[b]Zaur Axundovun qondarma siyahısı: şura necə formalaşdı?[/b]
14.11.2017 - 14:30
[b]Zaur Axundovun qondarma siyahısı: şura necə formalaşdı?[/b]

“Keşlə”nin də Müşahidə Şurası var imiş. Klub saytında bu haqda məlumat yer almasa da, sən demə, şura gizli fəaliyyət göstərirmiş.

 

Əslində, klub Beynəlxalq Bankdan alınıb, AFFA-ya tapşırılanda ciddi rəhbər dəyişikliyi reallaşmışdı. Əsasən bank işçilərindən ibarət olan şura da beləsə sıradan çıxmışdı. Ötən həftəyə kimi, klub rəhbərliyi yalnız şuranın yeni sədri Zaur Axundovdan və icraçı direktor Rəmiş Malıyevdən ibarət idi. Klubun rəsmi saytında hələ də şura üzvlərinin siyahısında yalnız Zaur bəyin şəkli boylanır.

 

Müşahidə Şurası ideyasının iflası haqda tənqidi yazılardan, “Keşlə”nin idarəçiliyinin Axundovun təkhakimiyyətliliyindən ibarət olmasını dəfələrlə qeyd etməyimizdən sonra problem aradan qaldırılıb. AFFA-yla məsləhətləşmələrdən sonra qondarma siyahı hazırlanıb. Şuraya seçkilərin nə vaxt keçirildiyi açıqlanmadan, birdən-birə yeni heyət formalaşdırılıb.

 

Bu gün klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovla əlaqə saxlayıb, siyahını əldə etdik. Rəmiş Malıyev onun vasitəsi ilə siyahını mətbuata ötürsə də, özü zənglərimizə cavab vermir. Təbii ki, siyahıya izahat vermək, onun necə müəyyənləşdiyini açıqlamaq lazımdı. Noyabrın 8-də kabinet məsləhətləşməsi ilə hazırlanan siyahının açıqlamasını vermək isə çox çətindi. Bu səbəbdən Malıyev danışmaqdan qorxur.

 

Görüntü xatirinə hazırlanan siyahı belədir: Zaur Axundov, Rəşad Həsənov, Asim Xudiyev, Arif Qasımov, Elmar Qafarov.

 

Cəmi 5 nəfərdən ibarət olan şurada Axundovu və Xudiyevi tanıyırıq. Asim bəy sədrlə birlikdə AFFA-da və futzal federasiyasında çalışır. Sabiq FİFA referisi ölkəmizi beynəlxalq oyunlarda da təmsil edir. Onun “Keşlə”də veteran futbolçu kimi şuraya seçildiyi aydındı, lakin “Neftçi”nin sabiq oyunçusundansa, burada “İnter”də oynamış birinin təmsilçiliyi daha məqsədəuyğun olardı. Həsənovun iş adamı olduğunu öyrənə bildik, lakin konkret fəaliyyətindən məlumatsızıq. Digər 2 nəfər haqda heç bir bilgi yoxdu (futbolinfo.az).

 

0