalışdırıcı təsnifatın ilk raundunun nəticəsinə bu qədər sevinməklə əsl çəkisini göstərmişdi. Macarıstanda isə nə hoppanmağa tribuna, nə sevinməyə üz, nə də yumruq düyünləməyə şərait vardı.

 

Kamran Quliyev... "Apasport"un “izinə” düşdüyü adamı ekranda görə bilmədik. Görə bilməyimiz də o qədər real deyildi. Nə də olsa klub prezidenti futbolçu deyil ki, efirdə görəsən. Amma Quliyev də Bordin kimi ilk raundda məğlub olmuşdu. O raundun zəngi, eynən boksda "döyüşə başla" işarəsini əvəz edən zəng, "Sumqayıt" klubunu bir gündə  "Neftçi"yə dəyişəndə qara gəlmişdi. Quliyev tələm-tələsik iş yerini dəyişəndə anlamamışdı ki, "Neftçi" "Sumqayıt" deyil və əvvəlki iş yerində 0:4 kimi məğlubiyyətləri futbol ictimaiyyəti normal qarşılaşa da, "Neftçi"nin başında olarkən bunu həzm etdirmək mümkünsüz olacaq.

 

Bordini transferlərdən uzaq tutmaq kimi qeyri-peşəkar addım Kamran Quliyev kimi prezidentlərə uyğun addımdı və əslində, yeni baş məşqçi təyin olunmamış klubun transferlər həyata keçirməsi zamanı biz həyəcan təbilini çalırdıq. Deyirdilər "Apasport" qərəzli davranır, gözü götürmür” və s. "Sumqayıt"a bir avtobus dağıstanlı futbolçunu gətirmək olar, amma "Neftç" kimi tarixi kluba 60 minlik oyunçunu 2 dəfə yüksək qiymətə sırımaq olmur axı. Dünyanın yəqin ki, heç bir yerində baş məşqçi "mən transferlərə qarışmıram" kimi gülünc ifadə işlədə bilməz amma Quliyev bunu italiyalıya "dedizdirə", üstəlik "yedizdirə" bilmişdi.

 

Bu klub uşaq akademiyası deyil ki, baş məşqçinin transferlərdən xəbəri olmasın.  "Neftçi" heç AFFA-nın arxa baxçası olan "Sumqayıt" da deyil ki, kimi gəldi gətirəsən və sonra gətirdiklərindən istəyən oynaya, oynamayan gəldiyi kimi gedə. Samir Abasovun başına hava gəlməyibsə, deməli, dözümlü adamdı amma bütün futbol ictimaiyyəti Avropa biletinin bir ucu da deyil, tən yarısı əlində olan "Sumqayıt"ın sonda Avropa həyəcanından necə kənarda qalmasını anlamaqda çətinlik çəkir. Amma Kamran Quliyev əlində "rus ruletkası" oynaya-oynaya öncə Samir Abasovu, Abasovla birgə çörəyini yediyi "Sumqayıt"ı, üzünü ağ edən Tərlan Əhmədovu məhv etdi.

 

Nəhayət, ruletkada olan yeganə güllə Macarıstanda özünün gicgahına sıxıldı. Futbol ictimaiyyəti Quliyevli "Neftçi"nin gecə ilə gətirdiyi Bordinin öncə ayaqqabısını, sonra arxasını ən nəhayət, gerçək üzünü gördü. Biz isə Bordinin də, ondan xəbərsiz gələn transferlərin də, arxasını deyil, lap öncədən gerçək üzünü görüb yazmışdıq. İndi hamı yazır, hamı tənqid edir amma hamı aylar öncə gördüyü arxaların ağ olacağına ümidli idi, bizdən başqa. Biz deyirdik ki, bu arxalar "qara" olacaq, kimsə inanmırdı. İndi necə, inandınızmı?

 

 

0