[b]Zaur Axundov Maksimovu günahlandırdı: Bütün bunlar onun səhvlərinin nəticəsidi[/b]
19.07.2018 - 23:38
[b]Zaur Axundov Maksimovu günahlandırdı: Bütün bunlar onun səhvlərinin nəticəsidi[/b]

Avropa Liqasının I təsnifat mərhələsində “Baltsan” üzərində evdə 2:1 hesablı qələbə qazanan “Keşlə” səfərdəki məğlubiyyət (1:4) ucbatından mübarizəni dayandırıb. Apasport.az saytının məlumatına görə, paytaxt klubunun prezidenti Zaur Axundov qarşılaşmadan sonra keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

 

- Hesab 2:0 olduqdan sonra hamı 3-cü qolun gələcəyinə inanırdı. Bunun üçün nə çatmadı?

- Son saniyələrdə Slavikin vurduğu top qolla nəticələnə bilərdi. Şanssızlıq oldu. 90 dəqiqə hücum edən komanda biz olduq. 7-8 yüz faizlik qol şansımız yarandı. Təbii ki, belə nəticələnməsini istəməzdik. Futbolda belə hallar olur. Biz mərhələni burda deyil, Maltada, hesab 4:1 olanda uduzduq. Özünüz də gördünüz ki, “Keşlə” rəqibdən zəif deyil. Biz bütün səhvləri Maltada etdik. Orda oyun heç olmasa 3:1 bitsəydi, burda mərhələni keçərdik. Bütün bunlar baş məşqçinin səhvlərinin nəticəsi oldu. Orda hesab 3:1 olanda da, 4:1 olanda da lazımi dəyişiklikləri etmədi. Bütün dünya futbolunda belədi ki, komanda 3-4 top buraxanda məşqçi müxtəlif dəyişiklilərə əl atır. Ancaq həmin vaxt baş məşqçi bunu etmədi. 3 topun əvəzini çıxmaq çətin idi. İkinci hissənin ortalarında da bir neçə real qol imkanları yaranmışdı. Biri qolla nəticələnsəydi, bəlkə də, başqa cür bitərdi. Artıq bununla barışmaq lazımdı.

 

- Buraxılan şanssız qoldan sonra yəqin ki, siz də pis oldunuz. Belə bir hal başınıza gəlmişdimi?

- Bəli, pis oldum. Amma belə şeylər çox olub. Futzal yığmamız Sloveniyada keçirilən Avropa çempionatının bir matçında ilk hissədə 3:0 öndə olsa da, sonda 3:5 hesabı ilə məğlub olmuşdu. 14 ildə belə şeylər çox görmüşəm. Bunlar təbii haldı.

 

- Bəs oyunun böyük hissəsini yerdə uzanaraq vaxt aparan rəqib görmüşdünüzmü?

- Feyr-pley qaydalarına əməl olunmurdu. Onlar da “Keşlə”nin motivasiyasını görürdülər. Bilirdilər ki, vaxtı uzatmasalar, onlar üçün ağır olacaq. 90 dəqiqənin 70-75 dəqiqəsində futbol oldu. 20 dəqiqəni yerdə uzanmaqla apardılar. Hesabda öndə olan komandadı, belə etmələri normaldı.

 

- Yeni baş məşqçi təyinatı olacaq, yoxsa Zaur İsmayılov bu postda qalacaq?

- Futbolçulara bir neçə günlük istirahət veriləcək. Biz də bir az özümüzə gələk. Bununla həyat, futbol qurtarmır. Yeni mövsümə hazırlaşacağıq. Az vaxt qalıb. Baş məşqçi məsələsinə də bir həftə ərzində aydınlıq gələcək.

 

- Bahodir Nasimovu gətirməyə dəyərdimi?

- Təcrübəsinə görə ona inanırıq. Hələ hazır deyil. Nə təlim-məşq toplanışında, nə də ilk görüşdə iştirak etdi. 3-4 gün məşq etdikdən sonra birbaşa oyuna çıxdı. Özünüz də bilirsiniz ki, bu, çox az vaxtdı. Bu gün onun da bacardığı 55-60 dəqiqə oldu.

 

- Yeni transferlər olacaqmı?

- Arxa xətdə bir az axsayırıq. Eyni futbolçulardı. Çalışacağıq müdafiəni gücləndirək.

0