[b]“Qarabağ”ın yeni transferinin Bakıya gələcəyi tarix məlum oldu[/b]
27.02.2015 - 09:57
[b]“Qarabağ”ın yeni transferinin Bakıya gələcəyi tarix məlum oldu[/b]

“Qarabağ”ın heyətinə qatmağa hazırlaşdığı Dani Kuintananın Azərbaycana gələcəyi tarix bəlli olub. Apasport.az saytının məlumatına görə, ispaniyalı hücumçu sabah paytaxtımızda olacaq.

 

“Qarabağ”ın “Qəbələ” ilə XXIV tur matçını tribunadan izləməsi gözlənilən 28 yaşlı futbolçu ardından rəhbərliklə danışıq masası arxasında əyləşəcək. Onun ilkin razılığı çoxdan alınıb. Qalır son dəfə görüşmək və rəsmi müqaviləyə qol çəkmək. Kuintananın Ağdam klubu ilə 3 illik müqavilə bağlaması gözlənilir.

 

Lakin “Valensiya”nın yetirməsi bu mövsüm baş məşqçi Qurban Qurbanovun ixtiyarında olmayacaq. Çünki futbolçu cari mövsümdə artıq iki klubun – “Yagelloniya” və “Əl-Əhli”nin formasını geyinib. Bununla belə, Dani “Qarabağ”a uyğunlaşmaq üçün mövsümün sonuna qədər məşqlərini komanda ilə birgə edəcək.

 

Qeyd edək ki, tam adı Daniel Kuintana Sosa olan ispaniyalı hücumçu eyni zamanda yarımmüdafiənin mərkəzində və cinahlarında da oynamağı bacarır.

0