Rəşad Eyyubov azarkeşlərə səsləndi: Bizdən ilk 3 pillə uğrunda mübarizə gözləyin
26.01.2015 - 12:40
Rəşad Eyyubov azarkeşlərə səsləndi: Bizdən ilk 3 pillə uğrunda mübarizə gözləyin

“Antalya toplanışı yaxşı keçdi. Məşqlərlə yanaşı, 5 yoxlama oyununda qüvvəmizi sınadıq. Bu görüşlərin önəmi böyükdü. Çünki çempionata hazırlıq məqsədi daşıyır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq”un gənc futbolçusu Rəşad Eyyubov deyib.

 

Komandasının Topaz Premyer Liqasının ikinci hissəsinə hazırlıq prosesini dəyərləndirən 23 yaşlı hücumameyilli yarımmüdafiəçi iddialı danışıb: “Toplanış zamanı son 2 yoxlama oyunu daha önəmli olur. Çünki ilk matçlarda fiziki hazırlığa üstünlük verildiyi halda, son görüşlər sırf çempionat matçına hazırlıq xarakteri daşıyır. Mən hazırlıqdan razı qaldım. Azarkeşlərimiz bizdən ilk 3 pillə uğrunda mübarizə gözləsinlər. Çempionatın startından qarşımıza Avroliqada oynamaq missiyası qoymuşuq”.

 

“Simurq” qış fasiləsindən sonra ilk matçını “Xəzər Lənkəran”a qarşı keçirəcək. Eyyubovun sözlərinə görə, onları çətin oyun gözləyir: “Biz bütün matçlara eyni qaydada hazırlaşırıq. Rəqibin hazırkı durumu bizi maraqlandırmır. “Xəzər Lənkəran”la oyun asan keçməyəcək. 11 futbolçu digər 11 oyunçuya qarşı mübarizə aparacaq. Bu mənada, şanslar bərabərdi. Kim qələbəni daha çox istəyəcəksə, o da qalib gələcək. Bəxt güclünün üzünə gülür”.

 

Robert Prosineçkinin Antalyadakı klublarımızın hazırlığını izləməsinə də toxunan Eyyubov bundan məmnun olduğunu bildirib: “Prosineçki gəlib, bizim oyunlara da baxdı. Bu, çox müsbət haldı və yerli futbolçulara əlavə motivasiya verir. Düzdü, heç birimizlə danışığı olmadı. Amma bu o qədər də vacib deyil. Əsas odu ki, bizi izləyir”.

0