[b]Elbrus Məmmədov: Görün, mən nələr çəkirəm – MÜSAHİBƏ[/b]
25.01.2015 - 00:00
[b]Elbrus Məmmədov: Görün, mən nələr çəkirəm – MÜSAHİBƏ[/b]

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Elbrus Məmmədovun apasport.az saytına müsahibəsi

 

- Antalyada keçirdiyiniz hazırlıq başa çatdı. Nəzərdə tutduğunuz planları həyata keçirə bildinizmi?

- Tam yox. Amma çox şeyə nail oldum. Komanda, futbolçular barədə mənə lazım olan məlumatı yığmışam.

 

- Komandanız toplanış çərçivəsində keçirdiyi 4 görüşün üçündə uduzub, birində heç-heçə ilə kifayətləndi. Bu uğursuz nəticəni necə xarakterizə edərdiniz: müdafiəçilərin daha gənc və  təcrübəsiz olması, yoxsa hücumçuların dişsizliyi ilə?

- Bəzi şeylər tam komanda şəklində alınmadı. Amma işimiz də bunun üzərində çalışıb, çempionatda həmin səhvləri buraxmamaqdı. Həm də müdafiə, hücum xəttinə bölmək istəmirəm, tam komanda şəklində alınmadı. Bu qarşılaşmalarda nəticə əsas deyildi. Vacib olan xətlərarası əlaqə yaratmaq idi ki, bu da oyundan-oyuna yaxşılaşırdı.

 

- Standart vəziyyətlər zamanı komanda aciz görünürdü. Müdafiəçilərin bəstəboy olması, kifayət qədər problem yaradırdı...

- Toplanış zamanı proqram üzrə çalışdıq. Amma standart vəziyyətlərin üzərində işləməmişdik. Buna bir gün ayırıb, dünən məhz bu yöndə çalışdıq. Həm səhər, həm axşam məşqində. Qısa zamanda bu problem də aradan qaldırılacaq.

 

- Heyətdəki məlum islahatlardan sonra çempionatda uğurlu nəticə qazanmağınız bir qədər çətin görünür. Gəlin razılaşaq ki, “Neftçi”, “İnter”, “Qarabağ” və “Qəbələ” kimi iddialı rəqiblərlə qarşılaşmalarda əldə edəcəyiniz qələbə sürpriz sayılacaq. Amma vaxt var idi ki, “Xəzər Lənkəran”ın məğlubiyyəti sensasiya kimi qəbul olunurdu...  

- Kim nə deyirsə-desin... Bunu zaman göstərəcək. “Xəzər Lənkəran” brenddi. Komanda həmişə qələbə üçün oynayıb. Bundan sonra da belə olacaq. Heyətin gənclərdən, yoxsa təcrübəlilərdən qurulmasından asılı olmayaraq, hər tura 3 xal üçün çıxacağıq.

 

- İslahatlarla bağlı qərar verən klub rəhbərliyi  də Antalyaya gəlib, 3-4 gün komandanın yanında oldu. Onlar sizə hansı dəstəyi verdilər?

- Rəhbərlik yayadək bu heyətdən istedadlı futbolçular çıxacağına və gələcəkdə komandada çıxış edəcəyinə inanır.

 

- Məsələn, siz rəhbərliyə neçə istedadlı futbolçu “verməlisiniz” ki, komandanın istədiyinə nail olduğu anlamına gəlsin?

- Mənə 3 futbolçu deyilib. Lakin 16 futbolçu var ki, 3 ildi onlarla çalışıram. Əlimdən gələni edəcəyəm ki, onlar arasında daha çox istedadı üzə çıxarım. Rəhbərlik isə 3 nəfərə də razıdı.

 

- Zədəli futbolçularınız Orxan Sadıqlı, Rasim Ramaldanov, İlqar Ələkbərov, Ruslan Cəfərovun durumu necədi?

- Onların özləri ilə də, həkimləri ilə də daim əlaqə saxlayırıq. Hazırda müalicə olunurlar. Arzu edirəm ki, tezliklə sıralarımıza qayıtsınlar.

