[b]Əsri yarılayan Yunis Hüseynov: Öz aramızdı, ad günündə badımcan dolması bişirməzlər[/b] - YUBİLEY
01.02.2015 - 00:00
[b]Əsri yarılayan Yunis Hüseynov: Öz aramızdı, ad günündə badımcan dolması bişirməzlər[/b] - YUBİLEY

Fevralın 1-i Azərbaycan futbolunun ən tanınmış simalarından biri, hazırda “Xəzər Lənkəran” klubunun idman direktoru olan Yunis Hüseynov üçün əlamətdar gündü. “Neftçi”, “Kəpəz”, həmçinin millinin keçmiş yarımmüdafiəçisi 50 yaşını tamamlayır. Əsri yarılayan Hüseynov apasport.az saytına yubileyi ilə bağlı müsahibə verib.

 

“Vatsappdı, Skaypdı nədi, heç bilmirəm nə olan şeydi”

 

- Öncə sizi ad gününüz münasibətilə təbrik edirik...

- Sağ olun, minnətdaram. 

 

- Təbrikləri üzbəüz qəbul etməyi xoşlayırsız, ya telefonla, internetlə?

- Mənim internetdən başım çıxmır. Vatsappdı, Skaypdı nədi, heç bilmirəm nə olan şeydi (gülür). Üzbəüz və zənglə olan təbrik daha yaxşıdı.

 

- 50 yaş insan həyatında ən yaddaqalan yaşlardan biridi. Yubileyinizi təmtəraqlı şəkildə qeyd edəcəksizmi?

- Xeyr. Açığı, heç vaxt yaddaqalan ad günü keçirməmişəm. Marağım olmayıb.

 

 

“Yaddaqalan ad günüm olmayıb”

 

- Yaşınızın artmasından, qocalmaqdan qorxduğunuz üçün keçirməmisiz, ya necə?

- Qocalmağa görə yox. Sadəcə, sevməmişəm elə şeyləri. Təmtəraqlı ad günü keçirmək məndən uzaq olub. Yaddaqalan ad günüm olmayıb. Adətən ailədə, evimdə olmuşam. Düzdü, ad günümdə plov bişirirlər (gülür). Amma evə 50-60 nəfər qonaq çağırım, elə şey olmayıb. İndi də ənənəni pozmayacam. 50 illiyimi də o dərəcədə keçirmək fikrim yoxdu. Düzdü, dost-tanışlarla, yaxın adamlarla qeyd edəcəyik.  

 

- “Neftçi” rəhbərliyi Nazim Əliyevin 50 illiyini təmtəraqlı şəkildə qeyd etmişdi. Elə bir təklif “Xəzər Lənkəran” rəhbərliyi tərəfindən sizə olubmu?

- Əlbəttə, klub rəhbərliyi mənə belə təklif edib. Əsas odu ki,  təbrik ediblər, sağ olsunlar. Amma Yunis Hüseynov AFFA-da heç kimin, eləcə də jurnalistlərin  yadına düşmədi...

 

- Ad gününüz “Xəzər Lənkəran”ın “Simurq”la keçirəcəyi oyun gününə təsadüf edib. Yəqin ki, ad gününüzü matçdan sonraya saxlamısız...

- İnşallah, futbolçularımız məni qələbə ilə təbrik edərlər. Bu, mənim üçün ən gözəl hədiyyə olar.

 

- Ad gününüzdə sizə verilən ən yaddaqalan hədiyyə hansı olub?

- Desəm ki, mənə həmişə hədiyyələr verilib, yalan olar. Daha çox hədiyyəni ailədə alıblar. Ətirləri çox sevirəm. Buna görə də, ailə üzvlərim həmişə ətir alıb. Amma demişəm ki, almayın, heç o da lazım deyil (gülür). Ad gününü adi bir gün kimi sayıram. Heç vaxt düşünməmişəm ki, sabah ad günümdü, görəsən kim nə hədiyyə edəcək?

 

“Deyirəm ki, alırsansa, ancaq ətir al”

 

- Yəqin ki, əsas hədiyyəni həyat yoldaşınızdan gözləyirsiz...

- Həyat yoldaşım həmişə hədiyyə alıb. Amma həmişə də demişəm ki, lazım deyil. Nə qədər desəm də, yenə alır (gülür). Deyirəm ki, alırsansa, ancaq ətir al. Başqa şey alacaqsansa, heç nə lazım deyil.  

 

- Heç olubmu ki, Aynur xanım (Yunis Hüseynovun yoldaşı, beynəlxalq qrossmeyster Aynur Sofiyeva – T.M) sizə ad gününüzdə şahmat hədiyyə etsin?

- Şahmatımız var da. Evdə şahmat lövhələri çoxdu (gülür).

 

- Həyat yoldaşınızın hansısa gedişi qarşısında mat qalmısızmı?

- Yaxşı sualdı. Düzdü, Aynur xanım qabağı görən insandı. Bizim ailəmiz elədi ki, hər bir işi görəndə bir-birimizlə məsləhətləşirik. Bu, mütləq lazımdı. Bir-birimizə hörmətimiz var. O ki qaldı sualınıza, elə şey olmayıb.

 

“Şahmatçı futbolçudan ağıllı olur”

 

- Tam səmimi cavab gözləyirik: Şahmatçı daha ağıllı olur, yoxsa futbolçu?

- Əlbəttə ki, şahmatçı. Əsasən də uzaqgörən olur. Çünki gedişləri yaxşı bilir. Həqiqətən də, şahmatçı çox ağıllıdı. Bir də hər güclü kişinin arxasında ağıllı qadın dayanır. Həyat davam edir, onu yaşamaq lazımdı.

