[b]İslamiada: "Klassiklər"imiz 8 medalla bitirdi - YENİLƏNİB[/b]
18.05.2017 - 20:23
[b]İslamiada: "Klassiklər"imiz 8 medalla bitirdi - YENİLƏNİB[/b]

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, daha 4 pəhləvanımız medallar uğrunda mübarizə aparıb.

 

Bütün idmançılarımız yarışa 1/4 final mərhələsindən start veriblər. Günün yekununda Kamran Məmmədov, Elvin Mürsəliyev və İslam Abbasov "qızıl" əldə etdiyi halda, Sabah Şəriəti bürünc mükafatla kifayətlənib.

 

İlk gündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz IV İslam Həmrəyliyi Oyunlarını ümumilikdə 8 medalla (4 "qızıl", 1 "gümüş", 3 "bürünc") başa vurublar.   

.

66 kq

Ölkəmizi bu çəkidə təmsil edən Kamran Məmmədov yarışa qələbə ilə başlayıb. Pəhləvanımız ilk rəqibi iranlı Mehdi Zeydivandı 6:0 hesabı ilə üstələyərək, yarımfinala adlayıb. Bu mərhələdə o, Mirzobek Raxmatovla üz-üzə gəlib. Məmmədov özbəkistanlı rəqibi ilə qarşılaşmada da asan qələbə (6:0) əldə edərək, finala yüksəlib. Kamran yarışdakı son rəqibi Qırğızıstan təmsilçisi Janat Kyilbayevə də aman verməyib. İdmançımız 9:0 hesablı qələbə qazanaraq, İslam Həmrəyliyi Oyunlarının qızıl medalına yiyələnib.   

 

75 kq

Avropa Oyunlarının qızıl, dünya çempionatının bürünc mükafatçısı Elvin Mürsəliyev da ilk olaraq İran idmançısı Rəsul Qarmsiri ilə üz-üzə gəlib. O, 6:1 hesablı qələbə ilə yarımfinala yüksəlib. Mürsəliyev final yolundakı son görüşündə qırğızıstanlı Kayratbek Tuqolbayevlə qarşılaşıb. Çətin keçən sınaq Elvinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Finalda isə idmançımız türkiyəli Furkan Bayraka rəqib olub. 1:0 hesablı qələbəyə sevinən Elvin Mürsəliyev aktivinə qızıl medal yazdırıb.   

 

85 kq

Yığmamızın digər üzvü İslam Abbasov da komanda yoldaşları kimi, turnirə iranlı güləşçi ilə start verib. İdmançımız Mehdi Fallah Hamidabadi ilə çətin keçən qarşılaşmada 2:1 hesablı qələbə qazanaraq, mərhələ adlayıb. Abbasov yarımfinalda Qırğızıstan təmsilçisi Azat Beişebekovdan da üstün olaraq (3:1), finalda güləşmək hüququ əldə edib. O, həlledici görüşdə türkiyəli Ali Cengizlə qarşılaşıb və 3:1 hesablı qələbə sayəsində İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb. 

 

130 kq

Yunan-Roma güləşində ən ağır çəkidəki təmsilçimiz Sabah Şəriəti digər üç pəhləvanımızdan fərqli, debütünü pakistanlıya qarşı edib. Olimpiya Oyunlarının bürünc mükafatçısı Əkrəm Musab Xan üzərində asan qələbə qazanaraq (9:0), yarımfinala adlayıb. Lakin Şəriəti bu mərhələdə məğlubiyyətlə üzləşib. O, özbəkistanlı Muminjon Abdullayevə 0:8 hesabı ilə uduzub. İdmançımız bürünc medal uğrunda görüşdə Raja Alkradla (Suriya) üz-üzə gəlib və 9:0 hesablı qələbə sayəsində aktivinə İslamiada medalı yazdırıb. 

 

0