[b]Ramin Musayev: Legioner limitinin 8+3 olmasını istəyirəm – MÜSAHİBƏ[/b]
24.01.2015 - 15:45
[b]Ramin Musayev: Legioner limitinin 8+3 olmasını istəyirəm – MÜSAHİBƏ[/b]

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi

 

- Antalyadakı bütün klubların hazırlıqları ilə yaxından maraqlanırsız. Komandaların hazırkı durumları ürəyinizcədi?

- Mənə elə gəlir ki, qış fasiləsindən sonrakı 3-4 turun ardından kimin daha faydalı hazırlıq keçdiyini demək mümkün olacaq. İndi dəqiq nəsə söyləmək olmur. Çünki hələ yüklənmə gedir. Yalnız heyətində dəyişiklik etməyən komandalar haqda fikir yürütmək olar. Məsələn, “Qəbələ”də yeni transferlər var. Onların komanda yoldaşlarına uyğunlaşmasına vaxt lazımdı. Hiss olunur ki, “Qəbələ”də fiziki çalışmalara ciddi önəm verilir.

 

- İndiki vəziyyətdə hansı komandanın hazırlığı sizi qane edir?

- Yalnız “İnter”dən razıyam. Onlardan nəsə gözləmək olar. “İnter” öz heyətini qoruyub. Düşünürəm ki, bu komanda çempionata tam hazırdı.

 

- Adətən qış fasiləsində böyük transferlər olmur...

- (Sözümü kəsir – R.S.) Əslində avrokuboklara iddia edən komandalar heyətlərini indidən qurmalıdılar. Belə olarsa, avrokubok zamanı oyunçular bir-birlərini daha yaxşı başa düşərlər. Yayda alınan futbolçuların komandaya uyğunlaşması üçün vaxt lazım olur. Bu da oyunda öz mənfi təsirini göstərir. Oyununu son izlədiyim “Qəbələ” gördüyüm qədərilə avrokuboklarda iştirak etməyi çox istəyir. Yeni transferləri də var. Amma bütün komandaların transferlərinin uğurlu olub-olmadığını üçüncü dövrənin ilk 4 turundan sonra biləcəyik.

 

- Hakimlərin də hazırlığına nəzarət edirsiz. Hakimlər çempionata nə dərəcədə hazırdılar?

- Hakim meydanda oyunçulardan çox qaçmalıdı. Hakimlərin fiziki durumları ilə bağlı işlər gedir. Bu baxımdan bir problem yoxdu. Gündə iki dəfə dərs keçilir, məşqlər, oyunlar olur. Hazırlıqdan razıyam.

 

- Növbəti mövsümdən Premyer Liqada 12 komandalı sistemin mümkünlüyündən bəhs etmişdiniz. Bu məsələdə bir yenilik varmı?

- Məşqçilər Komitəsinin üzvləri ilə bu yöndə çox söhbətlərimiz olub. Son olaraq, belə qərara gəldik ki, martda böyük bir toplantı keçirək və bu məsələni müzakirə edək. Sözsüz ki, bu məsələdə hər şey təkcə AFFA və PFL-dən asılı deyil. Birinci diviziondakı komandalardan da çox şey asılıdı. İstərdik ki, I diviziondan da 3 komanda elitaya qoşulsun. Əgər istəyi olan komandanın maddi durumu imkan versə, lisenziya ala bilsə, bu dəyişiklik mümkün olar.

 

- Komandaların sayı artırılarsa, yenidən hansısa birinin mövsümün gedişində fəaliyyətini dayandırmaq ehtimalı ortaya çıxa bilər. Bunun baş verməməsi üçün hansı tədbirlər görüləcək?

- Bununla bağlı əlbəttə ki, tədbirlər olacaq. Gələcəkdə maddi problemi olmayacaq və büdcəsini açıqlayacaq komandalar dəvət olunacaqlar.

 

- Son olaraq Türkiyədə də legioner limitində dəyişiklik edildi. Azərbaycanda gələn mövsümdən belə bir dəyişiklik mümkündümü?

- Limitin tamamilə ləğvinin yox, legioner limitinin artmasının tərəfdarıyam. Oyunçularımız məndən inciyirlər. Hərdən deyirlər ki, Ramin müəllim, bizi fikirləşmirsiz? Mən də deyirəm ki, siz də bizi fikirləşin. Məşqçilərin seçim imkanı geniş olacaq. Yerli və ya əcnəbi... Hansı yaxşı olacaq, onu da oynadacaqlar.

 

- Şəxsən siz limitin necə olmasını istərdiz?

- 8+3. Yəni minimum 3 yerli futbolçunun oynamasının tərəfdarıyam.

 

Ruslan SADIQOV / Antalya

0