26 Aprel 23:01 “Xəzər-Lənkəran”da hər şey Mircavadovdan asılıdır”
FUTBOL xəbərləri 26 Aprel 23:01
1176 baxış

“Xəzər-Lənkəran”da hər şey Mircavadovdan asılıdır”

“Xəzər-Lənkəran” klubunun məşqçisi Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi

- Uzun müddət “Olimpik-Şüvəlan” klubunun kapitanı olmusunuz. Bu gün sabiq komandanıza qarşı görüş sizin üçün adi oyunudur, yoxsa?
- Bəlkə futbolçu olsaydım, hansısa prinsipiallıq olardı. Ancaq cari mövsümdən məşqçiyəm və indi başqa işin sahibiyəm. Çalışıram ki, “Xəzər-Lənkəran”da öz işimi yaxşı görüm. Bu mənada “Olimpik-Şüvəlan”la görüş sıradan bir oyundur. Məndə nəinki bu, ümumiyyətlə, heç bir komandaya qarşı kin, ədavət yoxdur. Baxmayaraq ki, “Olimpik”in mənə borcu var.

- Bu problem hələ də yoluna qoyulmayıb?
- Artıq bu məsələnin üstündən keçmişəm. Borcla bağlı AFFA-ya da ərizə yazdım. Ancaq yenə ödənilməyib.

- Borc konkret nə qədərdir?
- 19900 dollar. Bilirsiniz, futbolçu həyatı qısadır. Oynadığın vaxtda qazandığın pula yaşamalısan. Ancaq elə alınıb ki, halalca qazandığımız pulu ala bilmirik.

- Siz oynadığınız vaxtda “Olimpik”in prezidenti Rəsul Rəsulov idi. Cari mövsümdə isə bu postda dəyişiklik oldu. Yeni prezident Vaqif Qasımov bu problemin ondan əvvəl olduğunu bildirir...
- Rəsul müəllimin vaxtında maliyyə problemləri var idi, maaşlarımız gecikdirilirdi. Elə olur ki, bir ay maaş alırdıq, üç ay yox. Həmin vaxt çətinlik var idi. Ancaq bununla belə, narazılıq etməyib, oyunumuzu davam etdirirdik. Rəsulov bizə borcun ödəniləcəyinə zamin durmuşdu. Demişdi ki, pulunuzu qəpiyinə verəcəyəm. Ancaq sözünün üstündə durmadı. Ondan sonra Vaqif müəllim prezident təyin olundu. Mən onu qınamıram da. Çünki Qasımov bu məsələni həll etmək iqtidarında deyil.

- Rəsulov postundan gedəndən sonra onunla görüşünüz, yaxud telefon söhbətiniz olub?
- Yox. Biz sözümüzün üstündən durduq, pulumuz verilməsə də, sonadək oynadıq. Ancaq əvəzində belə münasibət gördük.

- Baş məşqçiniz Ağasəlim Mircavadovun cəzası bitdi və “Olimpik-Şüvəlan”la kubok görüşündə yenə texniki zonada olacaq. Yəqin ki, Mircavadovun yoxluğunda siz köməkçilərə texniki zonada çətin idi...
- Əlbəttə. Mircavadov yanımızda olanda özünəinam hissimiz artır. Bilirsiniz, “Xəzər-Lənkəran”da hər şey Mircavadovdan asılıdır. Ağasəlim müəllim texniki zonada olanda bizə də rahat olur. İndi elə vaxtımızdır ki, belə bir təcrübəli mütəxəssisdən çox şey öyrənməliyik. Ancaq son 4 oyunda belə imkandan məhrum olduq.

- “Olimpik-Şüvəlan” siz oynadığınız vaxtla müqayisədə zəifləyib. İndi çoxları hesab edir ki, siz bu cütdə aşkar favoritsiniz və elə də çətinlik çəkmədən finala çıxacaqsınız...
- Mən belə deməzdim. Zəif komanda yoxdur. Hər bir rəqibə, o cümlədən “Olimpik”ə hörmətlə yanaşırıq. Zəif deyilən komanda sürpriz edə bilər. Bəli, biz oynadığımız komanda ilə indiki arasında dağlar qədər fərq var. O vaxt komandada birlik, gözəl ab-hava var idi. Biz elə də böyük olmayan büdcəmizlə hamı ilə meydanda ayaqlaşırdıq. Milyonlarla büdcəsi olan klublardan irəlidə olduq. Həmin vaxta meydana bir məqsədlə çıxırdıq – uduzmamaq. Bu, bizdə yaxşı alınırdı. Komandamızda olan özünəinam, əzmkarlıq, ruh yüksəkliyi nəticə qazanmağımıza imkan verirdi. Ancaq indiki “Olimpik”də bu yoxdur. Bəlkə də komanda ikinci “altılıq”da oynayır, medallar uğrunda mübarizə apara bilmədiyindən həmin motivasiya görünmür. Hər halda, 6-cı, yaxud 7-8-ci yeri tutmaq arasında elə ciddi fərq yoxdur.

- Ancaq nəzərə alaq ki, “Olimpik-Şüvəlan”ın avrokuboklara yeganə yolu məhz ölkə kubokundan keçir. Bu mənada komandanızla görüş onlar üçün çox əhəmiyyət kəsb edir...
- Biz bunu yaxşı başa düşürük. Rəqib avrokuboklara çıxmaq istəyir və bu mənada “Xəzər-Lənkəran”la yarımfinal oyunlarında həvəslə oynayacaq. Çempionatdan fərqli, “Olimpik”lə kubok oyunu tam başqa cür olacaq. Deyərdim ki, yarımfinal görüşləri bizim üçün çox çətin keçəcək. Buna görə də oyunlara yüksək səviyyədə hazırlaşırıq. Biz hər iki cəbhədə uğurla çıxış edib, qalib olmaq istəyirik.

Xəbər lenti