 

- Zədəlilərdən üçü müdafiəçidi. Ümumiyyətlə, arxa xəttə təcrübəli futbolçu lazımdı. Bu mənada komandanıza faydalı ola biləcək Adrian Skarlatake ilə bağlı nə deyə bilərisiz? Son günlər onunla bağlı xeyli təzadlı xəbərlər yayılıb...

- Skarlatakenin qalmağını çox istərdim. Gedənlərin də hamısını tanıyıram, böyük hörmətim var.  

 

- Alfred Sanko toplanışın əvvəlində məşqlərdə can yandırmırdı. Oyunlarda da bu başdansovduluq hiss edilirdi...

- Onu yerinə mən də olsaydım, eyni duruma düşərdim. Komandanın 90 faizi gedib. Orxan Sadıqlı, Ağabala Ramazanovu da yaşlarının az olmasına baxmayaraq, təcrübəlilər sırasına daxil etsək, cəmi 7 nəfər qalıb. Sanko və ya başqası da olsa, eyni duruma düşərdi ki, alınacaq, ya yox. Çünki futbolçu da oyundan başqa, cibini də düşünür. Amma son günlərdə, son matçlarda fərqli təsir bağışlayır, həm can yandırır, həm başa düşür. Oyundan-oyuna da yaxşı çıxış edir. İlk görüşlərdə isə nə isə alınmırdı.

 

- Əvəzedici heyətdən dəvət etdiyiniz futbolçulardan eləsi oldu ki, onun komandaya xeyir verə bilməyəcəyi ilə artıq razılaşmısınız?

- Elələri var. Onların potensialını mən bilirəm. Bəziləri bunu göstərə bilmir. Müəyyən amillər, məsələn, çəkinmələri, qorxuları var. Çünki səhv eləməkdən qorxurlar. Futbolçu da səhvdən qorxursa, səhv edəcək. Belə olmasa, irəliləyiş də çox olar.

 

- Keçirdiyiniz yoxlama oyunlarında sizi razı salan nə oldu?  

- Kollektivdə mehribançılıq, bir-birinə dəstək. Birinci məqsədim də bu idi ki, kollektiv yaradım. Oyun üslubu isə sonrakı işdi. Şükür Allaha ki, buna da nail olub kollektiv yaratdıq. Başda komandanın kapitanı Rahid Əmirquliyev olmaqla, təcrübəli futbolçulardan razıyam ki, bu işdə kömək etdilər. Mehriban kollektiv yaratmaq üzrəyik.

 

- Məşqçilər Komitəsinin üzvləri, Robert Prosineçki başda olmaqla, millinin məşqçiləri Antalya toplanışında klubların hazırlıqlarını izlədilər. Onlar “Xəzər Lənkəran”ın hansı futbolçusu ilə yaxından maraqlandılar? Və ya siz onlara kimisə tövsiyə etmisizmi?

- Təkcə əsas yığmaya deyil, U-21-ə - baş məşqçi Yaşar Vahabzadəyə də məsləhət görmüşəm. Yunis Hüseynovla birlikdə onlara öz məsləhət gördüyümüz oyunçuları demişik.

 

- Kimləri məsləhət görmüsüz?

- Ad çəkmək istəmirəm. Amma Tərlan Qasımzadəni qeyd edəcəm. Onu U-21-ə tövsiyə etmişəm. Bəhruzu da, demək olar ki, hamısını demişəm.

 

- Keçirdiyiniz hər yoxlama oyunundan sonra hansısa futbolçunuz zədə alır...

- Görün, mən nələr çəkirəm. Özü də, eyni mövqedə çıxış edənlər xəsarət alır.  

 

- Deməli, “Taraz”la bu günə planlaşdırılan matçın keçirilməməyi də zədələrin artmasından ehtiyatlanmağınızla bağlıdı?

- Futbolçuların bundan artıq zədələnib, sıradan çıxmasını istəmirəm. Rumınlarla görüşdən əvvəl xahiş etdim ki, yavaş oynayaq, aqressivlik olmasın.

0