 

- 50 illik həyatınızı istədiyiniz kimi yaşaya bilmisizmi?

- Əlbəttə. Allaha şükür olsun ki, hələ yaşayırıq. Ailəm, uşaqlarım var, xoşbəxtəm. Övladlarım təhsil alırlar, savadlıdılar. İnsana nə lazımdı? Xoşbəxtlik. O da var, çox şükür.

 

- Geriyə boylananda hansısa addımınıza görə peşmanlıq hissi keçirirsinizmi?

- Anam dünyasını dəyişəndə... Sağlığında son dəfə anamla görüşə bilmədim. Yolda idim. Nə qədər tələssəm də, anamın son sözlərini eşitmək mənə qismət olmadı. Ən çox buna yanıram. Bu, ürəyimin başında bir damğa kimi qalıb. Bir də 1988-ci ildə olimpiya çempionu olmaq imkanım vardı. Lakin o vaxt Azərbaycandan mənim qarşımı kəsdilər. Halbuki, həmin vaxt SSRİ yığmasının heyətinə düşüb, olimpiadaya getməli idim.  

 

- Yarım əsr ərzində itirdikləriniz çox olub, ya qazandıqlarınız?

- Qazandıqlarım o olub ki, futbolçu kimi tanınmışam. Yekəxanalıq çıxmasın, bir az iz qoymuşam. Qlobal şəkildə itirdiklərim isə olmayıb.

 

- Özünüzə nə qədər ömür arzu edərdiniz?

- Hamı istəyər ki, çox yaşasın. Özümə arzum odu ki, nə qədər ayaq üstə olacağamsa, Allah mənə o qədər ömür qismət eləsin. Heç vaxt yataq xəstəsi olmaq istəməzdim. Çünki onda özün də əziyyət çəkirsən, başqalarına da əziyyət verirsən. Öləndə də ayaq üstə öləsən, heç kimə əziyyət verməyəsən. Allaha qurban olum, hər kəsin taleyi bir cür yazılır. Elə insanlar olur ki, əziyyət çəkə-çəkə ölürlər. Belə ölümü heç kimə arzulamıram, o cümlədən də özümə.

 

 

“Artıq 50 yaşım var, bundan sonra nə hədəf?”

 

- Ömrünüzün qalan hissəsində hədəfiniz nələrdi?

- Artıq 50 yaşım var, bundan sonra nə hədəf? Ömrümü futbola həsr eləmişəm, futbolla da davam edəcəm. Allah nə qədər ömür veribsə, canla-başla işləyəcəm. İş hədəfim odu ki, futbolun içində olum.

 

- 50 yaş insanın məsləhət verən dövrü deməkdi. Ağsaqqallıq etməyi xoşlayırsızmı?

- Yox. Məsləhəti istəyənə, ehtiyacı olana verərəm. Təbii ki, söhbət bildiyim işdən gedir. Bilmədiyim iş barədə heç kimə məsləhət verə bilmərəm. Elə xasiyyətim yoxdu ki, özümü böyük kimi aparım.

 

- 50 ildə görüşmək arzusunda olduğunuz, amma hələ də görüşə bilmədiyiniz insan varmı?

- Elə şeyin arzusunda olmamışam. Futbolçular adətən iddialı, ulduz oyunçulara oxşamaq istəyirlər. Tam səmimi deyirəm, məndə elə şey olmayıb. Arzusunda olmamışam ki, kiməsə çatım və ya özümü kiməsə bənzədim. Həmişə özüm olmaq istəmişəm, özüm kimi də qalıram.

 

- Rasim Ocaqovun “Ad günü” filminə yəqin ki, baxmısız. Filmin baş qəhrəmanının düşdüyü vəziyyət heç başınıza gəlibmi?

- (Gülür). Baxmışam. Orda ad gününü qeyd edən şəxs qonaqları evinə çağırır, amma sonra yatıb qalır (gülür). Yox, elə şey başıma gəlməyib. Ad günlərimdə adətən ailəmin içində olmuşam. Yoldaşım və uşaqlarımla keçirmişəm, plov yemişik.

 

“Öz aramızdı, ad günündə badımcan dolması bişirməzlər”

 

- Belə başa düşdüm ki, ən xoşladığınız yemək plovdu...

- Ən xoşladığım yemək badımcan dolmasıdı. Amma öz aramızdı, ad günündə badımcan dolması bişirməzlər (gülür). Həm də mənim doğum günüm qış fəslinə təsadüf edir, ona görə də badımcan dolması bişirə bilmirlər.

 

- Futbolçu, məşqçi həyatı elədi ki, çox vaxt evdən kənarda olur. Yəqin ki, sizin də doğum gününüzü ailədən kənarda keçirdiyiniz vaxtlar olub...

- Bəli, olub. Antalyada keçirmişəm. “Karvan”da işlədiyim vaxtlar komanda ilə birgə təlim-məşq toplanışında olmuşuq. Səhv etmirəmsə, 3 dəfə Antalyada qeyd etmişəm. Tort kəsilib, təbrik ediblər.

 

- Kim sizin ad gününüzü təbrik etsə, təəccüblənərsiz?

- (Bir qədər düşünür...).

 

- Məsələn, Kaxaber Sxadadze...

- Mən onunla pis münasibətdə olmamışam. Düzdü, 1-2 dəfə soyuq müharibəmiz yaranıb (gülür). Amma ümumi götürsək, normal münasibətdə olmuşuq. İnandırım sizi, Sxaxadze eşitsə, təbrik edər.  

 

Tengiz MƏMMƏDOV

Şəkillər “Xəzər Lənkəran” klubunun “facebook” səhifəsindən götürülüb. 

 

0