[b]Yakub Jezniçak: İtirəcək heç nəyimiz yoxdu – MÜSAHİBƏ[/b]
12.09.2017 - 00:00
[b]Yakub Jezniçak: İtirəcək heç nəyimiz yoxdu – MÜSAHİBƏ[/b]

Çempionlar Liqasının qrup mərhələsindəki ilk oyununda səfərdə “Çelsi” ilə qarşılaşacaq “Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib. Apasport.az saytı həmin müsahibəni təqdim edir.

 

- Çox çətin qrupda yer almısınız. “Qarabağ”ın indiki vəziyyətini keçənilki “Legiya” ilə müqayisə etmək olarmı?

- İndi vəziyyət daha çətindi. O zaman qrupda heç olmasa başa-baş mübarizə aparacağımız “Sportinq” var idi. Bu dəfə isə biz “Çelsi”, “Roma” və “Atletiko” ilə oynamalıyıq. Kağız üzərində bu komandalardan heç birinə qarşı şansımız yoxdur, ancaq... “Legiya” keçən il “Real”a mümkünsüz deyə bir şeyin olmadığını sübut elədi. “Qarabağ”ın əsas hədəfi Çempionlar Liqasında qrup mərhələsində oynamaq idi. Qazanacağımız hər qələbə isə bizim üçün bonus olacaq.

 

- “Çelsi”dən çəkinirsən?

- Biz heç bir komandadan çəkinmirik. Məşqçimiz də deyir ki, üzərimizdə heç bir təzyiq olmadığı üçün rahat oynayacağıq. Çünki itirəcək heç nəyimiz yoxdu. Çempionlar Liqasında oynamamaqdan qorxurdum. Hər bir futbolçunun arzusu belə bir turnirdə iştirak etməkdir. Komandamızda ancaq mənim ÇL təcrübəm var. Düşünürəm ki, komanda yoldaşlarıma müsbət enerji ötürə biləcəm.

 

- İşiniz az olacaq...

- Alvaro Morataya qarşı keçən il “Real”da olarkən çıxış etmişəm. Çox sakitəm, bilirəm ki, “Legiya”da olduğu kimi yaxşı xatirələrim olacaq. Biz onda qrupda 20-dən çox qol buraxsaq da, qətiyyən ruhdan düşmədim. Hətta “Borussiya”ya qarşı 4:8 hesabı ilə bitən oyun da mənim üçün əvəzsiz təcrübə olmuşdu.

 

- “Çelsi” – “Qarabağ” oyununa “Legiya”nın əlillərdən ibarət azarkeş qrupunu da dəvət etmisən...

- Bu, spontan yaranan ideya idi. “Legiya” “Şerif”ə məğlub olduqdan sonra ağlıma gəldi və azarkeşlərin doğma komandalarının avrokuboklardakı yoxluğunu unutdurmaq istədim. Klub prezidenti Lestnoqorski və Vandzel ilə birlikdə bu işin maliyyə tərəflərini öz üzərimizə götürdük. Yaxın gələcəkdə bu cür tədbirləri yenidən keçirməyə çalışacam. Məşqçi Avraam Qranta da təşəkkür edirəm ki, mənə 10 nəfəri seçməkdə kömək etdi. Digər 5 nəfər isə klub tərəfindən seçildi. Dediyim kimi, bu, son olmayacaq. Hər zaman “Legiya”nın və onun tərəfdarlarının yanında olacam. Onları stadionda yerləşdirmək üçün mənə “Çelsi”nin işçiləri də kömək edəcəklər, bununla bağlı söz verdilər.

 

- Çempionlar Liqasının qrup mərhələsinə çıxdığınız üçün çox mükafat aldınız?

- “Legiya”da olandan daha az idi. Puldan söhbət düşmüşkən, Polşada belə bir söz-söhbət var ki, guya bura pul üçün gəlmişəm. Ancaq aldığım maaş Varşavadakı ilə eynidi. Bu, sadəcə olaraq uzun müddətdən sonra mənim üçün yeni çağırış idi. Klubuma da minnətdaram ki, hələ 1 il müqaviləm qalmasına baxmayaraq, məni azad agent kimi buraxdı. Geriyə baxanda görmək olar ki, düzgün qərar vermişəm. Əgər iki ay əvvəl kimsə Çempionlar Liqasına qayıdacağımı desəydi, buna inanmazdım. Qısa müddətdi burda olmağıma baxmayaraq, çox xoş xatirələrim var. Dostlarım dedilər ki, “Kopenhagen”lə oyundan sonra bütün Bakı səhərə qədər bunu qeyd edib. Komandamız Bakını təmsil etməsə də, hər kəsin bizi dəstəkləməsi əla duyğudur. Bir çox adam maşınları ilə küçələrə çıxıb qalibiyyəti coşğu ilə qeyd edirdi. Paytaxta dönəndə mən də fanatların sevincinə qoşuldum, hətta onlarla rəqs etdik.

 

- Dönən kimi sizi ölkə prezidenti də qəbul etdi...

- Bəli, bu, çox xoş idi. Maraqlıdı ki, prezident bizim hər birimizlə bağlı bir neçə maraqlı məqam dedi ki, hamımızı çox yaxşı tanıdığı bəlli oldu. Mənimlə danışarkən isə ölkəmizə son səfərini xatırladı. Sonradan isə oxudum ki, o, kluba xüsusi mükafat da verib. Bu da xoş jest idi.

0