[b]Rəşad Sadıqov: İlk yarının yorğunluğu hələ də üstümüzdədi[/b] - MÜSAHİBƏ
30.01.2015 - 11:37
[b]Rəşad Sadıqov: İlk yarının yorğunluğu hələ də üstümüzdədi[/b] - MÜSAHİBƏ

“Qarabağ”ın və Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

 

- Təlim-məşq toplanışına hamıdan gec başlayıb, gec də bitirəcəksiniz. Bunun komandaya nə kimi təsiri olacaq?

- Bunu çempionat göstərəcək. İndidən nəsə demək çətindi. Amma onu bilirəm ki, istirahət etmək üçün vaxtımız oldu. Mövsümün ilk yarısındakı yükləmələrdən sonra dincəlməsəydik, bunun zərərini görərdik. Komanda 20 gün tam istirahət edə bildi. Digər tərəfdən yeni ilin ilk turunu buraxmağımız işimizi bir qədər çətinləşdirə bilər. Çünki əksər komandalar həmin vaxt artıq öz tempində olacaqlar. Biz də toplanışı yüksək səviyyədə keçirik ki, bunun hiss olunmasına imkan verməyək.

 

- Avrokubokun yükünü tamam üzərinizdən atmısınız?

- Bəli, artıq bunu unutmuşuq. Çalışırıq yalnız çempionat oyunlarına köklənək. İlk yarıda çox yükləmə oldu, yorulduq. İndiyə qədər heç vaxt belə proqramla oynamamışdıq. Düzdü, hazırlıqda bir az çətinlik çəkirik. Artıq ağır məşqlər keçirik. Bu üzdən bərpa prosesi çətin gedir. Çünki ilk yarının yorğunluğu hələ də üstümüzdədi. İnşallah, vaxt keçdikcə hər şey qaydasına düşər.

 

- Klublar adətən toplanış zamanı öncə nisbətən zəif rəqiblə yoxlama görüşü keçirir, sonra güclü komandalarla qarşılaşırlar. Sizin bütün rəqiblərinizin güclü olması bərpa prosesinin zəif getməsinə səbəb ola bilərmi?

- Bayaq da qeyd etdiyim kimi, çox ağır qrafikdən çıxmışıq. Məşqçilər bildirdilər ki, özümüz güclü rəqiblər seçmişik ki, tempi saxlaya bilək. 2-3 gündən bir oyun keçiririk. Məşqçilərimiz ilk dövrədəki ritmdən düşməyimizi istəmirlər. Bu, onların qərarıdı. Əvvəllər 4-5 gündən bir oyun keçirib, çıxıb gedirdik. Amma indi həm oyunlar, həm də məşqlər ağır keçir. İlk dövrədəki kimi, qış toplanışı da bizim üçün sıx qrafikdə keçir.

 

- Sıx qrafikə baxmayaraq, ilk yarıda Premyer Liqanı lider kimi tamamladınız. Bundan sonra işinizin daha asan olacağını düşünmək olar?

- Tam əksinə. İlk dövrədə avroliqada iştirak edirdik, qələbələr qazanırdıq. Ardıcıl uğurlu çıxış əhval-ruhiyyəni də yaxşı saxlayırdı. Çempionatda da eyni tempi qoruyurduq. Həm də bizim çempionatda tarix boyu ikinci dövrə ağır keçib. Çünki klubların yay transferləri həmin vaxt artıq heyətə tam uyğunlaşırlar. Qış hazırlığını da yüksək səviyyədə keçirlər. Yəni, bundan sonrakı dönəmdə müsbət nəticə əldə etmək daha çətin olacaq.

 

- Mövsümün qalan hissəsində “Qarabağ”dan nə gözləmək olar?

- Bəri başdan proqnoz vermək doğru olmaz. Rəqiblər çox güclüdü. “Qəbələ” çox yaxşı heyət yığıb. İlk dövrədəkindən daha güclüdülər. “İnter” yaxşı formadadı. “Neftçi” yerli transferlərlə daha da gücləndi. “Simurq”, “Sumqayıt”, “Bakı”, “Xəzər Lənkəran” və AZAL-ı da unutmuruq. Məsələn, biz “Bakı” ilə görüşdə xal itirmişdik. Bir sözlə, çempionatımızda zəif komanda yoxdu və xallar qazanmaq bizim üçün çətin olacaq.

 

- Çempionluq yolunda əsas rəqib kimi hansı komandanı hesab edirsiniz?

- Heç kimin xətrinə dəymək istəmirəm. Mövsüm başlayanda hər bir komandanın şansı olur. Amma artıq turnir cədvəlinə görə, “Neftçi”, “İnter” və “Qəbələ”ni əsas rəqiblər saymaq olar. “Simurq”un da sona qədər bu mübarizənin içində olacağını düşünürəm. “Xəzər Lənkəran”da islahatlar olmasaydı, bu komanda da namizədlərimdən biri olacaqdı. Ancaq o demək deyil ki, indi zəif oynayacaq. Bəlkə bu dəyişiklik onlara daha yaxşı təsir edəcək.

 

Ruslan SADIQOV

0