Ekiqo Ehiosun: Bu, möcüzə deyil - MÜSAHİBƏ
26.01.2015 - 15:31
Ekiqo Ehiosun: Bu, möcüzə deyil - MÜSAHİBƏ

“Qəbələ”nin hücumçusu Ekiqo Ehiosunun apasport.az saytına müsahibəsi

 

- Toplanış artıq başa çatmaq üzrədi. Komandanı çempionata hazır saymaq olar?

- Hazırlığımız hələ davam edir. Komanda yaxşı durumdadı. Düzdü, yoxlama görüşlərinin bir önəmi olmur. Ancaq bizim get-gedə daha yaxşı durumda olduğumuz hiss olunur. Heyətdə yeni futbolçular var. Onların da uyğunlaşma dönəmi demək olar ki, başa çatıb.

 

- Yeni baş məşqçi həm də yeni taktika deməkdi. Komanda Roman Qriqorçukun istədiyi taktikaya uyğunlaşıb?

- Sizin də qeyd etdiyiniz kimi, başqa taktikada çıxış edəcəyik. Futbolda buna on gündə uyğunlaşmaq mümkün deyil. Hazırda bu yöndə işlər gedir. Bizə müəyyən zaman lazımdı. Amma deyə bilərəm ki, bu mərhələdə çox yol qət etmişik. Şəxsən mən özümdə yeni taktikaya uyğunlaşmanı hiss edirəm.

 

- Yeni transferlər oldu, xüsusən də, ön xəttə. Bir hücumçu kimi yeni həmkarlarınız barədə nə deyə bilərsiz?

- Hamısı baş məşqçinin tanıdığı futbolçulardı. Ölkələrində də kifayət qədər tanınmış simalardı. Həm Qay, həm də Fomin yüksək səviyyəli futbolçulardı. Onların komandanın gücünə güc qatacaqlarına inanıram.

 

- “Qəbələ”nin hazırkı heyətini mövsümün əvvəlindəki heyətdən güclü saymaq olarmı?

- Bu suala cavab vermək hələ tezdi. Bunun cavabı ikinci yarının startından sonra veriləcək. “Qəbələ” mövsümün əvvəlində də heyətlə bağlı problem yaşamayıb, indi də yaşamır. Hazırda hər mövqedə ən azı iki yüksək səviyyəli futbolçu var. Buna klubun öz yetirmələri olan gəncləri də əlavə etsək, necə geniş heyətimizin olduğu görünür. Komanda daxilindəki rəqabət inkişaf deməkdi. Belə olanda da uğur qazanmaq daha da asanlaşar.

 

- Cari mövsümü ilk “dördlük”də bitirəcək, avrokuboklara vəsiqə qazana biləcəksinizmi?

- Biz ilk “dördlüy”ə düşməklə kifayətlənmək istəmirik. Hədəfimiz ilk “üçlüy”ə düşüb, yenidən avrokuboka vəsiqə qazanmaqdı. Fikrimcə, bu, heç də möcüzə deyil. Mövsümün sonuna hələ 18 tur qalır. Bizi isə ilk “üçlük”dən cəmi 7 xal ayırır. Biz bu fərqi aradan qaldıracaq gücdəyik. Üstəlik, ölkə kubokunda da mübarizəni davam etdiririk. Kuboku da qazanmaq istəyirik.

 

Ruslan SADIQOV / Antalya

0